“Ermənilər uşaq evindəki körpələri boruya doldurdular...” - MÜSAHİBƏ (VİDEO)
O, AzVision.az-a müsahibəsində ermənilərin azərbaycanlılara qarşı törədikləri qırğınla bağlı illərlə gizli qalan, heç kəsin bilmədiyi məqamlardan söhbət açıb. Söhbətin birinci hissəsini BURADAN oxuya bilərsiniz.
- Mən həmin vaxt Arçut kənd məktəbində müəllim işləyirdim. Kənd mühasiərədə olan zaman heç kim evində yatmırdı. Sakinlər dərə-təpələrdə, meşədə tonqal yandırıb, qızınırdılar ki, ermənilər hücum edəndə qaçıb canlarını qurtara bilsinlər. Həmin vaxt “qara saqqallılar” bizim məktəbi də dağırtmış, tədris silahlarını aparmışdılar.
Sonradan, 1988-ci ilin yanvar ayının 16-da məni həbs edəndə ermənilər dedilər ki, “sən həmin silahları kənd müdafiəçilərinin dəstəsinə vermisən”. Mən də gülərək dedim ki, həmin silahlarla güllə atmaq olmur. Ermənilər dedilər ki, o silahların deşik yerlərinə kağız tıxayandan sonra atmaq olur. Həmin vaxt həbsxana uçmuşdu, məni vaqonda saxlayırdılar. Orada Varod adlı bir milis işçisi vardı. Şəmkirin Bayan kəndindən idi, gəlib bizim rayonda polis işləyirdi. Gecə onu mənim yanımda vaqona qaravul qoydular. Vaxtilə ona çox hörmət etmişdim.
Bir dəfə eşitdim, ermənilər danışırlar ki, bunu məcbur edək, Arçut kəndindəki silahlıların adlarını desin, sonra onları tutub həbs edək, mərkəzi televiziyadan da jurnalist gətirib, çəkiliş aparaq ki, Vartanlı qırğının səbəbkarları bu silahlı dəstə olub. Fikirləşdim mən yalandan axı necə deyim ki, filankəsdə silah var?! Bizdə silah yox idi. Yaba, bel vardı ki, erməni hücum edən zaman özümüzü qoruyaq. Onlar İrəvandakı Təhlükəsizlik orqanı ilə danışıb, deyirdilər ki, Vartanlı qırğınının səbəbini göstərmək üçün belə bir iş təşkil edirlər. İrəvəndan onlara dedilər ki, sabah biz gələcəyik, siz ondan sorğu götürməyin.
Varod adlı həmin polis məni meşənin ətəyində yerləşən hərbi hissənin yataqxanasına apardı. Gecə saat ikidə polis yatan kimi mən meşə yolu ilə kəndimizə qaçdım, oradan da Azərbaycana gəldim. Arxamcan axtarış-istintaq əmri verdilər. Mənim hara getdiyimi öyrənmək üçün kəndimizin sakinlərini sorğu-sual etmişdilər. Guya ki, silahlı dəstəni mən təşkil etmişəm. Guya, mən məktəbdəki silahları kəndi müdafiə edənlərə payladığım üçün Vartanlı qırğını baş baş verib. Vartanlı qırğını haradasa Xocalı soyqrımı kimi idi - yeriyə bilən bütün əhalı soyuq qış gecəsində qarın içi ilə qaçdılar. Bəzilər qarda qaldılar. Ağır vəziyyətdə Qazaxdakı xəstəxanlara yerləşdirildilər. Xəstəxanada da ölənlər oldu. Ölənlərin arasında qadınlar da vardı.
Sumqayıt hadisələrini də, Ermənistanda bizim başımıza gətirilənləri də Qorbaçovun rəhbərliyi ilə Kreml tərəfindən təşkil edilmişdi. Səbəb isə Azərbaycan torpağını bölmək və Qarabağı Ermənistana vermək idi. Həmin vaxt Sovet rejimi olduğu üçün, Azərbaycan tələb edə bilmirdi ki, camaatı qıranlar həbs olunsunlar. Heç kimi də həbs etmədilər. Bir kəndin əmlakını taladılar. Bizim kəndin 500 qoyunla birlikdə bir çobanını da yoxa çıxardılar. Həmin çoban Əhməd mənim xalam oğlu idi. 170 kəndin malı, əmlakının hamısı ermənilərə qaldı.
Sumayıt qırğını ilə bağlı yazdığım kitabda da qeyd etmişəm ki, ermənilər bizə deyirdilər “bir iş olacaq...” Aradan iki gün keçməmiş Sumqayıt hadisəsi baş verdi. Ermənilər əvvəlcədən bilirdilər ki, Sumqayıtda qırğın edəcəklər və günahı azərbaycanlıların üstünə atacaqlar. Biz isə onlar “iki günə hər şey yaxşı olacaq” deyəndə elə başa düşürdük ki, kəndlərdə vəziyyəti düzəldəcəklər.
O zaman Leninakanda (Gümrü) uşaq evi vardı. 16 rayondan olan kimsəsiz uşaqları ora yerləşdirirdilər. Orada 70 azərbaycanlı uşaq olub. 14-15 yaşlı uşaqların içərisindən 25 nəfəri seçib, aparıblar. Bunu ermənilərin özləri deyirdilər. Onları hara apardıqları naməlum olaraq qalır. Qalanlarını isə avtobusa doldurub, deyiblər ki, sizi Qazaxda Azərbaycana təhvil verəcəyik. Onlar arasında bizim kənddən də bir uşaq vardı. Əri gəlini boşamışdı, qızın atası da bir yaşlı uşağı qəbul etmədi və onu aparıb Gümrüdəki uşaq evinə qoymuşdular. O zaman SSRİ ilə Türkiyə arasında qaz borusu çəkilməli idi. Ora böyük tutumlu borular düzmüşdülər. Ermənilər uşaqları həmin boruların içinə doldurub, ağzını qayanaqlayıb, yandırıblar.
Bir müddət sonra zəlzələ baş verdi. Həmin vaxt Türkiyə ərasizində yuqoslaviyalı xilasedici komandası təyyarə ilə Gümrüyə gəlirmiş. Həmin təyyarəni vurdular, 7 nəfər xilasedici həlak oldu. Azərbaycandan gedən xilasedici təyyarəni də vurdular. Fransadan da xilasedici komanda gəlmişdi. Onlar özlərilə itlər gətirmişdilər. Uçqunların altında qalan meyitləri çıxaran zaman həmin it gedib boruya hürməyə başlayır. Borunu açıb, görürlər ki, uşaq meyitlərilə doludur. Onlar türkü özlərinə düşmən bilirlər. Ona görə də uşaqlara elə əziyyət verib, öldürürdülər. Bu, ermənilərin soyqırım siyasətidir.
Vartanlı kəndində trassın yanında düzülən 17 azərbaycanlının qəbiri bütün qırğınlara şahiddir. Ermənilər StepnavınCəryərli kəndində də azərbaycanlı sağıcıları, fermada işləyən qadınları əziyyət verərək, qətlə yetirmişdilər.
Hafiz Əhmədov
Foto: Elvin Abdulla
Video-montaj Əhməd Xəlilov/ Bəxtiyar Məmmədov
AzVision.az