“Fərhad Əliyevin səhhətində problem var”

“Fərhad Əliyevin səhhətində problem var”
  12 Fevral 2014    Oxunub:1216
Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı Ərşad Əliyev fevralın 12-də “Media forum” saytının suallarını cavablandırıb.

2005-ci ildə tutularaq 10 il müddətinə azadlıqdan məhrum edilmiş Fərhad Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilmiş qardaşı Rafiq Əliyevlə birlikdə 2013-cü il oktyabrın 14-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb. Keçmiş nazir həbsdən çıxdıqdan bir müddət sonra Avropaya yollanıb.

- Fərhad Əliyev hazırda hansı ölkədədir?

- Fərhad Əliyev hazırda Almaniyadadır. Səhhətində problem var və Berlin şəhərindəki xəstəxanalardan birində müalicə olunur.

- Səhhətində nə problem var?

- Uzun illərdir ürəyində işemiya var. Bu xəstəlik onda həbs olunmamışdan əvvəl yaranmışdı və dəfələrlə Almaniyada müalicə olunub, kurs keçib. Həbsxanaya düşəndən sonra səhhəti daha da ağırlaşdı, ağrıları artdı. Eyni zamanda həbsdə revmatizm xəstəliyi tapıb. Ona görə də həbsdən çıxandan bir neçə gün sonra müalicə olunmaq üçün Almaniyaya getdi.

- Fərhad Əliyev həbsdə olanda Almaniyadan həkiminin gəlib onu müayinə etməsini istəyirdi. Yenə əvvəllər onu müalicə etmiş həkimə və xəstəxanaya müraciət edib, yoxsa dəyişib?

- Ürəyindəki xəstəliyi əvvəlki həkimləri müalicə edir, revmatizm xəstəliyini isə başqa həkimlər müayinə ediblər.

- Fərhad Əliyevlə sonuncu dəfə nə vaxt əlaqə saxlamısınız, durumu necədir?

- Ötən həftə danışmışam. Müalicəsi davam edir. Səhhəti normaldır. Şükür Allaha, hər şey normaldır.

- Səkkiz illik həbsxana həyatı qardaşınızın səhhətində başqa hansı problemlər yaradıb?

- Bunu tam dəqiqliyi ilə deyə bilmərəm. Təbii ki, həbsxana həyatı insana çox mənfi təsir edir. Fərhad Əliyev həbsxanada olduğu müddətdə həmişə ürəyindəki ağrılardan şikayət edirdi. Səkkis il ərzində ürəyindəki ağrılar heç vaxt dayanmayıb. Çünki işemiya elə bir xəstəlikdir ki, bir dəfə müalicə ilə sağalmır. Belə xəstəliyi olan insan daima həkim nəzarətində saxlanmalıdır ki, xəstəlik daha ciddi fəsad yaratmasın.

- Fərhad Əliyevin üzərində cərrahiyyə əməliyyatı aparılma ehtimalı varmı?

- Belə xəstəliyi olan insanlar adətən əməliyyat olunmurlar. Amma daima müalicə alırlar. Fərhad Əliyev də müalicəsini davam etdirir.

- Qardaşlarınız Fərhad və Rafiq Əliyevlər səkkiz il həbsxanada olub və azadlığa çıxmalarından bir neçə ay ötüb. İndi ailənizin durumu necədir?

- Alllaha şükür ki, indi hər şey qaydasındadır. Prezidentimiz İlham Əliyev qardaşlarımızı əfv etdi və buna görə çox sağ olsun. Mənim qardaşlarım günahsız yerə həbsdə yatırdılar. Onların heç bir günahı yox idi. Nəhayət ki, haqq-ədalət yerini tutdu.

- Fərhad Əliyev ailəsini də Almaniyaya aparıb?

- Oğlu Yusif Böyük Britaniyada təhsil alır. Fərhad Əliyevin həyat yoldaşı Londonda oğlunun yanındadır.

- Rafiq Əliyev haradadır?

- Rafiq Əliyev də Fərhad Əliyevlə birlikdə Almaniyadadır. Amma səhhətində heç bir problem yoxdur. Fərhad Əliyev müalicə olunur, Rafiq də qardaşına qulluq edir.

- Qardaşlarınızın Azərbaycanı birdəfəlik tərk etməsi və bir daha geri qayıtmayacaqları haqda məlumatlar yayılır. Bu, doğrudurmu?

- Dünyada Azərbaycandan gözəl ölkə yoxdur. Biz həmişə Azərbaycanda olacağıq. Fərhad Əliyev müalicəsini başa çatdıran kimi Azərbaycana qayıdacaq. O, həbs olunmamışdan əvvəl də, həbsdə olanda da həmişə deyib ki, vətənim Azərbaycandır, Azərbaycan xalqına böyük hörmətim var və ömrümün sonuna qədər vətənimə, millətimə xidmət etməyə hazıram. Bu həmişə Fərhad Əliyevin şüarı olub. Həbsdən çıxandan sonra da qeyd etdi ki, ömrünün sonuna qədər vətəninə, Azərbaycan xalqına xidmət edəcək. Fərhad Əliyev xalqına xidmət etməyi özünə borc bilir.

Qardaşlarımın Azərbaycandan birdəfəlik getməsi haqda yayılan xəbəri onların özlərinə deməyə ehtiyac duymadım. Çünki belə məlumatların mənbəyi yoxdur. Belə məlumatlara etinasız yanaşırıq. Qardaşlarım həbsdə olanda da belə etmişik. Amma kiməsə nəyisə yazmağı da qadağan edə bilmərik. Biz yalnız onu edə bilərik ki, bu məlumatlara etinasız yanaşaq və belə də edirik.

- Əgər Fərhad Əliyevin Azərbaycandan getmək niyyəti yoxdursa, niyə belə məlumatlar yayılır?

- Bu, jurnalist təxəyyülünün məhsulu ola bilər. Bunu belə qəbul edirik.

- Qardaşlarınız Azərbaycana nə vaxt qayıdacaq?

- Yəqin ki, Novruz bayramında Azərbaycanda olacaqlar.

- Qardaşlarınız həbsdən çıxdıqdan sonra ata yurdunuz olan Cəlilabadın Alar kəndində neçə gün qaldılar?

- Kəndə birlikdə getmişdik. Alarda üç gün qaldılar.

- Alar camaatı qardaşlarınızı necə qarşıladı?

- Alarlılar bizim doğmalarımızdır. Çox gözəl münasibətlərimiz var, öz camaatımızdır. Hər halda biz belə qəbul edirik. Əgər kimsə, nəsə danışırsa, bu, bizim problemimiz deyil. Camaatımızla çox gözəl münasibətimiz var. Camaatını düşünən hər bir insan kimi biz də öz el-obamızda çox böyük hörmətə malikik.

Fərhad Əliyev Alarda olduğu üç gün müddətində Cəlilabad rayonundan və cənub bölgəsinin digər rayonlarından görüşmək üçün 10 mindən artıq adam gəlmişdi. Ata ocağımızda üç gün ərzində insan sıxlığından tərpənmək olmurdu. Fərhad Əliyev gördü ki, görüşmək üçün həddən artıq çox insan gəlir, Alarda sensasion bir vəziyyət yaranıb, ona görə də təcili olaraq Bakıya qayıtdı.

- Qardaşlarınızın həbsdən çıxmağına görə nə qədər qurban kəsilmişdi?

- Biz özümüz bir qurban kəsdik. Amma camaat yüzlərlə qurban gətirib kəsdi.

- Qardaşlarınızdan, xüsusən də Rafiq Əliyevdən alınan əmlaklar geri qaytarıldımı? Rafiq Əliyev əmlakını geri qaytarmaq üçün hansısa addımlar atırmı?

- Bu haqda məlumatım yoxdur. Ona görə də heç nə deyə bilmərəm.

- Rafiq Əliyev biznes fəaliyyətinə qayıdacaqmı?

- Bu barədə də bir söz deyə bilmərəm. Elə məsələlər var ki, onu müzakirə etməyə zərurət duymuruq. Fərhad Əliyev on ildən artıq müddətdə vəzifədə işləyib, mən bir dəfə də olsun onun iş yerinə, kabinetinə getməmişəm. Heç Rafiq Əliyevin də iş yerinə getməmişəm. Amma hər gün evlərində olmuşam. Və yaxud iki gündən bir görüşmüşük. Onlar dövlət işində işlədiklərinə görə nəinki mən, heç bir qardaşım onların iş yerinə getməyib. Çünki Fərhad Əliyev səhərdən axşama kimi işləyirdi, dövlətinə, millətinə xidmət edirdi. Biz də iş yerinə gedib onun vaxtını almaq, işindən ayırmaq istəmirdik. Buna yol verməmişik. Problemimiz olanda da başqa yerdə demişik.

AzVision.az


Teqlər:  





Xəbər lenti