"Ermənistan Rusiyadan müasir silahlar alır" - Tonoyan

 "Ermənistan Rusiyadan müasir silahlar alır" -  Tonoyan
  26 Avqust 2020    Oxunub:3096
Rusiya Ermənistanın aparıcı hərbi-texniki tərəfdaşıdır və bəzi istiqamətlərdə yeganə tərəfdaşdır.
Azvision.az xəbər verir ki, bunu "Zvezda" telekanalına müsahibəsində Ermənistanın müdafiə naziri David Tonoyan deyib.

Tonoyan Moskvada keçirilən "Ordu-2020" hərbi forumunda iştirak edir.

"Bizim uzun illərdir olmayan çox yaxşı bir dinamikamız var. Ermənistan Rusiya Federasiyasından müasir və modernləşdirilmiş silahlar alır. Davam etməyə çalışırıq. Çünki demək olar ki, eyni rəqiblərimiz var", Tonoyan əlavə edib.

O, həmçinin qeyd edib ki, Ermənistan və Rusiyanın özəl şirkətləri Ermənistan ərazisində məhsul istehsalına dair hərbi müqavilələr bağlayıblar.

Nazir xatırladıb ki, bu yaxınlarda imzalanan müqaviləyə əsasən, Ermənistanın Su-25 hücum təyyarəsini modernləşdirmək də planlaşdırılır. Tonoyanın sözlərinə görə, modernləşdirmə bu təyyarələrdən müasir döyüşlərdə istifadə etməyə imkan verəcəkdir.

Xatırladaq ki, Ermənistan Rusiya silahlarını daxili qiymətlərlə alır. Bundan əlavə, ölkə strateji müttəfiqindən çox sayda silah və hərbi texnikanı pulsuz alıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Ermənistan   Silah  





Xəbər lenti