ANS 2 milyonluq “Facebook inqilabı”ndan danışdı - Video

ANS  2 milyonluq “Facebook inqilabı”ndan danışdı - Video
  12 Mart 2013    Oxunub:1415
ABŞ səfirliyi Azərbaycanda inqilab hazırlanması barədə məlumatı yanlış və əsassız adlandırıb.
ABŞ-ın Milli Demokratiya İnstitutu Azərbaycanda sosial şəbəkələr vasitəsilə mitinqləri reallaşdırmaq üçün 2 milyon dollara yaxın vəsait xərcləyib.
Bunu hüquq müdafiəçisi Eynulla Fətullayev iddia edir. Onun sözlərinə görə, Milli Demokratiya İnstitutunun Azərbaycan nümayəndəliyinin rəhbəri olan Aleks Qriqoryevs Gürcüstan, Ukraynada və Moldovada hakimiyyət dəyişikliyi dövründə bu ölkələrdə işləyib.

İndi də bu şəxs Azərbaycanda oxşar plan üzrə çalışır: “Son 1 il ərzində Azərbaycanda həyata keçirdiyi proqramlar 2 hədəfə - gənclərə və sosial şəbəkəyə yönəlib. Məndə Aleks Qriqoryevsin çıxardığı külli miqdarda vəsaitlərin bir sxemi var. O bu pulları hansısa mitinqin və ya Azərbaycanda ciddi ictimai əks-sədaya səbəb olan tədbirin ərəfəsində çıxarıb”.

ABŞ-ın Azərbaycandakı səfirliyi isə Milli Demokratiya İnstitutunun sosial şəbəkə vasitəsilə Azərbaycanda inqilab hazırlanması barədə məlumatı yanlış və əsassız adlandırıb.
Qeyd edək ki, müxalifət partiyaları martın 10-da Fəvvarələr meydanında keçirilən aksiyanın təşkilatçısının sosial şəbəkələr olduğunu bəyan edir. Müsavat və AXCP-dən ANS-ə bu aksiyanın təşkilatçıları olmadıqlarını, sadəcə, gənc üzvlərinin ona qatıldığını bəyan ediblər.

Yeni Azərbaycan Partiyasının İcraçı katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə hesab edir ki, martın 10-da Fəvvarələr meydanında keçirilən aksiyanın təşkilatçıları və üzvləri müxalifət partiyalarının nümayəndələridir. Məqsəd vətəndaş qarşıdurması yaratmaq və xaricdən Azərbaycanda təxribat törətmək istəyənlərə kömək etməkdir.
Millət vəkili Zahid Oruc isə hesab edir ki, aksiyanın təşkilatçılarının siyasi məqsədləri var və bu yolla onlar ölkədə ictimai-siyasi sabitliyi pozmağa çalışırlar.

Xatırladaq ki, bu ilin əvvəlindən Bakıda bir neçə icazəsiz aksiya keçirilib. Onların hər birinə çağırışlar sosial şəbəkələr vasitəsilə yayılıb. Bu aksiyalar Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadığından polis onların qarşısını alıb.




Teqlər:  





Xəbər lenti