“Qurana əl basım ki, pul məndə deyil”

“Qurana əl basım ki, pul məndə deyil”
  02 Dekabr 2013    Oxunub:1095
Mənə nə edirsiz edin, amma inamı öldürməyin
Bu gün sabiq millət vəkili Gülər Əhmədova məhkəmədə son çıxışını edib. AzVision.az xəbər verir ki, o, çıxışı zamanı günahsız olduğunu əsaslandıran detallardan danışıb.

Eks-deputat ona qarşı şər atıldığını deyib.

“Mən 16 ildir ki, dövlət işində çalışıram. Bunun 12 ilini parlamentdə çalışmışam. Məni tanıyanlar bilir ki, Heydər Əliyevin siyasi kursuna sadiq olmuşam. Mən aldanmış, şərə düşmüş adamam. Sevinc Babayeva qurban olmayıb. O, Elşad Abdullayevdən maksimum yararlanıb. Elşad Abdullayev də ondan maksimum yararlanıb. Sözün bütün mənalarında”.

Sabiq millət vəkili qeyd edib ki, o, heç bir ifadəsində Elşad Abdullayevdən pul aldığını deməyib. “Mən heç bir ifadəmdə deməmişəm ki, Elşad Abdullayevdən pul almışam. Yaxud da Sevinc Babayevadan pul götürmüşəm. Hakimlərdən xahiş edirəm ki, verdiyim ifadəni olduğu kimi oxusunlar”.

Gülər Əhmədova deputat mandatından imtina etməsinin günahını boynuna almağı kimi qəbul olunmasına da münasibət bildirib: “Mən bir il əvvələ qədər elə bilirdim ki, demokratiyanın nə olduğunu bilirəm. Sonra gördüm ki, bilmirəm. İstefa verdim , demokratik mədəniyyət göstərdim. Sonra mənə dedilər ki, siz ona görə istefa vermisiz ki, günahkar olduğunuzu boynunuza alırsız. Mən deputat mandatından imtina edəndə düşünürdüm ki, bu addımım media və hüquq müdafiəçiləri tərəfindən yüksək qiymətləndiriləcək”.

Eks-deputat Qurana and içərək hakimi dələduz olmadığına inandırmağa çalışıb.

“Hamı bilir ki, mən dələduz deyiləm. Gətirin Qurana əl basım ki, mən dələduz deyiləm. Elşad Abdullayevin pulu məndə deyil. Mən ondan pul almamışam. Bəlkə indi jurnalistlər bunu tapa bilməyəcək, amma tarix tapacaq ki, mən dələduz deyiləm. Elşad Abdullayevin videosu saxta və quramadır”.

Elşad Abdullayevin yaydığı videoların qeyri-qanuni yolla çəkildiyini qeyd edən sabiq millət vəkili hakimləri Konstitusiyaya riayət etməyə çağırıb: “Özümə yazığım gəlir ki, həmişə Azərbaycanda yalvarıram ki, Konstitusiyaya riayət edək. Prezidentin fərmanından kənara çıxmayaq. Mənə nə edirsiz edin, amma insanlarda Konsititusiyaya, prezidentə olan inamı öldürməyin”.

Fatimə Kərimli



Teqlər:  





Xəbər lenti