Azərbaycan-Çin biznes forumu keçirilib
Forumda çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qeyd edib ki, Azərbaycan-Çin iqtisadi-ticarət əlaqələri inkişaf edir, qarşılıqlı investisiya əməkdaşlığı həyata keçirilir. Azərbaycanda sənaye, kənd təsərrüfatı, tikinti, maliyyə, ticarət, və xidmət sahələrində Çin kapitallı 120-yə yaxın şirkət fəaliyyət göstərir.
Bununla belə, ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün potensial böyükdür və bu potensialın reallaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Belə ki, Azərbaycanın Çindəki Səfirliyində ticarət nümayəndəsi fəaliyyət göstərir, Çinin Urumçi, Şanxay və Lucou şəhərlərində Azərbaycanın ticarət və şərab evləri açılıb, Honkonq, Quancou, Urumçi, Şanxay və Pekin şəhərlərinə ixrac missiyaları təşkil edilib.
Çinin Azərbaycandakı Səfirliyinin iqtisadi məsələlər üzrə müşavirı Van Çunqan, Çinin Sian şəhəri merinin müavini Qao Qao, Şaansi vilayətinin Kommersiya Departamentinin direktor müavini Tan Yuqan nəqliyyat qovşağında yerləşən Azərbaycanın Çin üçün əhəmiyyətini vurğulayıb, əməkdaşlığın inkişafı istiqamətləri barədə danışıblar.
Sonra AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Azərbaycanın, Çin nümayəndələri isə ölkələrinin Çanba, Baylin, Yanlyan regionlarının biznes və investisiya mühitinə dair təqdimatlarla çıxış ediblər.
Tədbirin sonunda Azərbaycanın “ADY Konteyner” MMC və Çinin “Xi’an Continental Bridge International Logistics Co. Ltd” şirkəti arasında konteyner daşımaları üzrə müqavilə, Azərbaycanın “Kat Holding” və Çinin "Sian Maliyyə Holdinqi", Azərbaycanın “Mergury Group” MMC və Çinin “Çanba” ticarət şirkəti arasında əməkdaşlıq memorandumları imzalanıb.
Azvision.az