REAL-ın `balanslaşdırma siyasəti`

  28 Yanvar 2017    Oxunub : 8341
REAL-ın `balanslaşdırma siyasəti`
REAL-ın İranla məxfi əlaqələrinin üzə çıxmasından sonra hərəkatın üzvləri əl-ayağa düşməyə başlayıb. REAL-çılar dünəndən bəri sosial şəbəkələrdə “mələk” cildinə girib, “İrandan pul almamışıq, gizli əlaqələrimiz yoxdur”- deyə and-aman edirlər.

Respublika Baş Prokurorluğunun məsələyə müdaxiləsindən sonra REAL üzvləri planlarının ifşa olunacağından ehtiyatlanırlar. Qorxuya düşdüklərini gizlədə bilmirlər. Bunu görmək üçün virtual “qəhrəmanlar”ın statuslarını oxumaq kifayətdir.

Haqlı olaraq sual ortaya çıxır: hər şey deyildiyi kimi, “şəffaf”dırsa, məxfi əlaqələr yoxdursa, bu narahatlığa səbəb nədir? Yaxud, bu gün tələm-tələsik ABŞ səfirliyinin əməkdaşları ilə keçirilən görüşü necə başa düşək? Bununla cəmiyyətə hansı mesajı verməyə cəhd olunub?

Gizli İran planının ifşasından sonra REAL guya “balanslaşdırma siyasəti” aparırmış kimi görüntü yaratmağa çalışıb. Bu məqsədlə təcili REAL-ın ofisində ABŞ səfirliyinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə REAL-ın icra Katibi Natiq Cəfərli, İdarə Heyəti üzvləri Erkin Qədirli, Azər Qasımlı və Rəsul Cəfərov, ABŞ-ın ölkəmizdəki səfirliyinin Siyasi şöbəsinin müdiri Zia Syed və səfirliyin təmsilçisi William Solley iştirak edib.

Təşkilatın yaydığı məlumatda qeyd olunub ki, görüşdə ölkədəki ictimai-siyasi, iqtisadi vəziyyət və gözləntilər müzakirə olunub. Sözsüz ki, orada İran məsələsi də müzakirə olunub və REAL bu görüş vasitəsilə lazımı mesajları Qərbdəki dostlarına ötürüb, pullarını kəsməsinlər deyə yalvar-yaxar ediblər.

ABŞ səfirliyinin nümayəndələri ilə görüşün bundan öncəkilərdən fərqli olaraq sosial mediaya nümayiş olunmasının yalnız bir məqsədi var. REAL bununla İran məsələsini ört basdır etməyə, fars rejiminə deyil, Qərbə işlədiyini göstərməyə çalışır. Onlar Qərbdəki himayədarlarını da itirmək istəmirlər.

Bir sözlə, İlqar Məmmədovun “əsgərləri” “bir qızın iki adaxlısı” kimi Qərblə İran arasında qalıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun göstərişi ilə Baş prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsi tərəfindən yanvarın 19-da İran İslam Respublikasının Azərbaycandakı səfirinin ikinci katibi Mehdi Arifzadə müxalifətçi REAL hərəkatının qərargahında təşkilatın rəhbərliyi – icraçı direktor Natiq Cəfərli, İdarə Heyətinin üzvləri Azər Qasımlı və Erkin Qədirli ilə görüşü ilə əlaqədar araşdırma aparacaq.

Ötən gün dərc etdiyimiz REAL riala satıldı başlıqlı yazıda REAL-İran əlaqələri daha ətraflı şərh olunub.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: