Bəzi abituriyentlərin nəticələri ləğv ediləcək - DİM
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, bəzi abituriyentlər tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmayıblar. Bundan əlavə, imtahana mobil telefon və digər köməkçi vasitələr gətirən, imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub və nəticələri ləğv ediləcək.
Bu gün saat 16.00-da DİM-in “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsi ilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.
İyulun 8-dən etibarən DİM-də imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalı aparılacaq. Yazılı cavab vermək tələb olunan tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən imtahan nəticələrinin iyulun 22-də elan olunması nəzərdə tutulur.
Azvision.az