Velisopedçilər diabetli uşaqlarla görüşdü - FOTOLAR

Velisopedçilər diabetli uşaqlarla görüşdü - FOTOLAR
  08 May 2017    Oxunub:1558
“Diabet insanın istəklərini həyata keçirməsinə maneə deyil” – "Tour d'Azerbaidjan 2017" beynəlxalq velosiped turunun iştirakçılarından olan “Team Novo Nordisk” komandasının azərbaycanlı diabeti olan uşaqlarla görüşünün mesajı bu idi.
7 mayda, turnirin final günündə Azərbaycan Diabet Cəmiyyəti ilə birgə təşkil olunan görüşdə “Team Novo Nordisk” komandasının velosipedçiləri uşaqlarla öz təcrübələrini, sağlam həyat tərzi haqqında fikirlərini bölüşdülər.
Diabeti olan velosipedçilərdən təşkil olunmuş bu komandanın üzvlərindən biri, Fransadan olan Quentin Valognes 6 yaşından bəri diabetlə yaşayır. Velosiped sürməyə də uşaq yaşlarından başlayıb. O deyir ki, “Ətrafımdakı insanlar hər zaman ehtiyatla davranmağımı istəsələr də, mən onları inandırmağa çalışdım ki, bacara bilərəm. Bizim də iki əlimiz, iki ayağımız var – diabet xəyalları gerçəkləşdirməyə maneə deyil.”



Komandanın digər üzvü İrlandiyadan olan Stephen Clancy, 19 yaşında diabet olduğunu öyrənib. İlk vaxtlarda həkimi ona velisoped sürməyi məsləhət görməsə də, araşdırdıqca belə olmadığı qənaətinə gəlib. O deyir ki, “Sonradan “Team Novo Nordisk” komandası haqqında öyrəndim və düşündüm ki, onlar edə bilirlərsə, deməli, mən də bacararam. Onlar məni ruhlandırdılar, biz də Azərbaycan, eləcə də dünyadakı başqa diabetliləri həvəsləndirməliyik.” İdmançının sözlərinə görə, diabeti idarə etməyin ən yaxşı yolu pəhrizi, qanda şəkərin səviyyəsini nəzarətdə saxlamaq və ən yaxşı insulindən istifadə etməkdir.

Övladı ilə birlikdə görüşə gələn Məmmədova Günayın oğlu Məmmədov Raul artıq 3 ildir ki, diabetdir. O bildirir ki, “Biz diabeti xəstəlik olaraq görmürük. Raul həmişə deyir ki, bu xəstəlik deyil, sağlam yaşamaq, sağlam qidalanmaqdır.”



Raulun 11 yaşı olsa da, diabet haqqında İnternetdə araşdıraraq çoxlu məlumatlar əldə edib. Gələcəkdə, öz təbiri ilə desək şəkər həkimi olub, uşaqları iynə vurmadan sağaltmağın çarəsini tapacağını söyləyir. Raul deyir ki, “Şəkərli yeyən insanlar hansısa başqa xəstəliklərə tutula bilir, amma mən tutmayacağam, çünki şəkəri az miqdarda istifadə edirəm, qidalanmağıma çox fikir verirəm, ona görə də yaxşı və sağlam böyüyəcəyəm.”

Günay xanım bildirir ki, həkiminin doğru yönləndirməsi də Raulun daha çox məlumatlanmasına və qüvvətli olmasına kömək göstərib. Bu cür tədbirlərin olması da müsbətdir ki, uşaqlar belə idmançılarla görüşüb danışsınlar ki, fikirlərinə yaxşı mənada təsir göstərsin.



Qeyd edək ki, Beynəlxalq Diabet Federasiyasının statistikasına əsasən, hazırda dünyada 415 milyon insan diabetlə yaşayır. Beynəlxalq məlumatlara görə, Azərbaycanda 1 milyon insan diabetdir. Onlardan təqribən 220 min insana diaqnoz qoyulub. Digərləri isə diabet olduğundan xəbərsizdir.


“Diabeti dəyişək” proqramı çərçivəsində "Novo Nordisk" şirkəti bütün dünyada diabetlə yaşayan milyonlarla insana və gələcəkdə bu xəstəliyə tutulmaq riski olanlara öz dəstəyini göstərir. Bununla da, şəkərli diabetlə yaşayan insanların həyat keyfiyyətinin yaxşılaşmasına öz töhfəsini verir.

AzVision.az




Teqlər: Diabetli-uşaqlar  





Xəbər lenti