Ağdam kəndində minaatan mərmisi tapıldı

  16 İyul 2020    Oxunub : 1919
Ağdam kəndində minaatan mərmisi tapıldı
İyulun 15-də saat 10:05-da Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Tovuz rayonu, Ağdam kəndi ərazisinə 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Azvision.az -a bildirilib ki, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə Ermənistan silahlı qüvvələri tərəfindən iyulun 14-də atılmış mərmi nəticəsində həlak olmuş 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlunun həyətyanı sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 82 millimetrlik minaatan mərmisinin (OF-842) partlamış hissəsi aşkarlanıb, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaatan mərmisinin ətrafında 150 kvadratmetr əraziyə yerüstü, 40 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Azvision.az

Teqlər: ANAMA   Tovuz