Fondun təşkilatçılığı ilə konfrans keçirilib

Fondun təşkilatçılığı ilə konfrans keçirilib
  11 İyun 2019    Oxunub:1832
Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Yevlax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Yevlaxda “Azərbaycan ailəsi” mövzusunda konfrans keçirilib.
Fondun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, tədbirdə Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Yevlax Rayon İcra Hakimiyyətinin nümayəndəsi Fəxrəddin Zeynalov, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin baş psixoloqu, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva, ziyalılar, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.



Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev tədbirin məqsədi haqqında məlumat verərək bildirib ki, hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə bağlılığından asılıdır. Azərbaycan xalqının çox gözəl və zəngin ailə ənənələri var. Həmin ailə ənənələri sədaqət, qarşılıqlı məhəbbət, dürüstlük, valideynə, böyüyə hörmət, tolerantlıq kimi zəngin və çoxşaxəli xüsusiyyətlərə malikdir.



Konfransda çıxış edən Fondun icraçı direktorunun müavini C.Əliyev qeyd edib ki, Azərbaycan ailəsi həmişə uzun ömürlülüyü və möhkəmliliyi ilə seçilib. Bu, əsasən milli mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanılmasından, müasir dövrə uyğunlaşdırılmasından irəli gəlir.



“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin baş psixoloqu, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva vurğulayıb ki, bu gün qloballaşma və modernləşmə şəraitində ailələr texnoloji və iqtisadi inkişafın gətirdiyi müxtəlif problemlərlə qarşılaşır və bu problemlər boşanma hallarının artmasına səbəb olur. Boşanma zamanı daha çox uşaqlar zərər çəkir və psixoloji sarsıntılara məruz qalırlar. "Ailə psixoloqu” institutunun yaradılması, mövcud "məktəb psixoloqu”, "ağsaqqallıq institutları”nın fəaliyyətinin gücləndirilməsi bu istiqamətdə yaranmış problemlərin qarşısının alınmasında mühüm vəzifələrdəndir.



Yevlax Rayon İcra Hakimiyyətinin nümayəndəsi Fəxrəddin Zeynalov sağlam təməllər üzərində qurulan ailənin cəmiyyətin mənəvi inkişafında mühüm rola malik olduğunu vurğulayıb. Konfransın yekununda iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Azvision.az


Teqlər: Konfrans  





Xəbər lenti