Su təminatı ilə bağlı şikayətlər araşdırıldı

  04 İyul 2020    Oxunub : 4415
Su təminatı ilə bağlı şikayətlər araşdırıldı
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti su təminatı ilə bağlı Füzuli, İmişli, Ağcabədi və Goranboy rayon sakinləri tərəfindən daxil olan müraciətlərin araşdırılması barədə məlumat yayıb.
Qurumdan Azvision.az -a bildirilib ki, Füzuli rayonun Alxanlı kənd sakini Kamal Quliyevin transformator yarımstansiyasının olmaması səbəbindən kənd ərazisində mövcud olan, istismarı dayandırılmış subartezian quyusuna yeni transformatorun quraşdırılması və enerji şəbəkəsinə qoşulması barədə müraciəti araşdırılıb və əvvəllər mövcud olmuş transformator yarımstansiyasının “Azərişıq” ASC-nin yerli qurumunun balansında olduğu müəyyən edilib.

Azərişıq” ASC ilə aparılmış danışıqların nəticəsi olaraq, həmin quyu üçün transformator yarımstansiyası ayrılıb və hazırda quraşdırma işləri aparılır. Quyunun günün sonunadək işə salınması nəzərdə tutulub. Həmin quyunun ətrafında olan sahələr əvvəllər Köndələnçayından su götürən sularla suvarılıb. Hazırda çayda su olmadığından quyunun bərpasına zərurət yaranıb.

Qeyd olunub ki, İmişli rayonunun Xoşçobanlı kəndinin bir qrup sakininin su təminatı ilə bağlı müraciətləri də araşdırılıb. Kəndin 820 ha torpaq sahəsi başlanğıcını Cənubi Muğan kanalından götürən Qızıl arx kanalı vasitəsi ilə suvarma suyu ilə təmin edilir. Həmin kanal rayonun 24 kəndinin 10800 ha sahəsinə xidmət edir. Hazırda kanala saniyədə 5 kb.m su verilir və həmin su limit əsasında proporsional olaraq kəndlər arasında bölünür. Xoşçobanlı kəndinə limitə uyğun su verilir və su təminatında çətinlik yoxdu.

Qurum Ağcabədi rayonun Afşar və Qaradolaq kəndlərinin sakinləri tərəfindən daxil olan müraciətləri də araşdırıb: “Bu kəndlərin əkin sahələrinin su təminatı əsasən başlanğıcını Araz çayından götürən Yeni Xanqızı kanalı vasitəsilə həyata keçirilir. Bu kanal vasitəsi ilə rayonun 8 kəndinin 14000 ha yaxın, o cümlədən Afşar kəndinin 2100 ha və Qaradolaq kəndinin 2283 ha sahəsi su ilə təmin edilir. Hazırda kanal vasitəsi ilə rayona saniyədə 2 kb.m su verilir və su bölgüsü qrafiki əsasında kəndlər arasında paylanılır. Suyun miqdarı az olduğundan suvarmada gecikmələr yaranır. Su təminatına köməklik göstərilməsi məqsədi ilə Cəmiyyətin nümayəndəsi rayona ezam edilib. Hazırda Araz çayında su sərfi müəyyən qədər artdığından Yeni Xanqızı kanalı vasitəsi ilə Ağcabədi rayonuna verilən suyun miqdarının saniyədə 3 kb.m çatdırılması üçün tədbirlər görülür. Günün sonuna suyun verilməsi təmin ediləcək.Goranboy rayonun Kələk kənd sakinləri Nəbi İbrahimov, Yaqub Əliyev və Qaramusanlə kənd sakini Şəmsəddin Mirzəyevin müraciətləri barədə bildiririk ki, rayonun Kələk kəndi ərazisində Cəmiyyətin yerli istismar idarəsinin balansında 13 ədəd subartezian quyusu var və bu quyular hazırda işlək vəziyyətdədir. Lakin quyulardan 2 ədədi uzun müddət istismarda olduğundan məhsuldarlıqları xeyli azalmış və tələbatı tam ödəmir. Rayonun Qaramusalı kəndində istismarda olan 25 ədəd quyu işlək vəziyyətdədir. Onlardan 3 ədədinin məhsuldarlığı azalıb. Sakinlər həmin quyuların ətrafında yeni quyu lüləsinin (kolunun) qazılmasını xahiş edirlər. Məlumat üçün bildiririk ki, cari ildən rayon ərazisində məhsuldarlığı azalmış quyulardan 10 ədədinin, o cümlədən Kələk kəndində 1 ədəd və Qaramusalı kəndində 1 ədədinin yanında yeni quyu lüləsinin (kolunun) qazılması nəzərdə tutulub. Bu quyulardan 2-sində qazma işləri başa çatdırılıb və ilin sonunadək digər quyularının qazılması təmin ediləcək".

Azvision.az

Teqlər: Su   Problem   Şikayət