ReAl-dan Milli Şuraya sərt ittihamlar: “Tüpürüm belə siyasətə...”

  04 Sentyabr 2019    Oxunub : 7468
 ReAl-dan Milli Şuraya sərt ittihamlar: “Tüpürüm belə siyasətə...”
Milli Şura və ReAl partiyası arasında gərginlik səngimək bilmir. Tərəflər sosial şəbəkələrdə bir-birilərini sərt şəkildə ittiham edirlər.

Azvision.az xəbər verir ki, ReAl-ın icraçı katibi Natiq Cəfərli bu gün yazdığı "Facebook" statusunda Milli Şura və bu "qurumda" təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının ona və təmsil etdiyi partiyaya qarşı qarayaxma kampaniyası apardığını bəyan edib.
Cəfərli qeyd edib ki, kampaniya Milli Şura rəhbərliyinə daxil olan şəxslər tərəfindən xüsusi olaraq qızışdırılır: "Fikri olub, beyni olmayan bir qrup adam (sayları 100-ü keçmir, sadəcə hər birinin də 4-5 saxta profili var) küy yaradaraq fikir formalaşdırmağa çalışırlar. Və bu kampaniya birbaşa MŞ rəhbərliyənə daxil olan adamlar tərəfindən qızışdırılır, idarə olunur və yönləndirilir. Həmin siyasi düşüncə tərzinin 25 ildir daşıyıcısı olanlar zaman-zaman eyni kampaniyanı ya öz təşkilatlarının içində olanlara, ya da digər siyasi partiyalara qarşı aparıblar. Öz partiyalarından hökumət tərəfə keçib deputat, məmur olan onlarla adam var deyə kompleksə düşüblər, fərqli düşünən görəndə sanki havalanırlar, ağılları-bilikləri yoxdur, ancaq satqın söhbəti salırlar. Musavat Partiyası 2013-cü ildə MŞ-dan çıxanda eyni kampaniyanı onlara qarşı da apardılar".

Daha sonra N.Cəfərli Milli Şuraya üzv olan şəxsləri beyinsiz adlandırıb: "25 ildir xalqı dolayanların, aldadanların ritorikası ilə danışım - Gəlirik, Tikdəyik, Az qaldı, Hakimiyyət çökür, Hamısı qaçmağa hazırlaşır - beləmi danışım?! Mən belə məsuliyyətsiz və populist ola bilmirəm. Siyasət budursa, tüpürüm belə yalan və pafos üzərində qurulmuş siyasətə".

N.Cəfərli, həmçinin bu çirkin kampaniyada xüsusi fəallıq nümayiş etdirən Gültəkin Hacıbəylini canlı debata çağırıb: "Kimin hansı mövqedə olduğunu, kimin tez-tez mövqe dəyişdiyini xalq görür və buna xalq qərar verəcək, Gültəkin xanım yox. Ona son şans vermək istəyirəm - özü seçdiyi istənilən jurnalistlə birgə canlı yayımda debat edək, bütün daşları ətəyindən töksün, jurnalist istənilən sualı versin, mən isə ondan bir zaman nədən REAL-a gəlmək istədiyini, nə cavab aldığımı soruşacağam. Cavab gözləyirəm".

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Natiq-Cəfərli   ReAl   AXCP