Kino evində Leyla Bədirbəylinin xatirəsi yad edilib

  02 Mart 2020    Oxunub : 1159
Kino evində Leyla Bədirbəylinin xatirəsi yad edilib
Zahiri gözəlliyin ağıl, istedad, bacarıq və insani keyfiyyətlərlə haşiyələnməsi yaradılışın mükəmməllik məqamıdır. Xalqımızın tarixində belə məqamların simaları az deyil.
Azvision.az xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı Leyla Bədirbəylinin 100 illik yubileyini qeyd etməklə o məqamlardan birini bir daha canlandırıb.

İncəsənət xadimlərinin iştirak etdiyi tədbirdə sənədli filmlər rejissoru, əməkdar incəsənət xadimi Ziya Şıxlinski çıxışında vurğulayı ki, Leyla xanım gözəlliyi və sənəti ilə Azərbaycan qadınının rəmzidir.



Xalq artisti Həmidə Ömərova Leyla xanımla bağlı xatirələrini, təəssüratlarını bölüşərək dedi ki, Leyla xanımın “insan nə qədər yüksəlsə də insaniyyətliyini, sadəliyini itirməməlidir” sözü hər zaman onun yadındadır. Aktrisa Leyla xanımın davranışının mükəmməlliyindən, Kinoaktyor teatrının bədii rəhbəri olduğu dövrdə gənclərə qayğıkeş münasibətindən söz açıb.



Tanınmış teleaparıcı, əməkdar artist Nərgiz Cəlilova qeyd edib ki, Leyla Bədirbəyli müxtəlif yaş nəslinə mənsub sənətsevərlərində rəğbət, heyranlıq və ehtiram hissi doğuran nadir sənətkarlardandır. Misal olaraq N.Cəlilova Leyla xanımın həm onun anası, həm özü və həm də qızı tərəfindən sevildiyini qeyd edib.

Kinematoqrafçılar İttifaqının Kino Evində Rahib Azərinin təqdimatında baş tutan tədbirdə Leyla Bədirbəyliyə həsr olunmuş və tədbir iştirakçılarını biganə buraxmayan verilişi də nümayiş olunub.



Azvision.az

Teqlər: LeylaBədirbəyli