Növbəti 10 illik Milli Prioritetlər ölkəmizə nə vəd edir?

Növbəti 10 illik Milli Prioritetlər ölkəmizə nə vəd edir?
  03 Fevral 2021    Oxunub:2470
5 əsas istiqaməti özündə ehtiva edən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ölkəmizdə müasir çağırışları və standartlara uyğun olaraq iqtisadi inkişafın davam etdirilməsi, eyni zamanda yeni innovativ iqtisadiyyatın daha da genişləndirilməsini nəzərdə tutur.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. İqtisadçı alim bildirib ki, bu prioritetlərdən diqqəti çəkən əsas məqamlardan biri iqtisadi inkişafda inklüzivliyi, innovativ iqtisadi inkişafın daha da genişləndirilməsinə nail olmaqdan ibarətdir:

Minimum əməkhaqqı və pensiyalar artırılacaq
"İnklüzivlik formalaşan və istifadə olunan dəyərdə cəmiyyətin daha yaxından iştirak etməsi, eyni zamanda dəyərin bir hissəsinin gələcək nəsillərə hesablanmasını nəzərə tutur. Artıq insan kapitalının inkişafı hesabına innovativ iqtisadiyyatın payının artırılması əsas hədəflərdən biridir. Rəqabət qabiliyyətinin genişləndirilməsi və sahibkarların dəstəklənməsi, sahibkarlar üçün yeni təşviq mexanizmlərinin istifadə olunması da hədəflər sırasındadır. Bu, bir tərəfdən daxili bazarda rəqabətin gücləndirilməsinə, yerli istehsalın genişləndirilməsinə, həmçinin Azərbaycanın qeyri-neft ixracatının artmasına gətirib çıxaracaq".



Deputat qeyd edib ki, nəticə etibarilə bu, milli iqtisadiyyatın genişləndirilməsi və dayanıqlı iqtisadi inkişafın qorunub saxlanılması baxımından vacib hesab olunur: "Sosial təminatla bağlı islahatlar davam etdiriləcək, pensiya islahatlarının davam etdirilməsi, minimum və orta pensiya məbləğinin artırılması nəzərdə tutulur. Müavinətlər daxil olmaqla sosial ödənişlərə ayrılan vəsaitlərin həcmində də artımlar olacaq. Pensiya islahatları həm də pensiya məbləği ilə sığorta haqqı arasındakı mütənasibliyin artırılmasını nəzərdə tutacaq ki, bu da  pensiyaçıların hüquqlarının daha yaxından qorunması və onların daha çox pensiya almasına imkan yaradacaq.

Bundan əlavə, Böyük Qayıdış əsas hədəflərdəndir və insanların azad olunmuş ərazilərdə yerləşdirilməsi mərhələli şəkildə həyata keçiriləcək. Birinci mərhələdə dəymiş ziyanın qiymətləndirməsi, infrastrukturun formalaşdırılması, növbəti mərhələdə sosial obyektlərin inşa edilməsi və məskunlaşmanın reallaşması həyata keçiriləcək. Bu da Böyük Qayıdışın reallaşmasına imkan yaradacaq".

V.Bayramovun sözlərinə görə bütövlükdə prioritetlər dərinləşmiş islahatların növbəti 10 ildə də davam etdiriləcəyindən xəbər verir.

Xatırladaq ki, fevralın 2-də Prezident İlham Əliyev “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda müstəqil Azərbaycanın iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşamaqda olduğu vurğulanır.

Qeyd edilir ki, bu dövrdə ölkədə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın güclənməsini və müasirləşməsini təmin edib. Son 17 ildə dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi 3 dəfədən çox böyüyüb, güclü sosial-iqtisadi infrastruktur yaradılıb, pozitiv demoqrafik artım şəraitində yoxsulluq səviyyəsi əhəmiyyətli azalıb. Mövcud maliyyə imkanları tarixi maksimuma çatdırılıb və ölkə yuxarı orta gəlirli dövlətlər qrupunda möhkəmlənib.



Sənəddə bildirilir ki, artan iqtisadi güc Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı verib. Ölkə regional iqtisadiyyatın lokomotivi olaraq dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevrilib. Bütün bunlar Azərbaycanın regionda iqtisadi rolunu yüksəldib, xarici təsirlərə davamlı olmasına və müstəqil dövlət kimi suverenliyinin bərpasına möhkəm zəmin yaradıb. Əldə edilən iqtisadi üstünlük, uzun illər formalaşdırılmış ictimai-siyasi və sosial-iqtisadi bünövrə ölkənin hərbi qüdrətini də yüksəldib. Bu nailiyyətlər torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi qələbəyə transformasiya olunub. 2020-ci il noyabrın 10-da imzalanmış tarixi Bəyanatla Azərbaycanın siyasi və iqtisadi suverenliyinin təmini işğaldan azad edilmiş ərazilərin mövcud iqtisadi potensialından xalqımızın rifahı üçün tam istifadə olunmasına geniş imkanlar yaradır.

Sərəncamda, həmçinin qeyd edilir ki, müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. Ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövrdə dərin struktur-institusional islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə Azərbaycan dövlətinin qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması, azad edilmiş bölgələrə tarixi qayıdış və əbədi məskunlaşma təmin edilməlidir.

Qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunun, əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin və buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir.

Prezident İlham Əliyev yeni strateji dövrdə qarşıda duran məqsədlərə nail olmaq, bunun üçün uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaq məqsədilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i təsdiqləyib.

Sərəncama əsasən Nazirlər Kabineti Milli Prioritetlərə uyğun olaraq “2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsini doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Layihə hazırlanarkən qabaqcıl beynəlxalq təşkilatlar və ixtisaslaşmış məsləhətçi şirkətlərlə səmərəli əməkdaşlığın həyata keçirilməsi, aidiyyəti dövlət orqanlarının (qurumlarının), elmi təşkilatların, mütəxəssislərin və vətəndaş cəmiyyəti təsisatlarının cəlb olunması təmin olunmalıdır.

Aidiyyəti dövlət orqanlarına Milli Prioritetlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə zəruri tədbirlər görmək tapşırılıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Maaş   Pensiya   İqtisadiyyat  





Xəbər lenti