Məcburi köçkünlər üçün tikilən 104-cü kompleks - FOTOLAR
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev görülən işlərlə bağlı məlumat verib. Bildirilib ki, Pirallahı rayonunda yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış 306 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli binalardan ibarət yeni yaşayış məhəlləsi dövlətimizin başçısının 2011-ci ildə imzaladığı sərəncama əsasən yaradılıb.
Sifarişçisi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, podratçısı isə “Kristal Abşeron” MTK olan yeni yaşayış məhəlləsinin ötən il başlanan tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılıb. Layihə üzrə doqquzmərtəbəli 3 bina tikilib ki, bunlardan ikisi 72, biri isə 162 mənzillidir. Yaşayış kompleksinə məktəb də daxildir və burada digər zəruri infrastruktur obyektləri tikilib, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib.
Qeyd edilib ki, bu, ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 104-cü müasir yaşayış kompleksidir.
Azvision.az
Teqlər: Pirallahı Məcburi-Köçkün Kompleks