"Epizootik vəziyyət sabitdir" - Baytarlıq Xidməti
İndiyə kimi rayonun ayrı-ayrı şəxsi və fermer təsərrüfatlarında 7053 baş iribuynuzlu, 357 baş təkdırnaqlı heyvanda qarayara, 685 baş itdə quduzluq xəstəliyi əleyhinə profilaktik peyvəndləmə tədbiri aparılaraq, 2322 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müəyyən edilməsi məqsədilə qan nümunəsi götürülüb və 8325 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri görülüb.
Aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri qarayara, bruselyoz və digər iti yoluxucu xəstəlikləri barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verərək, təsərrüfatlarında baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunmasını tövsiyə ediblər. Təsərrüfatlarda hər hansı narahatçılıq olan zaman baytar həkimi ilə sıx əlaqə saxlamalarının vacibliyi vurğulanıb. Həmçinin rayonun baytar mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə və sakinlərə heyvanların yemlənməsi və bəslənməsində zootexniki qaydalara əməl edilməsinə dair tövsiyələr verilib.
Qeyd edək ki, Şabran Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən 2018-ci il ərzində həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin qarşısını almaq məqsədilə 5615 baş iribuynuzlu və 1030 baş xırdabuynuzlu heyvandan (qoçlardan) qan nümunələri alınaraq müayinə edilib. Eləcə də ötən il 25088 baş iribuynuzlu, 49317 baş xırdabuynuzlu, 590 baş cavan iribuynuzlu, 11446 baş təkdırnaqlı heyvanda qarayara və 2451 baş itdə quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbiri aparılıb. Həmçinin başa vurduğumuz il ərzində rayonda 49121 kvadratmetr sahədə profilaktik dezinfeksiya tədbirləri icra olunub.
Şabran rayonunda bundan sonra epizootik tədbirlər plana uyğun olaraq ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptespiros, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptespiros xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə (allergik), qoçlarda infeksion epidedimitə (seroloji) və atlarda manqo xəstəliyinə görə (maleinizasiya) müayinələrin aparılması nəzərdə tutulur.
Dövlət Baytarlıq Xidməti tərəfindən rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Cari ildə dövlət vəsaiti hesabına alınan, “soyuq zəncir” rejimi gözlənilməklə bölgü əsasında sahə baytarlıq məntəqələrinə çatdırılan biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon baytarlıq idarələrinin əməkdaşları tərəfindən “Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı”na uyğun olaraq əhalinin mal-qarasına ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Azvision.az
Teqlər: DBX