“Qarabağ” nə edə bilər? – TƏHLİL

“Qarabağ” nə edə bilər? –  TƏHLİL
  22 Avqust 2013    Oxunub:1621
Bu gün axşam Azərbaycanın bütün futbol həvəskarlarının gözü “Qarabağ”da olacaq. Öncə Makedoniyanın "Metallurq"unu, ardınca Polşa “Pyast”ını sıradan çıxaran, sonra İsveç “Gefle”sini aşan Ağdam klubu Almaniyanın “Ayntraxt”ı ilə bacara biləcəkmi? Gəlin, şanslarımızı təhlil edək.

Xatırladaq ki, bu qarşılaşma iki ölkə klublarının beynəlxalq miqyasda ikinci qarşılaşması olacaq. Buna qədər 2010-2011-ci illər mövsümündə Avropa Liqasının play-off mərhələsində Dortmund “Borussiya”sı ilə qarşılaşan “Qarabağ” hər iki oyununda (4:0; 1:0) rəqibinə yenilib.

2011/12 mövsümünün yekunlarına əsasən bundesliqaya yüksələn “Ayntraxt” bzim klubu ciddiyə almadığını gizlətmir. Bəs görəsən, “köhlən atlar” ciddiliyini göstərmək üçün hansı oyun üslubuna üstünlük verməlidir?

Rəqibin oyun üslubuna diqqət yetirsək, komandanın hücumları əsasən cinahlardan qurduğunu deyə bilərik. Deməli, “Qarabağ”ın futbolçuları ilk növbədə “Ayntraxt”lıların cunah keçidlərinə mane olmalıdır. Bu baxımdan Stefan Ayqneri qabaqlamalı olan Ansi Aqoli və Tokaşi İnuinu zərərsizləşdirməli olan Maksim Medvedevin üzərinə böyük iş düşəcək. Komandamızın mərkəz müdafiəçiləri isə 1,96 sm boya malik olan Aleksander Mayeri diqqətdən yayındırmamalıdır.

Elə dayaq yarımmüdafiəçisi Sebastyan Rode də “Qarabağ”a təhlükə yaradacaq futbolçular sırasındadır. Yarımmüdafəçi 2012/13 mövsümündə 1766 ötürmə verib ki, bu “qartallar”ın heyəində ən yüksək göstəricidi. Özü də həm hücumlara qoşulan, həm də müdafiəyə yardım edən Rodenin ötürmələrinin 85,5%-i ünvanına çatıb. Yəni komandada oyun quruculuğu məhz Sebastyanın üzərinə düşür. Ona pressinq tətbiq edib hücumları başlamasına mane olmaq əsas şərtlərdəndir.“Ayntraxt”ın güclü müdafiə xəttinə malik olduğunu demək olmaz. Odur ki, Qurban Qurbanovun yetirmələri arxa xəttdəki boşluqlardan istifadə etməlidir. Xüsusən cinah keçidləri zamanı mövqeyində boşluqlar buraxan Bastian Oçipka və Sebastyan Yunqun yer aldığı sağ və sol cinahlardan rəqib üçün təhlükə yarada bilərik. Zədə səbəbindən matçı buraxacaq Reynaldo Silvanın yoxluğunda bu, nə qədər çətin olsa belə...

Qarşılaşmanın nəticəsinə təsir edə biləcək məsələlərdən biri də komandaların psixoloji hazırlığıdır. Bu mənada tərəflərin yeni mövsümə necə başlaması az önəm kəsb etmir. Əhval-ruhiyyə baxımından müqayisə aparsaq, təmsilçimizin daha yaxşı durumda olduğunu demək olar.

Belə ki, Topaz Premyer-Liqasının yeni mövsümünə uğurla başlayan və geridə qalan üç qarşılaşmada maksimum nəticə qazanan ağdamlılardan fərqli olaraq “Ayntraxt” turnir cədvəlinin sonuncu sırasındadır. Məlumat üçün bildirək ki, Frankfurt təmsilçisi yeni mövsümün ilk matçında səfərdə “Herta”ya 6:1, mövsümün ikinci qarşılaşmasında isə evdə “Bavariya”ya 1:0 hesabı ilə yenilmişdi.

Tural Məmmədov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti