Məmmədyarov toplantıda Qarabağdan danışdı

Məmmədyarov toplantıda Qarabağdan danışdı
  06 İyul 2019    Oxunub:1693
Sakit Okean Alyansının (SOA) Perunun paytaxtı Limada keçirilən 14-cü Zirvə iclasında çıxış edən Xarici İşlər naziri Elmar Məmmədyarov üzv ölkələrə Azərbaycanın təşkilata müşahidəçi statusu ilə yekdilliklə qəbul edilməsi qərarı üçün təşəkkürünü bildirib.
XİN-dən Azvision.az -a verilən məlumata görə, Azərbaycanın Alyansın üzv ölkələri ilə qarşılıqlı siyasi-iqtisadi əməkdaşlıqda maraqlı olduğunu vurğulayan nazir, rəsmi Bakının enerji və nəqliyyat sahələrinin potensialı haqqında məlumat verib.

Nazir, regional sabitlik üçün əsas təhlükə mənbəyi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında tədbir iştirakçılarını məlumatlandırıb və münaqişənin həlli istiqamətində böyük səylər sərf edən Azərbaycanın eyni zamanda qlobal əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fəaliyyətindən bəhs edib.

Nazir bildirib ki, beynəlxalq sülh və təhlükəsizliyi təmin etmək üçün hər cür səylər göstərərkən Azərbaycan, hələ də qonşu Ermənistanın davam edən hərbi təcavüzü ilə üzləşir və bu, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-in, o cümlədən Dağlıq Qarabağ və yeddi ətraf rayonunun işğalına; təxminən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün etnik təmizləməyə məruz qalmasına; Azərbaycanın işğal olunmuş ərazilərində çoxsaylı tarixi, mədəni və dini abidələrin məhv edilməsinə gətirib çıxarıb:

"Təəssüf ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının vasitəçilik səyləri Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi və ərazi bütövlüyünün bərpası kimi nəticələri hələ də verməmişdir. Müzakirələrin bu konkret nəticəsi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində, eləcə də ATƏT, Avropa İttifaqı və münaqişə ilə bağlı qərar qəbul edən demək olar ki, bütün beynəlxalq təşkilatların müvafiq sənədlərində təsbit edilmişdir".

E.Məmmədyarov qeyd edib ki, münaqişənin sülh yolu ilə həll olunmasına və ATƏT-in vasitəçiliyi ilə danışıqlar prosesində fəal mövqe tutmağa səy göstərən Azərbaycan, beynəlxalq ictimaiyyətin Ermənistan tərəfindən Azərbaycan torpaqlarının qeyri-qanuni işğalının nəticələrini möhkəmləndirməyi nəzərdə tutan hər hansı fəaliyyətdə iştirakdan çəkinəcəyini və təcavüzkarın Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair müvafiq BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə məcbur edən tədbirlər görəcəyini gözləyir.

Qeyd edək ki, 2011-ci ildə Meksika, Kolumbiya, Peru və Çili tərəfindən təsis edilmiş SOA-da Avropa Birliyinin və Şimali Amerikanın aparıcı ölkələri daxil olmaqla 59 ölkə müşahidəçi üzv statusuna malikdir. Qrup ölkələrinin toplam ümumi daxili məhsulu dünya iqtisadiyyatı siyahısında altıncı yerə malikdir.

Azvision.az


Teqlər: XİN   Qarabağ  





Xəbər lenti