Azərbaycanlı deputatlardan Sülh Platformasına dəstək

Azərbaycanlı deputatlardan Sülh Platformasına dəstək
  23 Dekabr 2016    Oxunub:5533
Bu ilin noyabr ayında Azərbaycandan və Ermənistandan olan hüquq müdafiəçiləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş təşəbbüs olaraq “Ermənistanla Azərbaycan arasında sülh üçün platforma” yaradıblar.

Artıq bu platformaya bir neçə erməni fəal qoşulub. Onlar Ermənistan hakimiyyətinin işğalçı olduğunu etiraf edirlər. Bakı platformasına qoşulan ermənilərin sayı hər gün artır.

Azərbaycanın bir neçə deputatı Ermənistan-Azərbaycan Sülh Platformasına dəstək nümayiş etdiriblər.

Millət vəkili Rövşən Rzayev AzVision.az-a bildirib ki, sülh platforması Qarabağ münaqişəsinin həlli üçün yaxşı təşəbbüsdür. Deputatın fikrincə, Ermənistan tərəfindən platformaya qoşulanların sayı nə qədər çox olarsa, bu, sülh danışıqlarına öz təhfəsini verəcək.

“Ermənilərlə azərbaycanlılar arasında etnik uyğunsuzluq var. Dağlıq Qarabağda erməni və azərbaycanlılar birgə yaşaya bilməyəcəklər kimi problemlər aradan qaldırılandan sonra, bütün dünya ictimaiyyəti, Minsk qrupuna daxil olan həmsədr dövlətlər bunları görəndən sonra, beynəlxalq çərçivədə məsələnin həlli sürətlənəcək. Bundan sonra Azərbaycan prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi ən yüksək müxtariyyət şərti ilə Dağlıq Qarabağa muxtariyyət verməklə Azərbaycan və Ermənistan icması birgə yaşamalıdır. Bu təşəbbüs ən yaxşı və qısa yoldur ki, biz onu tez qət edə bilərik. Ermənistan tərəfindən platformaya qoşulanların sayının artması ona görə vacibdir ki, onlar işğalçı dövlətdir. Bu günə qədər platformaya qoşulanlar bunu bəyan ediblər. Azərbaycandan platformaya qoşulan 3 nəfərdir və bu, kifayət edir. Bizim tərəfdən sayın artmasına ehtiyac yoxdur. Azərbaycan xalqı sülh tərəfdarıdır”.

R.Rzayev qeyd edib ki, Ermənistanın işğalçı rejimi, Sarkisyan və Koçaryan hakimiyyəti Azərbaycanın Dağlıq Qarabağ ərazisini işğal etməklə Ermənistanın siyasi hakimiyyətini ələ keçirib.

“Onların şəxsi maraqları hesabına Ermənistan xalqı iqtisadi cəhətdən iflasa uğrayıb. Aprel döyüşləri onu göstərdi ki, Ermənistan Azərbaycan üçün rəqib deyil və ola da bilməz. Ən yaxşı hal ondan ibarətdir ki, biz müasir dövrümüzə uyğun olaraq bütün problemlərimizi masa arxasında, danışıqlar yolu ilə aradan qaldıra bilərik”.

Sülh platformasının yaradılmasına müsbət yanaşdığını deyən millət vəkili Fəzail Ağamalı hesab edir k, bu platforma Azərbaycanın sülhsevər ölkə olduğunu nümayiş etdirir.

Onun sözlərinə görə, erməni fəalların bu prosesə qoşulması müsbət haldır: “Bu proses davam etməlidir. Çalışmalıyıq ki, sülh platformasına daha çox erməni cəlb edilsin. Həmçinin onların cəlb olunmasına ehtiyatlı yanaşmaq lazımdır. Platformaya “sülh mələyi” adı altında xüsusi xidmət orqanının əməkdaşları gələ bilər”.

Deputat qeyd edib ki, Qarabağın işğaldan azad edilməsi üçün ümidimizi yalnız sülh platformasına bağlamalı deyilik: “Unutmaq olmaz ki, Ermənistanın dövlət başında cani, əli Xocalı qanına boyanmış, ruhu ilə vandalizmi ifadə edən Sarksiyan dayanır. Onun komandası özü qədər təcavüzkardır. Faktiki olaraq problemin sülh yolu ilə həlli Sarkisyanın siyasi intiharı demək olar. O, utanmadan Qarabağın Azərbaycana aid olmayacağını deyir. Sarkisyan kimi qatilin qarşısında yalnız Azərbaycanın güclü ordusu dayana bilər. Biz hər zaman müharibəyə hazır olmalıyıq. Çünki Sarkisyan istənilən yolla status-kvonun qorunub saxlanmasına çalışır. Biz əlverişli zamandan istifadə edib, ali baş komandan başda olmaqla güclü ordumuzun gücü ilə işğal olunmuş torpaqlarımızı azad etməliyik”.

Millət vəkili Zahid Oruc digər həmkarları kimi sülh platformasını dəstəklədiyini bildirib: “Biz bununla erməni birliyi haqqında mifi dağıda bilərik. Son günlər adıçəkilən platformanın həyata keçirilməsi fonunda yüzlərlə məqalə yazılır. Sarkisyan rejiminin çevrəsində olan və qanla işləyən media strukturları bu mövzunun üzərinə gedərək cəmiyyəti hansısa vahid bir ideologiyaya bağlamaq istəyirlər. Onlar bununla böyük səhvlərə yol verirlər. Belə olan təqdirdə Azərbaycan tərəfi həmin o ermənilərə mesaj verir ki, siz silahı Sarkisyan rejiminə çevirdiyiniz, Azərbaycan Konstitusiyasını və qanunlarını tanıdığınız halda bu ölkənin vətəndaşları kimi əminaman şəkildə yaşa bilərsiz. Bu baxımdan hesab edirəm ki, aparılan proses düzgündür və hədəflər doğru seçilib”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti