İtaliya şirkəti azad edilmiş ərazilərdə elektroenergetika infrastrukturu quracaq

İtaliya şirkəti azad edilmiş ərazilərdə elektroenergetika infrastrukturu quracaq
  11 Dekabr 2020    Oxunub:1619
İtaliyanın “Ansaldo Energia” şirkətinin rəhbəri Marino Guiseppenin təmsil etdiyi nümayəndə heyəti “Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevlə görüşüb.
ASC-dən Azvision.az -a verilən məlumata görə, B. Rzayev İtaliya-Azərbaycan arasında dostluq və əməkdaşlıq haqqında məsələyə toxunaraq Azərbaycanın haqq işi olan Dağlıq Qarabağ münaqişəsinin həllində İtaliyanın tutduğu mövqeyi yüksək qiymətləndirib. Bu ayın 9-da ölkəmizdə səfərdə olan İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin nümayəndə heyətinin Gəncəyə və işğaldan azad olunan Ağdam şəhərinə səfər etdiklərini, burda törədilən dağıntıları öz gözləri ilə görərək təəssüratlarını bölüşdüklərini xatırladıb.

“Azərenerji”nin bir sıra beynəlxalq nəhəng şirkətlərlə işbirliyinin olduğunu diqqətə çatdıran B. Rzayev, bu görüşün əsas məqsədinin həmçinin Azərbaycanın işğaldan azad edilən ərazilərində yeni, müasir tipli elektroenergetika infrastrukturunun yaradılmasından ibarət olduğunu bildirib: “Erməni işğalçıları 30 il ərzində Azərbaycanın qədim tarixi torpaqları olan bu ərazilərdə butun infrastruktura, o cümlədən elektrik stansiyalarına çox ciddi ziyan vuraraq dağıntılar törədiblər. İndi bu ərazilərdə demək olar ki, enerji infrastrukturu yoxdur”.

B. Rzayev sıx əməkdaşlıq üçün öncə şirkətlər arasında işçi qrupunun və Bakı şəhərində “Ansaldo Energia” şirkətinin ofisinin yaradılması da daxil olmaqla bir sıra layihə üzrə əməkdaşlıq imkanlarını qonaqların diqqətinə çatdırıb.

Görüşdə işğaldan azad olunan ərazilərdə yeni generasiya güclərinin yaradılması üçün Kəlbəcər, Laçın bölgələrində yeni tikiləcək kiçik su elektrik stansiyaları layihələrinin birgə həyata keçirilməsi, işğaldan azad olunan ərazilərdə yüksək gərginlikli yarımstansiyaların tikintisində və avadanlıqlar ilə təchizatında “Ansaldo Energia” şirkətinin iştirakı, tezliyin tənzimatı üçün (Bakı şəhəri yaxınlığında Səngəçal ərazisində) BOT formatında tikintisi planlaşdırılan 390 MVt gücündə yeni elektrik stansiyası layihəsində “Ansaldo Energia” şirkəti ilə əməkdaşlıq, “Azərenerji” ASC-nin ötürmə sistem operatorunun idarəetməsinin təkmilləşdirilməsi üçün proqram təminatının və yeni texnologiyanın tətbiqi,

“Azərenerji” ASC-nin baş idarəetmə, elm-tədris və laboratoriya kompleksində “Ansaldo Energia” şirkətinin istehsal etdiyi avadanlıqlardan ibarət trenajor mərkəzinin yaradılması məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

“Ansaldo Energia” şirkətinin rəhbəri Marino Guiseppe “Azərenerji”nin sifarişi əsasında yenidən qurulacaq stansiyaların təchizatını təmin etmək üçün ölkəsinin yüksək texnoloji avadanlıqların istehsalında ön sıralarda olduğunu deyərək, “Ansaldo Energia” şirkətinin Bakıda ofisinin yaradılması təklifini yüksək qiymətləndirib.

Azvision.az


Teqlər: İtaliya   Azərbaycan   Şirkət   Qarabağ  





Xəbər lenti