Türkiyədən BTQ ilə Rusiyaya ilk ixrac qatarı yola salındı

Türkiyədən BTQ ilə Rusiyaya ilk ixrac qatarı yola salındı
  29 Yanvar 2021    Oxunub:1902
Azərbaycan, Türkiyə və Rusiya arasında dəmir yolu sahəsində üçtərəfli əməkdaşlıq formatında daha bir layihəyə başlanılıb. Bu dəfə Türkiyədən Rusiyaya ixrac yüklərindən ibarət konteyner qatarı yola salınıb.
“ADY Konteyner” MMC-dən Azvision.az -a verilən məlumata görə, 15 konteynerdən ibarət qatar Türkiyənin Ankara şəhərindən Rusiyanın Vorsino stansiyasına istiqamət götürüb. Qatarın ümumilikdə 4650 kilometrlik polad magistralı 8 günə qət edəcəyi gözlənilir. 40 futluq konteynerlərdən ibarət olan qatarın yükü, əsasən, Türkiyə istehsalı olan məişət əşyalarıdır. Yükün ümumi çəkisi isə 150 tondur.

Qatar Bakı-Tbilisi-Qars dəmir yolu və “Şimal-Cənub” Nəqliyyat Dəhlizi vasitəsilə Türkiyə, Gürcüstan, Azərbaycan ərazisindən keçərək Rusiya ərazisinə daxil olacaq.

Daşımanın operatorları “Pasifik Eurasia Logistics” (Türkiyə), “GR Logistics” (Gürcüstan), “ADY Konteyner” (Azərbaycan) və Rusiyanın “Russian Railways Logistics” şirkətləridir.

Qeyd edək ki, ötən ilin sonunda Türkiyədən Çinin Sian şəhərinə 2 ixrac qatarı çatdırılıb.

Azvision.az


Teqlər: Türkiyə   Rusiya   Qatar  





Xəbər lenti