Yüz yaşlı bayrağımızın min illik yolu - FOTOLAR

Yüz yaşlı bayrağımızın min illik yolu -  FOTOLAR
  09 Noyabr 2018    Oxunub:104618
Bu gün biz Dövlət Bayrağımızın 100 yaşını qeyd edirik. Amma əlbəttə ki, dövlətçiliyimizin və bayrağımızın tarixi 100 ildən çox-çox qədimlərə gedir. Bugünkü üçrəngli, ay-ulduzlu bayraq şəklini alana qədər Azərbaycan ərazisində qurulmuş dövlətlərin bayraqları böyük bir yol keçib.
Azvision.az Bayraq Günündə oxucularını son min ili aşan bir dövrdə (9-cu əsrdən bu yana) Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları ilə tanış edir. Bayraqları redaksiyamıza tarix elmləri namizədi, dosent Kərəm Məmmədov təqdim edib.

1. Sacilər və Salairilər dövlətlərinin bayrağı (898-981)



Əslində bu dövlətə “Sacilər” yox, Sacoğulları sülaləsi tərəfindən qurulmuş Azərbaycan dövləti demək daha düzgün olardı. Bu, müsəlman-türk sülaləsi tərəfindən qurulmuş və şimallı-cənublu tarixi torpaqlarımızın böyük bir hissəsini əhatə edən ilk dövlət idi. Sacilər Xilafət ordusunun məşhur sərkərdəsi, mənşəcə türk olan Afşinlə eyni nəsildən idilər. Sülalənin banisi Əbu Sac ibn Divdad Xürrəmilər hərəkatının yatırılmasında iştirak etmiş sərkərdələrdən biri idi. Onun özü və oğulları Xilafət sarayında çox böyük nüfuza malik idilər. Sacilərin ilk paytaxtı Marağa şəhəri olmuşdu.

941-ci ildə Sacoğulları sülaləsini Salarilər sülaləsi əvəzləyir. Bu sülalənin əsasını qoymuş Mərzban ibn Məhəmməd mənşəcə Kəngərli tayfasından idi. Onların dövründə də dövlətin sərhədləri praktik olaraq dəyişməz qalır. Salarilərin zəifləməsindən sonra Azərbaycan əraizində ərəb sülaləsi tərəfindən idarə olunan Rəvvadilər, türk mənşəli Şəddadilər dövlətləri yaranır, fars sülaləsi tərəfindən idarə olunan Şirvanşahlar isə yenidən bərpa olunur.

2. Səlcuqlar və Azərbaycan Atabəylər Dövlətinin bayrağı (1038-1225)



Türk tayfası olan Səlcuqların bölgəyə gəlişi həmin dövrdə ciddi geosiyasi dəyişmələrə səbəb olur. Onlar etnik zəmində Şəddadilər ilə təbii müttəfiqlər idilər. Məhz bu ittifaq erməni-bizans və gürcü-bizans alyanslarının qoşunlarını darmadağın edir və ərəb Rəvvadilərlə fars Şirvanşahların da hökmranlığına son qoyaraq, Azərbaycanı Yaxın Şərqin taleyində böyük rol oynamış Səlcuq İmperatorluğunun mərkəzinə çevirir. Məhz bu dövlətin fəalyyəti nəticəsində indiki Anadolunun qapıları türklərin üzünə açılır.
Səlcuq İmperatorluğunun zəifləməsi Azərbaycanda Atabəylər (Eldənizlər sülaləsi) dövlətinin yüksəlişinə rəvac verir.

3. Elxanilər və Cəlairilər dövlətinin bayrağı (1258-1410)



Monqolların yürüşləri bölgədəki bütün dövlətləri darmadğın etdi və yenilərinin formalaşması üçün yeni tarixi-geosiyasi şərait yaratdı. Onlardan biri də Elxanilər dövləti idi. Bu dövlətin taleyi çox ağır və ziddiyyətli olmuşdu – çünki həmin dövrdə Azərbaycan hələ də müharibə meydanı olaraq qalmaqda davam edirdi. Xüsusilə də Toxtamış ilə Əmir Teymurun mübarizəsi bölgənin taleyində ağır mənfi rol oynayırdı.

4. Qaraqoyunlu (Baharlı) dövlətinin bayrağı (1410-1468)



Əmir Teymur dünyasını dəyişəndən sonra tarixi ədəbiyyatda “Qaraqoyunlu” adlandırılan dövlətin yaranması üçün şərait formalaşır. Teymur sağlığında Azərbaycanı oğlu Miranşaha vəsiyyət etmişdi. Amma Qara Yusifin teymurilər və cəlairilər üzərində ardıcıl qazandığı qələbələrlə Azərbaycan ərazisində yeni bir türk-müsəlman dövləti qurulur. Bunu deyərkən xüsusilə qeyd etmək lazımdır ki, Qaraqoyunlular Azərbaycana gəlmə tayfa deyildilər, onların bu ərazidəki tarixini 3-cü əsrə qədər izləmək mümkündür.

5. Ağqoyunlu (Bayandurlu) dövlətinin bayrağı (1468-1503)



Həsən bəy Bayandurlunun qurduğu bu dövlət özünün ən güclü vaxtını yaşayan Osmanlı İmperiyası ilə qonşuluğa məhkum idi və bu fakt onun bütün taleyində dərin izini buraxmışdı.
Daxili çəkişmələrin güclənməsi Ağqoyunlu dövlətinin ikiyə bölünməsinə gətirib çıxarır. Nəticədə yeni bir sülalənin – Səfəvilərin güclənməsi üçün şərait yaranır.

6. Səfəvi dövlətinin bayrağı (1501-1736)

İslamın türklüklə bilrləşməsi nəticəsində yaranan Qızılbaşlıq olduqca güclü ideologiya idi. Məhz bu ideologiyanın təsirilə Səfəvilər öz dövrünün ən qüdrətli dövlətlərindən birinə çevrilmişdi. Qızılbaşlıq ideologiyası dövlətin əsasını təşkil edən türk tayfalarına böyük passionarlıq verirdi. Regionda azərbaycan-türk kimliyinin və Azərbaycan dilinin öz yerini tutmasında Səfəvi dövlətinin böyük rolu olmuşdu. Amma dövlətin hakim elitası qızılbaşlıqdan uzaqlaşdıqca həmin passionarlıq da itir və Səfəvilər tədricən tarix səhnəsindəki mövqelərini itirməyə başlayır.



7. Əfşar dövlətinin bayrağı (1736-1747)

Səfəvilər dağıldıqdan sonra vaxtilə onun yaradılmasında iştirak etmiş türk tayfalarından biri olan Əfşarlar yeni dövlətlə tarix səhnəsinə çıxırlar. Dövləti quran Nadir şah Əfşar qısa müddətdə səfəvilərin zəif vaxtlarında itirdikləri bütün torpaqları geri qaytarır. O, öz dövrünün ən böyük fatehi idi. Amma təəssüf ki, şaha edilən sui-qəsd bu Azərbaycan dövlətinin daha da güclənməsinə imkan vermir.



8. Qacar dövlətinin bayrağı (1795-1925)

Nadir şahın ölümündən sonra bu dəfə vaxtilə Səfəvilər dövlətinin qurulmasında iştirak etmiş digər türk tayfası olan Qacarlar estafeti ələ alır və XX əsrin əvəllərinə qədər yaşayan güclü bir səltənət qururlar. Bu, Azərbaycanın həm Şimal, həm də Cənubunu eyni bayraq altında birləşdirən sonuncu türk-müsəlman dövləti idi. Çünki bir qədər sonra Azərbaycanın Şimalı Rus İmperiyasının tərkibinə qatılır.
1918-ci ildə Rusiya İmperiyasının çökməsi nəticəsində Azərbaycanın Şimalında ilk Cümhuriyyətimiz qurulanda, cənubda Qacar sülaləsi hələ hakimiyyətdə idi. Dövlətçilik xətti baxımından Cümhuriyyətimizi həm də Qacar səltənətinin varisi saya bilərik.



9. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı



Azvision.az


Teqlər: Bayraq-Günü  





Xəbər lenti