`Xocalıda ölənlərin sayı daha çox olub` - Ombudsman (VİDEOXƏBƏR)

`Xocalıda ölənlərin sayı daha çox olub` - Ombudsman (VİDEOXƏBƏR)
  24 Fevral 2017    Oxunub:4958
“Uşaqlar müharibənin günahsız qurbanlarıdır” adlı kitab Beynəlxalq Məhkəməyə təqdim olunan sənəddir.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova "Xocalı faciəsi: unudulmayan tarix və günahsız uşaqlar" adlı tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, biz Xocalı soyqırımının əzablarını hər gün hiss edirik:

“Bu, hər birimizin dərdidir. Xocalı soyqırımı nəticəsində 63 uşağın, 106 qadının öldüyünü deyirik. Mən bu rəqəmlərə inanmıram. İtkilərimiz daha çox olub. Biz bu rəqəmlərə yenidən qayıtmalıyıq. Çünki o vaxt bu işin qeydiyyatını aparmaq üçün elə də geniş imkan olmayıb. Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatlarının qiymətləndirilməsi üzrə İşçi qrupu tərəfindən aparılan işlərinin nəticələrinə əsasən Ermənistanın ölkəmizə vurduğu zərərin yekun məbləği 819 milyard 15 milyon ABŞ dolları həcmindədir. Mən bu rəqəmlərə inanmıram, çünki o dövrün belə bir qüvvəsi yox idi. O dövrdə Azərbaycanda olan hakimiyyət nümayəndələri bildirdi ki, Xocalıda baş verən faciə nəticəsində 2-3 nəfər ölüb. Tək Xocalı deyil, neçə rayonumuz soyqırıma məruz qalıb ki, onların izləri bizdə yoxdur. Əgər belə bir imkan olsa, real olaraq Azərbaycanın erməni təcavüzü nəticəsində itkiləri dəyərləndirsələr, bu, 819 milyard 15 milyon onun qarşısında heç nə olar”.

Ombudsman xatırladıb ki, Azərbaycana qaçan erməni ailəsi Qızıl Xaç Cəmiyyəti tərəfindən hər gün yoxlanırdı: “Yedikləri yeməklər belə soruşulurdu. Amma onlar sərhədi keçən kimi, bəyan etdilər ki, Azərbaycanda bizə işgəncə verilər. Bunların saxtakarlıq qanlarında var.

Aprel döyüşlərində prezident İlham Əliyev bildirmişdi ki, Rusiya prezidenti zəng edib ki, döyüşləri dayandırmaq lazımdır. Bu böyük siyasətdir. Böyük siyasətin qarşısını almaq kiçik dövlətlər üçün çətindir. Lakin biz işimizi davam etdiririk”.



Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti