“Qarabağ” möcüzə yarada bilərmi? – TƏHLIL

“Qarabağ” möcüzə yarada bilərmi? – TƏHLIL
  27 Avqust 2013    Oxunub:1889
Ölkəmizi Avropa Liqasında təmsil edən Ağdamın “Qarabağ” komandası iki gün sonra turnirin pley-off mərhələsinin cavab qarşılaşmasında Almaniya “Ayntraxt” ilə üzləşəcək. İlk oyunda evdə rəqibinə 0:2 hesabı ilə yenilən Qurban Qurbanovun komandasının qrup mərhələsinə adlamaq şansları yüksək qiymətləndirilməsə də, ağdamlıların indidən ağ bayraq qaldırmasına əsas yoxdur. Odur ki, ikinci oyun ərəfəsində də rəqibin zəif cəhətlərini gözdən keçirməklə “Qarabağ”ın hansı yolla mərhələ adlaya biləcəyini müəyyənləşdirməyə çalışacağıq.

“Ayntraxt” qeyri-sabit çıxış edir

Frankfurt təmsilçisi 2011/12 mövsümünün yekunlarına əsasən Almaniyanın elitasına yüksəldikdən sonra ilk mövsümdəcə Avropa Liqasında vəsiqə qazanmaqla diqqət çəksə də, bununla belə, ötən mövsüm komandanın bundesliqada qeyri-sabit çıxış etməsi də diqqətdən yayınmadı. Ötən mövsüm ilk beş turun ardından ilk pilləyə şərik olan komanda daha sonra geriləməyə başlamışdı.

İlk dövrədə enişli-yoxuşlu qrafik cızan Armin Fenin “drujinası” ilk dövrənin sonlarına doğru qazandığı qələbələr sayəsində dövrəlararası fasiləyə dördüncü pillədə yollanmışdı. Amma ikinci dövrənin startından sonra 6 oyunda qələbəyə həsrət qalan “qartallar” öncə “Şalke 04”ü, ardınca isə “Frayburq”u özündən irəli buraxmışdı. Avroliqaya vəsiqəni isə yalnız son turda təmin etmək mümkün olmuşdu. Bütün sadaladığımız məqamlar “Ayntraxt”ın sabit çıxış edən komanda olmamasını ortaya qoyur.

Rəqibin arxayınlaşması lehimizə ola bilər

Bir həftə öncə səfərdən 2:0 üstünlüklə qayıdan Frankfurt təmsilçisi ikinci qarşılaşmaya mərhələ adladığını düşünərək çıxsa, bu amil komandamızın xeyirinə işləyə bilər. Belədə meydan sahiblərinin oyuna köklənməsində problem yaşana bilər ki, bu da “Qarabağ”ın Frankfurtda sərfəli nəticə qazanmasını şərtləndirə bilər. Digər tərəfdən, “köhlən atlar” ilk oyunda heç də görməyə adət etdiyimiz “Qarabağ” kimi çıxış etmədi ki, bu da rəqibin komandamızın oyun tərzini tam analiz etməsinə imkan verməyəcək.

“Qarabağ” ehtiyat, “Ayntraxt” əsas heyətlə oynadı

Ölkə Premyer-Liqasında itkisiz irəlləyən “Qarabağ”ın baş məşqçisi Qurban Qurabanovun son çempionat matçında “Qəbələ” qarşısında Qara Qarayev və Vüqar Nadirov istisna olmaqla digər əsas heyət üzvlərini meydana buraxmaması komandamızın əsas üzvlərinin “Ayntraxt”la oyunda yorğunluqdan əziyyət çəkməyəcəyini düşünməyə əsas verir ki, bu da “Qarabağ”ın üstünlüyü kimi qiymətləndirilə bilər. Ağdamlılardan fərqli olaraq son bundesliqa matçında “Braunşveyq” qarşısına əsas heyətin 10 üzvünə güvənməklə çıxan “Aytraxt”ın heyətində cəmi bir dəyişiklik var idi ki, bu da “Qarabağ”a qarşı oynamış Srcan Lakiçin əvəzinə “Sparta”dan transfer olunan və UEFA-nın qaydalarına əsasən “köhlən atlar”a qarşı forma geyə bilməyəcək Vatslav Kadleçin meydanda olması idi.

Müdafiə xətti etibarlı deyil

Bakıda keçirilən ilk qarşılaşma “Ayntraxt”ın müdafiə xəttinin səhvsiz oynamadığını göstərdi. Oyunun gedişində ağdamlıların pressinqi zamanı və xüsusən müdafiəçilərin geriyə ötürmələr anında xətalara yol verdiyi görünürdü. İlk matçda meydana çıxan arxa xətt oyunçularından Stefano Çelotsi, Karlos Zambrano, Bamba Anderson və Bastian Oçipkanın ikinci görüşdə də meydanda olmasını ehtimal etmək olar. Sol cinahda yer alan Oçipka hücumlara tez-tez qoşulması ilə seçilir. O, ötən mövsüm çempionatda 8 məhsuldar ötürmə verməklə bu baxımdan bütün komanda yoldaşlarını qabaqlamışdı. Müdafiəçilər arasında assistentlik baxımından Bastian yalnız “Bavariya”lı Lamdan geri qalmışdı. Amma xüsusən cinah müdafiəçilərinin “Qarabağ”ın hücumları zamanı mövqeylərində boşluq yaratması mümkündür.

Dörd hücumçudan cəmi 6 qol

“Ayntraxt”la ilk qarşılaşma rəqibin orta xəttinin güclü olduğunu göstərdi. Hər halda, Bakıda qapımıza iki dəfə yol tapan Aleksander Mayerin yarımmüdafiə xəttində çıxış etməsi dediklərimizn təsdiqi sayıla bilər. Bundan başqa, Stefan Ayqner, Sebastyan Rode, Takaşi İnui kimi oyunçuların səviyyəsi də göz qabağında idi. Elə Almaniya çempionatının ilk üç turunda üç qola imza atan frankfurtluların hər üç qoluna yarımmüdafiəçilər imza atması da sıradan fakt deyil. Amma hücum xətti haqqında eyni sözləri deyə bilmərik. Ötən mövsüm heyətdə olan 4 hücumçunun birgə cəmi 6 qol vurması ön xəttdə işlərin qaydasında olmamasından xəbər verir. Ön xəttdə problemləri yoluna qoymaq istəyən Frankfurt təmsilçisi Çexiyanın “Sparta” klubundan 21 yaşlı Vatslav Kadleçi sıralarına qatsa da, çexiyalı forvard sabiq klubunun heyətində Avroliqanın ikinci təsnifat mərhələsində meydana çıxıdığından “Qarabağ”a qarşı forma geyə bilməyəcək.

Duarte Qomeslə üçüncü dəfə

Xatırladaq ki, iki gün sonra Frankfurtdakı “Kommersbank Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat 23:30-da başlayacaq matçı portuqaliyalı Duarte Qomes idarə edəcək. 40 yaşlı FİFA hakimi 2002-ci ildən bu statusu daşıyır. UEFA-nın I kateqoriyalı hakimi olan portuqaliyalı 2006-cı il oktyabrın 27-də U-19-ların Azərbaycan – Ermənistan oyununu idarə edib. Həmin vaxt millimiz 2:1 hesabı ilə qalib gəlmişdi. Bundan 5 gün sonra isə portuqaliyalı həmin Arif Əsədovun çalışdırdığı yığmamızın Kiprlə heç-heçəsində iş başında olmuşdu – 1:1. Bank işçisi olan Qomesə Almaniyadakı oyunda həmyerlilərindən ibarət briqada kömək edəcək.

Tural Məmmədov


Teqlər:





Xəbər lenti