Partlayışda yaralanan iki nəfər ANAMA-nın əməkdaşıdır - (VİDEO)

Partlayışda yaralanan iki nəfər ANAMA-nın əməkdaşıdır - (VİDEO)
  20 İyun 2017    Oxunub:8408
“20 iyun 2017-ci il tarixində səhər saat 07:15 radələrində əməliyyat zamanı mina hadisəsi baş verib. Hadisə zamanı ANAMA-nın 2 əməkdaşı – Həzi Aslanov və Ruslan Qasımov yüngül bədən xəsarətləri alıb, xəstəxanaya yerləşdirilib”.
Bu barədə AzVision.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətinin rəhbəri Səbinə Sərkərova məlumat verib..

O, bildirib ki, Türkiyədə baş verən hadisə zamanı xəsarət alan şəxslərə ilkin tibbi yardım göstərilib, həyat və sağlamlıqları üçün heç bir təhlükə yoxdur.

S.Sərkərovanın sözlərinə görə, agentlik tərəfindən Türkiyədə mina təmizləmə işləri aparan “MECHEM” şirkəti ilə bağlanmış müqaviləyə əsasən Türkiyə-İran sərhədində mina təmizləmə əməliyyatları yerinə yetirilir.

Qeyd edək ki, bu gün Türkiyə ilə İran sərhədində Kiçik Ağrı Dağı ərazisində mina təmizlənməsi zamanı partlayış baş verib. Partlayış nəticəsində iki Azərbaycan vətəndaşı yaralanıb. Onlar çıxardıqları minaları təhlükəsiz əraziyə apararkən partlayış olub. Hadisə yerində edilən müdaxilədən sonra yaralılar İğdır Dövlət Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, həmin ərazilərin minalardan təmizlənməsi ilə Türkiyə, Azərbaycan və Mozambik mütəxəssisləri məşğul olur.



Anar Kəlbiyev
AzVision.az


Teqlər: ANAMA   Türkiyə   Mina   Partlayış  





Xəbər lenti