Daxili Qoşunların yaranmasının 21-ci ildönümüdür

Daxili Qoşunların yaranmasının 21-ci ildönümüdür
  12 Mart 2013    Oxunub:2310
Ramil Usubov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bayram münasibətilə şəxsi heyətə təbriklərini və xoş arzularını çatdırıb
Bu gün Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının Baş İdarəsində bu qurumun yaranmasının 21-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. AzVision.az-a DİN-in mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Əvvəlcə nazirin qarşılanma mərasimi olmuş, daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə general-polkovnik Ramil Usubova raport verib.
Öncə Azərbaycan Respublikası DİN Daxili Qoşunlarının Döyüş Bayrağı gətirilmişdir. Sonra ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycanın dövlət himni səsləndirilib.

Daha sonra DQ-nin bu illər ərzində keçdiyi şanlı döyüş və xidmət yolu barədə məruzə ilə çıxış edən general-leytenant Zakir Həsənov ümummilli lider Heydər Əliyevin 1995-ci il martın 9-da imzaladığı fərmanla Azərbaycan Respublikası Daxili Qoşunlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları günün - martın 12-nin Daxili Qoşunlar günü elan olunduğunu məmnunluqla xatırladıb. O, vurğulayıb ki, ötən illər ərzində sözügedən qurum ölkəmizin ictimai-siyasi həyatında baş verən bütün proseslərin bilavasitə iştirakçısı olmuş, ciddi sınaq və çətinliklərdən dəyanətlə çıxıb. Daxili Qoşunların şəxsi heyəti Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıq nümunələri göstərib. Ümumiyyətlə, döyüş əməliyyatları aparılan müddətdə Daxili Qoşunların 510 hərbi qulluqçusu həlak olmuş, 1166-sı yaralanmış, 268 nəfər itkin düşmüş, 9 əməkdaş "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Daxili Qoşunların Azərbaycan xalqına, dövlətinə və dövlətçiliyinə sədaqətlə xidmət etməsi, fədakarlığı ümummilli lider Heydər Əliyevin və möhtərəm Prezidentimiz İlham Əliyevin diqqətindən kənarda qalmamış, bir çox hərbi qulluqçu dövlət mükafatlarına layiq görülüb.
Bu gün Daxili Qoşunların yüksək döyüş hazırlığına malik bir qurum olduğunu deyən general-leytenant Z.Həsənov bildirmişdir ki, Ali Baş Komandan cənab İlham Əliyevin Silahlı Qüvvələrə diqqəti və qayğısı nəticəsində Daxili Qoşunlarda da davamlı inkişaf prosesi gedir. Aparılan islahatlar, döyüş hazırlığı, maddi-texniki təminat, hərbi qulluqçuların sosial vəziyyəti və digər proseslər baxımından son illər yeni inkişaf dövrü kimi xarakterizə olunur. Təsadüfi deyil ki, maddi-texniki bazanın möhkəmləndirilməsi, kazarma-yaşayış fondunun daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində hərbi hissələr müasir texnika və rabitə sistemləri ilə təchiz olunmuş, istifadədə olan silah, texnika, xüsusi vasitə və avadanlıqlar ən yüksək beynəlxalq standartlara cavab verir. Ötən il Daxili Qoşunların ixtisaslı zabit kadrları ilə təmin olunmasının daha da yaxşılaşdırılması məqsədilə Orta ixtisas hərbi məktəbinin bazasında Ali Hərbi Məktəb də yaradılıb.

Sonra daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bayram münasibətilə şəxsi heyətə təbriklərini və xoş arzularını çatdırıb.

ilahlı Qüvvələrimizin formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olduğunu xatırladan general-polkovnik Ramil Usubov ulu öndərin ordu quruculuğu çərçivəsində Daxili Qoşunların da təkmilləşməsinə böyük önəm verdiyini vurğulayıb, DQ-nin şəxsi heyətinin ərazi bütövlüyümüz və suverenliyimizin, dövlətçiliyimizin, milli mənafelərimizin keşiyində hər zaman ayıq-sayıq dayandığını, ölkəmizdə daxili sabitliyin, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında əsas qüvvələrdən birinə çevrildiyini xüsusilə qeyd edib.
Daxili Qoşunların qısa zamanda böyük inkişaf yolu keçdiyini xatırladan cənab Ramil Usubov müstəqilliyimiz ilə yaşıd olan bu qurumun torpaqlarımızın qorunmasında fədakarlıq və qəhrəmanlıq nümunələri göstərdiyini, yüzlərlə şəhid verdiyini, Azərbaycan xalqına, dövlətçiliyinə xidmətin Daxili Qoşunların fəaliyyətində daim aparıcı istiqamət olduğunu və sonrakı illərdə respublikamızda daxili sabitliyin və əmin-amanlığın təmin olunnmasında əzmkarlıq nümayiş etdirdiyini, Qoşunların yüksək peşəkarlığa və mənəvi-psixoloji hazırlığa malik mobil bir quruma çevrildiyini məmnunluqla bildirib. Nazir xüsusilə vurğulayıb ki, bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanı, möhtərəm Prezident cənab İlham Əliyevin tələb və göstərişlərinin, xüsusi diqqət və qayğısının nəticəsi olaraq, Daxili Qoşunlar, qarşısına qoyulan istənilən döyüş tapşırığını keyfiyyətlə yerinə yetirməyə qadirdir.
Daxili Qoşunların beynəlxalq əməkdaşlıq çərçivəsində əldə etdiyi uğurlardan söz açan nazir sözügedən qurumun 1997-ci ildən Türkiyə Jandarm Təşkilatı ilə sıx əlaqələr saxladığını, bu illər ərzində Jandarm Qüvvələrinin yardımı ilə Qoşunların müasir tələblərə uyğun qurulduğunu, təminatının əhəmiyyətli dərəcədə yüksəldiyini xatırladıb, əldə edilmiş nailiyyətlərə görə dost və qardaş dövlətin Silahlı Qüvvələrinin, onun Jandarm Komandanlığının rəhbərliyinə və hərbi mütəxəssislərinə təşəkkürünü bildirib.

Bu gün yüksək nizam-intizama, pekşəkar hazırlığa malik olan Daxili Qoşunlarda xüsusi bir döyüş ruhu yaşandığını diqqətə çatdıran daxili işlər naziri bunun heç də təsadüfi olmadığını, möhtərəm Prezidentimizin dəfələrlə hərbi hissələrə getməsinin, şəxsi heyətin sosial-məişət şəraiti ilə yaxından tanış olmasının hər bir hərbi qulluqçunun döyüş əzminin daha da yüksəlməsinə böyük stimul verdiyini, möhtərəm dövlət başçımızın Silahlı Qüvvələrin tərkib hissəsi kimi Daxili Qoşunların təkmilləşdirilməsinə, peşəkarlığının yüksəldilməsinə daim xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. Məhz belə ali diqqət və qayğı nəticəsində Daxili Qoşunların sosial-məişət problemlərinin son illər çox sürətlə öz həllini tapdığını deyən nazir zabitlər üçün xidməti yaşayış komplekslərinin tikilməsinin, müasir standartlara uyğun əsgər yataqxanalarının istifadəyə verilməsinin bunun bariz nümunəsi olduğunu bildirib.
Şəxsi heyətin xüsusi diqqət və qayğı ilə əhatə olunduğunu, qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən hər zaman layiqncə gəldiyini nəzərə çatdıran daxili işlər naziri Ramil Usubov ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı zati-aliləri cənab İlham Əliyevi əmin edib ki, "Vətənin əsgəri" adını daim uca tutan hərbi qulluqçular bundan sonra da ictimai asayişin və daxili təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanacaq, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarığını əsirgəməyəcək, öz şanlı ənənələrini qoruyub saxlayacaq, inkişaf etdirəcək, döyüş hazırlığını daim artıracaqdır.

Azərbaycan Respublikası daxili işlər nazirinin müvafiq əmrləri elan olunduqdan sonra general-polkovnik Ramil Usubov xidmətdə fərqlənmiş hərbi qulluqçulara medallar və mükafat qaydasında verilmiş rütbələrin paqonlarını təqdim edib.
Təntənəli mərasimin sonunda tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət qəbul olunub.



Teqlər:  





Xəbər lenti