Ana dilimizin hamisi: Bizi birləşdirən ən böyük dəyər

Ana dilimizin hamisi: Bizi birləşdirən ən böyük dəyər
  27 Aprel 2021    Oxunub:6647
Dil ünsiyyət vasitəsi olmaqla yanaşı, bir xalqın milli kimliyi, tarixi keçmişi və gələcəyidir. Hər bir dili yaşadan onun xalqıdır. Dilini itirən xalq məhvə məhkumdur.
Azərbaycan xalqı uzun illər müxtəlif təzyiqlərə məruz qalmasına, 70 illik SSRİ-nin tərkibində olmasına baxmayaraq, öz dilinə sahib çıxaraq qoruyub. Məhz bu xalqın görkəmli nümayəndəsi, dahi şəxsiyyət, ümumilli lider Heydər Əliyevin səyi və təşəbbüsü ilə 1978-ci il aprelin 27-də Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi yazılıb.

“Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir” - deyən Ulu öndər dil məsələsində öz mövqeyini hər zaman çox cəsarətlə, qətiyyətlə bildirib. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən çıxışında xüsusi olaraq vurğulayıb ki, “Konstitusiya vətəndaşlara təhsil hüququ verib. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur”.



Bu, əslində ana dilimizin dövlət dili statusunu qorumaq məqsədi güdürdü. Dil, həm də, çətin tarixi-siyasi dövrlərdə millətin varlığını sürdürməsi üçün əsas vasitədir. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir.

1970-ci illərin ortalarından başlayaraq sovet respublikalarının yeni konstitusiyaları hazırlanırarkən orada dil məsələsi əksini tapmırdı. Bu konstitusiyalar SSRİ Konstutisiyası üçün baza rolunu oynamalı idi və faktiki olaraq oynayırdı. Rus dilinin hüquqlarının genişləndirilməsi ilə əlaqədar “vahid dil” siyasəti daha geniş şəkildə təbliğ olunurdu. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq çox riskli və qorxulu idi. Lakin ulu öndər Heydər Əliyev ana dilinin dövlət dili olmasına çalışır və mübarizəsini davam etdirirdi. Dövlət dili uğrunda aparılan ardıcıl mübarizə nəticəsində Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olması məsələsi həll olunurdu. Beləliklə, Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dili dövlət dili statusu alır. Sovetlər dönəmində belə addımı atmaq böyük cəsarət və qətiyyət tələb edirdi.



Azərbaycan dilini sevən, ona hörmətlə yanaşan Ümummilli lider Heydər Əliyevin dilə münasibəti hər kəsə örnək idi. O, bununla gələcək müstəqil dövlətçiliyin milli atributlarından birini məharətlə qorumuşdu. Ulu öndər deyirdi: “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”.

Azərbaycan dilinin inkişafını daim diqqətdə saxlayan, dilçi alimlərə yüksək diqqət və qayğı göstərən Heydər Əliyev 1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıdandan sonra da dil məsələsini xüsusi diqqətdə saxlayırdı.



1995-ci ildə referendumla qəbul olunmuş Konstitusiyanın 27-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Ana dilinin böyük təəssübkeşi olan Heydər Əliyev onun inkişafı və qorunması üçün bir-birinin ardınca fərmanlar imzaladı, qanunlar qəbul etdi.

Ulu öndərin 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman tarixi əhəmiyyət daşıyan böyük siyasi hadisə idi. Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı. Bütün dövlət və qeyri-hökumət təşkilatlarında, indiyə qədər Azərbaycan dilindən istifadə etməmiş qurumlarda dövlət dili bərqərar edildi, eləcə də, latın qrafikasına keçid prosesi başa çatdırıldı.

Bundan əlavə, Ulu Öndər Heydər Əliyevin 2001-ci ildə imzaladığı Sərəncama əsasən avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

“Azərbaycan Respublikasında dövlət dili haqqında” 2002-ci il 30 sentyabr qanunu Ulu Öndərin Azərbaycan dilinə böyük diqqət və qayğısını göstərir. Bu sənəddə qeyd edilir ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.



Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilk İnstitunun direktoru Möhsün Nağısoylu Azvision.az-a bildirib ki, Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyev ana dilinin böyük qayğıkeşi və hamisi olub.

“Ulu Öndər istər hakimiyətinin birinci dövründə, istərsə də qurucusu olduğu müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi dönəmdə dövlət quruculuğu siyasətində hər zaman ana dilimizə böyük diqqət və qayğı göstərib. Ümummilli lider hər zaman deyirdi ki, dil məsələsi birbaşa azərbaycançılıq məfkurəsi ilə bağlıdır”.

Ulu öndərin Azərbaycan dilinin inkişafına, qorunub saxlanmasına verdiyi xüsusi dəyər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

M.Nağısoylunun sözlərinə görə, Prezident İlham Əliyevin dilimizlə bağlı çoxsaylı sərəncamları arasında 9 aprel 2013-cü il tarixli Sərəncamla təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı xüsusi qeyd etmək olar.

“Bu Dövlət Proqramı dilimizin inkişafı ilə bağlı geniş imkanlar açır. Həm dilimizin, həm də dilçiliyimizin inkişafı üçün böyük imkanlar yaradır. Təkcə 2018-ci ildə ölkə başçısı dilimizlə bağlı iki Sərəncama imza atıb. Onlardan biri Azərbaycan dilinin elektron məkanda tətbiqi işinin yaxşılaşdırılması, ikincisi isə dilimizin saflığının qorunması məsələsidir. Burada Azərbaycan Respublikasının Dövlət Dili Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması nəzərdə tutulub. Hazırda həmin Monitorinq Mərkəzi fəaliyyət göstərir”.



2021-ci ilin yanvar ayının 5-də Prezident İlham Əliyev Mədəniyyət naziri Anar Kərimovu videoformatda qəbul edərkən ana dili məsələsinə toxunaraq mühüm tapşırıqlar verib: “Əsrlərboyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir".

Bundan əlavə, Prezidentin Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyi ilə bağlı keçirilən tədbirdəki çıxışında səsləndirdiyi bu sözləri xatırlatmaq yerinə düşər: “Bizim dilimiz o qədər zəngindir ki, tarixi kəlmələrə ehtiyac yoxdur".

Bu gün dünyanın müxtəlif yerlərində yaşayan 50 milyondan çox azərbaycanlı harada olmasından asılı olmayaraq, öz doğma ana dilində danışır, dilimizi unutmur və uturdurmur. Ulu öndərin qeyd etdiyimi kimi, hər bir azərbaycanlı ana dili ilə fəxr edir. Çünki ana dilimiz xalqımızın varlığı, milli-mədəni sərvətimizdir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Azərbaycan-dili   Ümummilli-lider   Heydər-Əliyev   Prezident   İlham-Əlyev  





Xəbər lenti