Azərbaycanın strateji uğuru: Möcüzə reallığa çevrildi

Azərbaycanın strateji uğuru:  Möcüzə reallığa çevrildi
  12 Fevral 2021    Oxunub:9003
Azərbaycan uzun illərdir ki, yalnız regional deyil, dünya miqyasında da əhəmiyyətli layihələrin təşəbbüskarı kimi çıxış edir. İndiyədək ölkəmiz tərəfdaşları ilə birlikdə bir neçə qlobal, meqalayihələri uğurla icra edib. Belə layihələrdən biri Cənub Qaz Dəhlizidir.
Bu nəhəng layihə Azərbaycanla yanaşı Avropa regionu, xüsusən Balkan ölkələri üçün strateji əhəmiyyətə malikdir. Azərbaycan qazının yeni müştəriləri - Albaniya və digərləri yaxın gələcəkdə Xəzərdən gedən təbii qaz sayəsində enerji təhlükəsizliklərini təmin edəcəklər.

Avropa ilə bərabər Cənubi Qafqaz regionu üçün də xüsusi əhəmiyyət kəsb edən Cənub Qaz Dəhlizinin uğurla reallaşdırılmasında bütün iştirakçıların vahid komanda şəklində fəaliyyətinin böyük rolu danılmazdır. Hələ ötən ilin fevral ayında Prezident İlham Əliyev çıxışı zamanı bildirmişdi ki, Cənub Qaz Dəhlizi layihəsinin üzv ölkələrindən ibarət bu nadir tərkib ümumi amalın ölkələri birləşdirə biləcəyini nümayiş etdirir.

Ölkə başçısı dünən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasında çıxış edərək, bir daha layihənin əhəmiyyəti barədə danışdı, bir sıra vacib mesaj və fikirlər səsləndirdi:

“Şadam ki, bugünkü iclasda iştirak edən ölkələrin sayı əvvəlkindən artıqdır. Hazırda burada 18 ölkə, 19 şirkət və 5 aparıcı beynəlxalq maliyyə təsisatı iştirak edir. Biz vahid komanda olaraq çalışırıq və hesab edirəm ki, bu bizim uğurumuzun başlıca səbəbidir”.

Prezident, həmçinin vurğuladı ki, Cənub Qaz Dəhlizi layihəsinin sonuncu seqment olan TAP-ın yekunlaşdırılması tarixi nailiyyətdir.

Ümumiyyətlə, Cənub Qaz Dəhlizi layihəsi unikallığı ilə seçilir. Bu meqalayihədə nəzərdə tutulmuş boru xəttinin bir hissəsi çox mürəkkəb məkanlardan, hündürlüyü 2500 metr olan dağlardan, 100 kilometrdən artıq hissəsi Adriatik dənizinin dibindən keçir. Dəhlizin uzunluğu 3500 kilometrdir. Layihə 7 ölkəni birləşdirir və mövcud olan ən yüksək ekoloji standartlara cavab verir. Azərbaycan 33 milyard dəyəri olan layihənin hər seqmentində iştirak edib və 10 milyard dollar həcmində maliyyə töhfəsi verib.

Beynəlxalq ekspertlərin fikrincə, Cənub Qaz Dəhlizi bir sıra dövlətlərin suverenliyi və müstəqilliyi üçün strateji mahiyyət daşıyır, habelə müttəfiq və tərəfdaş dövlətlərin enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. Həmçinin Cənub Qaz Dəhlizinin Rusiyanın xaricində hasil olunan qazın şərqdən qərbə ixracını reallaşdıran ilk layihə olması da diqqət çəkir.

Bildiyimiz kimi, uzun illər Avropada təchizat marşrutlarının şaxələndirilməsi problem halına gəlmişdi, bu mənada Cənub Qaz Dəhlizi Avropa ölkələri üçün xilaskar missiyasını özündə ehtiva edir. Layihə Qərbi Balkan regionu üçün həyati əhəmiyyətlidir. Təsadüfi deyil ki, ölkə başçısı TAP-ın istismara verilməsi və ümumilikdə Cənub Qaz Dəhlizinin reallaşdırılmasının önəmindən söz açarkən bu amilə xüsusilə toxunmuşdu. O, İonik-Adriatik boru kəmərinə dair məsələlərin də müzakirə edilməsinin vacibliyini vurğulayaraq, TAP-ın başa çatdırılmasının İonik-Adriatik boru kəmərinin inşasına imkan yaratdığını diqqətə çatdırmışdı.

“Biz Qərbi Balkan ölkələri ilə anlaşma memorandumlarını artıq imzalamışıq. İonik-Adriatik boru kəməri həyata keçirildikdən sonra biz təchizat marşrutlarımızı şaxələndirmək imkanı əldə edəcəyik və Qərbi Balkan dövlətləri üçün də yeni imkanlar yaradacağıq”, - deyə Prezident bildirib.

Təbii ki, TAP istismara verilməsəydi, yeni təchizat layihələrinin həyata keçirilməsi sual altında olacaqdı. Azərbaycan artıq bu meqalayihələrin reallaşdırılması fonunda Avropa üçün yeni, etibarlı mənbəyə çevrildi. Yalnız marşrutlar deyil, həm də mənbələrin şaxələndirilməsi prioritet məsələyə döndü. Bu gün Azərbaycan qazı Avropa üçün uzunmüddətli mənbə hesab edilir. Çünki ölkə başçısının da vurğuladığı kimi Azərbaycanın təsdiqlənmiş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetr təşkil edir və yeni məlumatlara görə, bu həcm daha artıq ola bilər. “Azəri-Çıraq-Günəşli” yatağında “dərin qaz” adlanan layihəni nəzərə alsaq, bizim potensialın mənzərəsi aydın görünür.

Diqqət çəkən məqamlardan biri də budur ki, artıq İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılar bu qış ilk dəfə olaraq Azərbaycanın təbii qazından istifadə edəcəklər. Təsadüfi deyil ki, layihədə iştirakçı dövlətlərin arasında Ermənistanın müttəfiqi olan ölkələr də var. Onlar layihənin bir parçasına çevrilməklə öz milli maraqları naminə gələcəkdə Azərbaycanın mövqeyindən çıxış etmək məcburiyyətində qalacaqlar.

Azərbaycan bu gün yalnız belə meqalayihələrin aparıcı gücünə çevrilmir, həm də neft və qazla paralel alternativ enerji, “yaşıl enerji” sahəsində öz maraqlarını ortaya qoyur. Böyük neft və qaz potensialına malik, xam neft və neft məhsullarının, təbii qaz, elektrik enerjisi ixracatçısı olan Azərbaycan “yaşıl enerji”yə fəal şəkildə sərmayə yatırır. Postmüharibə dövründə ölkəmiz işğaldan azad olunan ərazilərin bərpası üçün “yaşıl enerji” layihələrindən də aktiv şəkildə yararlanmaq qərarına gəlib. Artıq bu istiqamətdə İtaliya şirkətləri ilə müqavilələr bağlanılıb, əməkdaşlıq perspektivləri ölkələr arasında geniş müzakirə olunub.

Göründüyü kimi, Azərbaycanın Qarabağ torpaqlarında bərpa edilən enerjiyə dair böyük planları mövcuddur. Hətta Azərbaycan Prezidenti rəsmi olaraq azad edilmiş əraziləri “yaşıl enerji” ilə təmin ediləcək bölgə elan edib. Ölkə başçısı çıxışlarında bu barədə deyib:

“Hesab edirəm ki, böyük neft və qaz potensialına sahib, xam neft və neft məhsullarının, təbii qaz və elektrik enerjisi ixracatçısı olan Azərbaycan böyük məsuliyyət nümayiş etdirməli və “yaşıl enerji”yə fəal şəkildə sərmayə yatırmalıdır. Biz məhz bununla məşğuluq. Bununla bağlı planlarımı bölüşdüm və əminəm ki, onlar həyata keçiriləcəkdir. Sadəcə olaraq, tərəfdaş və dostlarımızı məlumatlandırmaq istədim ki, belə imkanlar da mövcuddur”.

Bir vaxtlar Cənub Qaz Dəhlizini yalnız möcüzə kimi qiymətləndirənlər, bu gün nəhəng layihənin reallaşmasına şahidlik edirlər. Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli və prinsipial siyasəti nəticəsində sözün həqiqi mənasında dəyişkən enerji xəritəsi formalaşdıra bildi. Bu gün dünyanı heyrətləndirən meqalayihələrin təşəbbüskarına çevrilən ölkəmiz yalnız regionun deyil, Avropanın belə enerji təhlükəsizliyinin təminatçısı kimi çıxış edir. Bu isə Azərbaycanın həm coğrafi, həm də regional mövqeyini möhkəmləndirir.

Tural Tağıyev
Azvision.az


Teqlər: Cənub-Qaz-Dəhlizi   Layihə   TAP   Yaşıl-enerji  





Xəbər lenti