Kərəm Həsənov hesabat verdi

  24 İyul 2017    Oxunub : 3343
Kərəm Həsənov hesabat verdi
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu ilin yanvar-iyun ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.
Komitədən AzVision.az-a verilən məlumata görə, Kərəm Həsənov müşavirəni açıq elan edərək qeyd edib ki, rəhbəri olduğu komitə ölkədə aparılan iqtisadi islahatlara, fəaliyyətində müasir idarəetmə elementlərinin tətbiqinə və modern yanaşmalara uyğun olaraq davamlı, genişmiqyaslı tədbirlər həyata keçirir.

Qeyd edilib ki, cari ilin 6 ayı ərzində dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə olunması ilə bağlı monitorinqlər aparılmış, 700-ə yaxın monitorinq aktı təhlil edilib. 5000-dən çox dövlət müəssisə və təşkilatlarından illik xüsusi hesabatlar elektron qaydada yığılıb, hazırda sahəvi təhlillər aparılmaqdadır.

Bildirilib ki, ölkə rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara əsasən yeni, müasir yanaşmalar tətbiq etməklə özəlləşdirilmə sürətləndirilir, prosedurlar elektronlaşdırılır. Bu sahədə şəffaflığın, operativliyin təmin olunması, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb edilməsi istiqamətində işlər davam etdirilib. Prosesə yerli investorların daha fəal cəlb edilməsi məqsədi ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və AZPROMO-nun iştirakı ilə 120-yə yaxın iri yerli holdinq, şirkət, assosiasiya və iş adamının qatıldığı işgüzar forum keçirilib. Forum çərçivəsində Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə əməkdaşlıq haqqında memorandumu imzalanıb.

Komitə tərəfindən istifadəyə verilmiş "Özəlləşdirmə portalı"ndan yanvar-iyun ayları ərzində istifadə edənlərin sayı 400 minə yaxın olub. Ümumilikdə fəaliyyətə başladığı dövrdən portaldan istifadə edənlərin 800 mini keçib. Cari ilin ilk 6 ayında dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Bakı və respublikanın rayonları da əhatə olunmaqla ümumilikdə 103 hərrac keçirilib.

Müşavirədə bildirilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirmə sahəsində innovativ yenilik, xüsusi model olan elektron hərracı istifadəyə verib. İlk olaraq daşınar əmlakın özəlləşdirilməsini həyata keçirən elektron hərrac vasitəsilə ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn olaraq qatılıb dövlət əmlakının özəlləşdirilməsində iştirak edə bilərlər.

Qeyd olunub ki, elektron kadastr uçotunun işləri yekunlaşmış 12 rayonda bələdiyyə xəritələrinin hazırlanması üzrə işlər davam edir. Cari ildə 14 rayonunda torpaqların elektron uçotuna alınması işinin tam yekunlaşması nəzərdə tutulur. Ümumi ərazisi 130 min hektar olan 53 rayon mərkəzi və ona bitişik şəhər və qəsəbələrdə daşınmaz əmlaklar barədə elektron kadastr məlumat bazasının yaradılması, ərazinin rəqəmsal kadastr xəritəsinin tərtibi işləri davam edir. 14 rayonun 837 min hektara yaxın ərazilərinin yay və qış otlaqlarında, eləcə də bələdiyyələrin kəndətrafı örüş və biçənəklərində irimiqyaslı çöl geobotaniki tədqiqat işlərinin yerinə yetirilməsi nəzərdə tutulur. Bu ilin birinci yarımilliyində 268 min hektara yaxın ərazidə çöl torpaq tədqiqatı, 200 min hektar ərazidə çöl geobotaniki tədqiqat işləri yerinə yetirilib.

Vurğulanıb ki, respublikanın 57 şəhər və rayonu, o cümlədən, 156 qəsəbə və 1 533 kənd yaşayış məntəqəsi üzrə 30 minə yaxın küçə və prospekt, 600 mindən artıq giriş ünvan nömrələri Ünvan Reyestri İnformasiya Sisteminə daxil edilib. Fevral ayında vətəndaşların istifadəsinə verilən "AzNav" - ilk rəsmi naviqasiya sistemi istifadəçilərinin sayı cari ilin ilk 6 ayı ərzində 100 minə yaxın olub.

Komitə tərəfindən torpaqların səmərəli istifadə olunması və mühafizəsinə nəzarət məqsədilə Bakı və regionlarda monitorinqlər və reydlərin keçirilməsi işləri davam etdirilmişdir. Hesabat dövrü ərzində 600 hal üzrə inzibati protokollar tərtib olunub. Ümumilikdə indiyədək, 1700 inzibati protokol əsasında 1,2 mln. manat cərimə tətbiq edilib, 240 hal üzrə müvafiq sənədlər aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib.

Müşavirədə bildirilib ki, 32 müraciət üzrə torpaq sahəsinin təyinatı dəyişdirilib. Kənd təsərrüfatı məqsədi ilə 184 min hektara yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib.

Bildirilib ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində növbəti innovativ addım çıxarış və arxivlərin elektronlaşdırılmasıdır. Bununla əhaliyə əmlaklar üzərində çıxarışların elektron formatda təqdim edilməsi mümkün olub.

İlk 6 ay ərzində keçirilmiş 14 "Kütləvi çıxarış" kampaniyasının 2-si paytaxt rayonlarında, 12-si isə respublikanın müxtəlif şəhər və rayonlarında baş tutub. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı fəaliyyət göstərən mobil ofislər vasitəsilə 6 ay ərzində vətəndaşlardan 33 mindən çox müraciət qəbul olunub. Ümumilikdə bu il ərzində ölkə üzrə 94 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb, bu göstəricinin 28 min 348-i ilkin, 64 min 954-ü isə təkrar qeydiyyata aiddir.

Qeyd edilib ki, hesabat dövrü ərzində Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən tərəflərin fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə şəffaflığın artırılması, birgə layihələrin həyata keçirilməsi, innovasiyaların tətbiqi üçün geniş platforma yaradılır.

Komitənin çağrı mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə komitənin aparatında müasir standartlara cavab verən 193 nömrəli vahid “Çağrı Mərkəzi” yaradılıb.

Komitənin fəaliyyət sahələri üzrə təşkil edilmiş elektron və onlayn xidmətlər vasitəsilə hüquqi və fiziki şəxslər tərəfindən yanvar-iyun ayları ərzində 80 mindən çox müraciət daxil olub və cavablandırılıb.

Cari ilin ilk 6 ayı ərzində regionlarda 6 vətəndaş qəbulu keçirilib, 53 vətəndaş qəbul edilərək müraciətlərinə baxılıb.

Müşavirənin sonunda K.Həsənov qarşıdakı fəaliyyətlə bağlı tapşırıqlarını səsləndirib. Torpaq münasibətlərinin tənzimlənməsinin effektiv aparılması, torpaqların elektron kadastr uçotu sisteminin yaradılması, torpaqların kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi ilə bağlı görülən işlərin sürətlənməsi, torpaqların mühafizəsinə dövlət nəzarətinin daha da gücləndirilməsi, daşınmaz əmlakın qeydiyyatı sahəsində şəffaflığın daha da artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi, daşınmaz əmlakın kadastrının aparılması ilə bağlı işlərin davam etdirilməsi, dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi istiqamətində zəruri işlərin görülməsi barədə tapşırıqlarını verib. Bildirib ki, komitə fəaliyyəti üzrə ictimai xidmətlərdə əlçatanlığın və vətəndaş məmnunluğunun təmin edilməsinə xüsusi önəm verir. Komitə sədri fəaliyyət istiqamətlərində elektronlaşmanın təmin edilməsi, elektron hərracların daha geniş şəkildə tətbiq olunması, yeni innovativ layihələrin davamlı olaraq keçirilməsi ilə bağlı tapşırıqlarını verib.

AzVision.az

Teqlər: komitə   cərimə   hesabat