Qızlarımız beloruslarla bacarmadı
Oyunlarını Almaniyanın Drezden şəhərində keçirilən C qrupundakı ilk oyununda gözlənilmədən Xorvatiyaya 3 setdə uduzan Faiq Qarayevin yetirmələri bu dəfə meydanı xalsız tərk edib.
İlk 2 setdə zəif oynayaraq uduzan yığmamız yarışı set qazanmadan tərk etmək təhlükəsi ilə üz-üzə qalıb. Belə ki, son turda Rusiya ilə qarşılaşacağımızı nəzərə alsaq bu dəfəki 0:3 biabırçı sonluğa səbəb ola bilərdi.
Amma 3-cü setdə toparlanan komandamız Natalya Məmmədovanın da uğurlu oynaması hesabına fərqi azaldıb – 1:2. İlk matçla müqayisədə təxminən 3 dəfə güclü oynayan hücumçumuzun səyləri 4-cü setdə millimizə kömək etməyib. Gərgin keçən hissə belarusluların qələbəsi ilə başa çatıb.
Bununla da ardıcıl 2-ci məğlubiyyətini alan yığmamızın taleyi son turda həll olunacaq. Millimiz Rusiyanı 3:0 və ya 3:1 hesabı ilə udmalı, üstəlik bugünkü Rusiya – Xorvatiya və növbəti turun Belarus – Xorvatiya matçlarında da münasib nəticənin qeydə alınmasına ümid etməlidir. Əks halda komandamız qrup 3-cüsü olmaqla pley-off ümidlərini itirəcək.