"Azərbaycanın su ehtiyatları məhduddur" - Fərda İmanov

"Azərbaycanın su ehtiyatları məhduddur" -  Fərda İmanov
  26 Oktyabr 2018    Oxunub:2274
"Yer kürəsində kifayət qədər su ehtiyatlarının olmasına baxmayaraq, ölkələr üzrə qeyri-bərabər paylanılıb. Ölkələrin iqtisadi durumunun zəif olması, infrastrukturun zəif inkişaf etməsi səbəbindən hazırda dünyada təqribən 8 yüz milyondan çox insan keyfiyyətli su ilə təmin oluna bilmir, 2 milyardan çox insanın sanitar xidmətlərə çıxışı yoxdur"
Azvision.az xəbər verir ki, bunu "Azərsu" ASC-nin Su kanal Elmi-Tədqiqat və Layihə İnstitunun direktor müavini Fərda İmanov Dayanıqlı İnkişafa dair Bakı Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, gələcək üçün proqnozlar ürəkaçan deyil. Belə ki, 2050-ci ildə planetdə hər 4 nəfərdən biri su problemi olan ölkələrdə yaşayacaq və təəssüf ki, Azərbaycan da o ölkələr içərisində olacaq.

"Azərbaycanın su ehtiyatları məhduddur. Su ehtiyatlarının 70 faizi qonşu ölkələrin ərazisində formalaşıb və bizə çirklənmiş vəziyyətdə gəlir. Bu gün Azərbaycanda hər bir insan üçün düşən su payı 3200 kubmetrdir. Transsərhəd çaylar çıxmaqla bu rəqəm 1051 kubmetrdir. 2025-ci ildə isə bu daha da azalaraq 972 kubmetrə çatacaq. Kür çayının bu gün su ehtiyatları 52,4 faiz, yerli çayların isə 16 faiz azalıb. Azalmaların səbəbi antropogen amillərdir. İqlim amillərinin də burada payı böyükdür".

F.İmanov qeyd edib ki, problemlərin həlli yollarına iqlim dəyişikliklərinin adaptasiya yolu ilə də baxıla bilər: "Ərazimizin bir hissəsi işğal olunub və orada Sərsəng su anbarı işğal altında qalıb. Qarabağ zonası və ətrafında yaşayan əhali o su anbarı ehtiyatlarındən istifadə edə bilmir. Nəticədə son illərdə həmin bölgəyə yaxın ərazilərdə 600-ə yaxın subartezian quyuları qazılıb və onlar yüksək səviyyədə istismar olunur. 25 il bundan əvvəl quyuların məhsuldarlığı saniyədə istifadəsi 25-30 litr idisə, bu gün 6-8 litrə düşüb. Bu isə o deməkdir ki, əhalini içməli su ilə təmin etməliyik və yeni quyular qazılmalıdır. Nəticədə yeraltı suallara böyük yük düşür. İqlim dəyişmələrinə ən həssas bölgə Kiçik Qafqazdır".

Qurum rəsmisi əlavə edib ki, əhalinin içməli su təchizatını yaxşılaşdırmaq üçün 52 rayonda layihələr həyata keçirilir. "10-dan artıq şəhərdə kanalizasiya sistemləri inşa olunur. Son dövrdə 10-a yaxın çirkab su təmizləyici qurğular regionlarda istifadəyə verilib. Bu çirkab suları Avropa standartlarına uyğun təmizlənir və çaylara axıdılır. İqlim dəyişmələri nəticəsində bulaq suları quruyur. Bunun quruması isə bizim üçün problem yaradır. Sel və daşqınların təkrarlanması tezliyi artıb. Bu isə əhalinin içməli su təhcizatı üçün çaylarda quraşdırılan qurğulara mənfi təsir göstərir".

Ayrən Zəhra
Azvision.az


Teqlər: Azərsu  





Xəbər lenti