“Coca-Cola” Azərbaycanda yeni zavodunu qurur
Pandemiyanın iqtisadiyyata təsirlərinin minimallaşdırılması üçün qeyri-neft sektorunda iqtisadi fəallığın canlandırılması, iş yerlərinin qorunması, stimullaşdırıcı layihələrin və tədbirlərin həyata keçirilməsi, özəl investisiya qoyuluşunun təşviq edilməsi, tikinti, məşğulluq və digər istiqamətlərdə təkanverici tədbirlərin görülməsi hazırda qarşıda duran əsas hədəflərdəndir. Bu hədəflərə nail olunması istiqamətində digər tədbirlərlə yanaşı, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə bir sıra layihələr həyata keçirilir. Belə layihələrdən biri də “Azərbaycan Coca-Cola Bottlers” MMC-nin yeni spirtsiz içkilər istehsalı müəssisəsinin yaradılması layihəsidir.
Belə ki, Azərbaycanın investisiya mühitinin, iqtisadiyyatın dayanıqlığının, həmçinin iqtisadiyyata dəstək proqramlarının, biznesin qısa və orta müddətdə dəstəklənməsini əhatə edən mühüm sənədlərin qəbul edilməsinin nəticəsi olaraq, “Azərbaycan Coca-Cola Bottlers” MMC ölkəmizdə fəaliyyətinin genişləndirilməsini və yeni istehsal sahələrinin yaradılmasını planlaşdırır. 30 milyon ABŞ dollarından çox sərmayə qoyuluşunu nəzərdə tutan investisiya planına əsasən, “Azərbaycan Coca-Cola Bottlers” MMC İsmayıllı, Oğuz və ya Qəbələ rayonlarının birində beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verən yeni istehsal zavodu quracaq. Müəssisədə 100-dək yeni iş yerinin açılması nəzərdə tutulur ki, bu da bölgədə məşğulluğun daha da artmasına töhfə verəcək.
Qeyd edək ki, 1996-cı ildən Azərbaycanda fəaliyyət göstərən “Coca-Cola” ölkəmizin qeyri-neft sektorunda ən böyük xarici investorlardan biridir. 400 nəfərdən çox əməkdaşı olan “Azərbaycan Coca-Cola Bottlers” MMC indiyədək ölkə iqtisadiyyatına 200 milyon dollardan çox sərmayə yatırıb və dövlət büdcəsinə 300 milyon manatdan artıq vergi ödəyib.
Azvision.az
Teqlər: Cola Zavod Azərbaycan