Ölkə üzrə 570 mindən çox mənzil özəlləşdirilib
Belə ki, statistik məlumatlara əsasən, cari ilin yanvar-iyun aylarında daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı 112 minədək olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz artım deməkdir. Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 21 minə yaxını fərdi yaşayış və bağ evi, 29 min 200-ə yaxını mənzil, 57 minə yaxını torpaq sahəsi, 2 min 200-ə yaxını qeyri-yaşayış binası, 2 min 500-dən çoxu qeyri-yaşayış sahəsi, 500-ə yaxını əmlak kompleksi, 41-i çoxmərtəbəli yaşayış binası, 21-ni isə çoxillik əkmələr təşkil edib. İlkin qeydiyyatın 35,55 faizi Bakı şəhərinin, qalanı isə regionların payına düşür. İlkin qeydiyyat ötən ilin eyni dövri ilə müqayisədə 3,2 faiz artıb.
Hazırda 50 mindən çox elektron çıxarış hazırlanıb. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində ölkə üzrə istismarına icazə verilən 88 binanın ünvanlarında bilavasitə qeydiyyat xidmətləri göstərilib. Həmin binalarda yerləşən 5 minədək mənzilin çıxarışı hazırlanıb. Həmçinin 9 minədək sənəd qəbul edilib. Qəbul olunan sənədlər hazırda icra mərhələsindədir.
İlkin qeydiyyatın artması bu sahədə yaradılan rahat şəraitin, operativliyin nəticəsidir. Eyni zamanda, əldə olunan yüksək göstərici vətəndaşların daşınmaz əmlak bazarında leqal əmlaklara üstünlük verməsinin bariz nümunəsidir.
Bundan başqa, təkrar qeydiyyatda da əldə olunan yüksək göstərici ölkədə iqtisadi və hüquqi əməliyyatların artması deməkdir. Belə ki, bu, alqı-satqı, ipoteka kimi əməliyyatların artmasından xəbər verir. Təkrar qeydiyyatın artması daşınmaz əmlak bazarının canlanmasına, inkişafına imkan verir.
Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı fəaliyyət göstərən mobil ofislər vasitəsilə isə yanvar-iyun aylarında vətəndaşlardan 40 minədək müraciət qəbul olunub.
Azvision.az