Milliyə təpik atan futbolçularımız – ARAŞDIRMA

Milliyə təpik atan futbolçularımız – ARAŞDIRMA
  10 Sentyabr 2013    Oxunub:2195
Moskava “Lokomativ”inin və Rusiya milli komandasının azərbaycanlı futbolçusu Aleksandr Səmədovun şimal qonşumuzun milli komandasında oynamağı üstün tutmasından sonra xaricdə top qovan həmvətənlərimizin milli komandamıza cəlb olunması yolunda addımlar atılmaqdadır. Son vaxtlar bütün yerli futbol ictimaiyyətini maraqlandıran əsas məsələlərdən biri də Rusiyanın 21 yaşlılardan ibarət yığmasının yarımmüdafiəçisi Emin Mahmudovun milli komandamızda oynamaqla bağlı qərarının necə olacağıdır.

Mahmudov hələ ki, milli seçimi haqqında rəsmi bəyanat verməsə də, onun da A.Səmədovdan fərqli addım atacağı az inandırıcıdır. Bundan başqa, Rusiya klublarının əvəzedici heyətlərində forma geyən bəzi futbolçularımızın da daha yaxşı karyera qurmaq arzusu ilə Rusiya millisinin xeyirinə seçim etməsi yeni bir şey deyil. Son olaraqsa, cari mövsümdə Litvanın "Tauras" komandasının formasını geyən həmyerlimiz İlqar Nəbiyev millimizdən imtina edənlər siyahısına qoşuldu. Vaxtı ilə aşağı yaş qrupları üzrə milli komandalarımızda forma geyən yarımmüdafiəçinin bundan sonra Qırğızıstan yığmasının şərəfini qoruyacağı demək olar ki, dəqiqləşib. Fərq yalnız bundadır ki, digər həmyerlilərimiz perspektiv məsələsini düşünərək başqa ölkə millilərini seçdiyi halda, Nəbiyev belə demək mümkünsə, futbol funksionerlərimizin diqqətindən kənarda qaldığı üçün bu addımı atıb.

Hazırkı vəziyyətdə ölkə futbol ictimaiyyətinin əksər nümayəndələri İlqar Nəbiyevi futbolçunu qeyri-vətənpərvərlikdə qınayır. Amma həm hazırda, həm də müxtəlif vaxtlarda milli komandamızda forma geymiş futbolçuların heç də hamısını vətənpərvər olduğunu söyləyə bilmərik. Çünki indiyə qədər müxtəlif futbolçular milli yığma komandamızın şərəfini qorumaqdan imtina edib. Məsələn, Azərbaycan futbol məktəbinin yetirməsi olan Lev Mayarov yığma – klub dilemması qarşısında qalarkən klub karyerasını üstün tutmuşdu. Təssüf ki. yığmamızdakı perspektivinə özünün futbolçu kimi artımı kontektstindən baxan L.Mayarov Rusiya “Çernomorets” nə göstərdiyi sədaqəti millimizə rəva görmədi. Yəni sözügedən futbolçunun timsalında vətən, millət amilindən söhbət gedə bilməzdi. Ziddiyət orasında idi ki, sonradan L.Mayarov “Çernomorets”də də inkişaf edə bilmədi.

Bundan başqa, hazırda milli komandamızın şərəfini qoruyan Mahir Şükürov da bir müddət öncə yığma komandamızda oynamaqdan imtina etmişdi. Düzdür, “Neftçi”nin üzvü sonradan fikrindən daşınsa da, “Anji”yə transfer olunduğu vaxt atdığı məlum addım göstərdi ki, M.Şükürov artıq “ulduz” xəstəliyinə tutulmuşdu və belə demək mümkünsə, gözü ayağının altını görmürdü.

Milli komandamızda çıxış etməkdən imtina edən futbolçulardan Dimitri Kramarenko və Vəli Qasımovun da adını çəkmək olar. Uzun illər yığmamızın “çərçivə qoruyucusu” olmuş Kramarenkonun əsas milli komandadan imtina etdiyi vaxtlar da olub. Qeyd edək ki, bu cür hallara səbəb adətən o vaxtkı AFFA rəhbəri Fuad Musayevlə qapıçının mərhum atası Sergey Kramarenko arasında soyuqluq olurdu. Son olaraq U-19-un baş məşqçisi kimi çalışmış Vəli Qasımovsa, millinin düşərgəsinə gəlmək üçün külli miqdarda pul xərclədiyini əsas gətirərək milli komandamızda oynamaqdan imtina etmişdi.

Milli seçimini başqa ölkələrin xeyirinə edən bəzi həmvətənlərimizlə bağlı daha bir məqam isə ondan ibarətdir ki, həmin oyunçular azərbaycanlı olsalar da, ölkəmizin futbol məktəbinin yetirməsi deyillər. Xüsusən də Moskvada doğulan və anası rus olan Aleksandr Səmədovun özünü daha çox rusiyalı hesab etməsini anlamaq olar. Təbii ki, Rusiya millisinə dəvət olunan A. Səmədovu və hələ ki, seçmə komandasına düşmək şanslarını saxlayan E. Mahmudovu müəyyən mənada anlamaq da mümkündür. Yadınızdadırsa, vaxtıyla milli komandamıza cəlb olunan Narvik Sırxayev də sonradan Rusiya çempionatının önəmli simasına çevrilmiş və bir müddət sonra Azərbaycan yığma komandasında oynamaqdan imtina etmişdi. Baxmayaraq ki, artıq o vaxt N.Sırxayev millimizin heyətində rəsmi matçlara çıxdığından Rusiya milli komandasında oynamaq şansı yox idi.

Belə olan halda, Rusiya millisinə düşmək şanslarını saxlayan Emin Mahmudovun autsayder olan Azərbaycanı yox, daha böyük perspektiv vəd edən Rusiya millisini seçməsi başa düşüləndir. Necə ki, bir müddət əvvəl AFFA rəsmilərinin və milli komandamızın baş məşqçisi Berti Foqtsun seçmə komandamıza cəlb etməyə çalışdığı əslən azərbaycanlı olan “Malmö” klubunun oyunçusu Jilioan Hamad gənclər yığmasına çağrıldığı İsveç millisində oynamağı üstün tutmuş və Azərbaycan milli komandasında oynamağı ağılsızlıq kimi qiymətləndirmişdi. Amma Qırğızıstan milli komandasının təlkifini qəbul edən İlqar Nəbiyevin yığma karyerasının böyük perspektiv vəd etdiyini demək olmaz. Amma Nəbiyevin seçimində ona qarşı laqeyid münasibətin də az rol oynamadığı bəllidir.

Deməli, millimizdən üz döndərən futbolçuları günahlandırmağa o qədər də haqqımız çatmır. Nə də olsa, haqqında bəhs etdiyimiz soydaşlarımız bizim futbol funksionerlərimiz tərəfindən nə türklərin başqa milli komandanı seçmək imkanı olan Altıntop qardaşlarına, nə gürcülərin Jano Ananidzeyə, nə də bədnam ermənilərin Yura Movsisyana göstərdiyi münasibəti görməyib.

Bu məsələdə ən azından türklərin Almaniya millisini seçən Məsut Özildən sonra Mehmet Ekici, Tunay Torun, Cenk Tosun kimi həmvətənlərinə göstərdiyi münasibəti prioritet olaraq qəbul etmək və Aleksandr Səmədovdan sonra gənc Emin Mahmudovun da əldən çıxmaması üçün səy göstərməliyik. Başqa sözlə, Səmədovla Mahmudov millidən imtina edən ilk futbolçular olmadığı kimi böyük ehtimalla sonuncu da olmayacaq, amma bundan nəticə çıxarmağın vaxtı çoxdan çatıb.

Tural Məmmədov


Teqlər:  





Xəbər lenti