Andrey Karlovun qətlinin səbəbləri - Versiyalar (VİDEOXƏBƏR)

Andrey Karlovun qətlinin səbəbləri - Versiyalar (VİDEOXƏBƏR)
  20 Dekabr 2016    Oxunub:10506
Ötən gün Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Ankarada iştirak etdiyi sərgidə naməlum şəxs tərəfindən silahlı hücuma məruz qalıb. Ağır yaralanan diplomat dərhal Güven xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəyə Rusiya və Türkiyə rəsmiləri dərhal münasibət bildirib.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Andrey Karlov alçaqcasına qətlə yetirilib: “Sözsüz ki, bu hadisə iki ölkə arasındakı münasibətlərin normallaşmasının və Suriyadakı sülh prosesinin pozulmasına yönələn təxribatdır. Hansı ki, bu prosesi fəal şəkildə Rusiya, Türkiyə və İran həyata keçirir. Bu aksiyaya cavab ancaq bir şey ola bilər - beynəlxalq terrora qarşı mübarizə səylərinin gücləndirilməsi”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da səfirin qətlinin təxribat olduğunu bəyan edib: “Bu hadisə Türkiyə-Rusiya münasibətlərini pozmağa yönələn təxribatdır. Biz təxribatlara uymayacağıq”.

Siyasi analitiklər hesab edirlər ki, Karlovun qətli iki ölkə arasındakı münasibətləri pozmaq üçün törədilmiş təxribatdır. Bütün bunlara baxmayaraq ortaya ciddi suallar çıxır.

Rusiya səfirinin qətlinin sifarişçisi kimlərdir? Karlovun ölümündə əsas məqsəd nədən ibarətdir?



Politoloq Fikrət Sadıqov AzVision.az-a bildirib ki, təyyarə qalmaqalından sonra Rusiya-Türkiyə münasibətlərinin tədricən bərpa olunmağa başlanması, müxtəlif layihələrin reallaşdırılması istiqamətində atılan addımlar bəzi dairələri qıcıqlandırırdı: “Türkiyə-Rusiya münasibətlərinin normallaşmağa başlaması vaxtilə bu münasibətləri pozan qüvvələri narazı salırdı. Yəni, bu hansısa dairələrin maraqlarına zidd idi. Ona görə də tək bir insanın Rusiya kimi böyük dövlətin səfirini qətlə yetirməsi inandırıcı deyil. Diplomatiya tarixi göstərir ki, belə hadisələrin arxasında hər zaman müəyyən qüvvələr dayanır.



Bu hadisənin törədilməsinə görə aparıcı Qərb dövlətlərini, terror təşkilatlarını ittiham etmək olar. Hesab edirəm ki, hələ gözləmək lazımdır, baş verən olay dəqiq araşdırılmalıdır. Çünki, belə bir hadisənin törədilməsində maraqlı olan qüvvələr həddən çoxdur”.

F.Sadıqov vurğulayıb ki, məlum hadisədən sonra Türkiyə-Rusiya münasibətləri ciddi şəkildə pozulmayacaq: “Siyasi elitalar başa düşür ki, söhbət üçüncü qüvvədən gedir. Olay münasibətlərə öz mənfi təsirini göstərəcək, soyuqluq hiss olunacaq”.



Politoloq Cümşüd Nuriyev hesab edir ki, Rusiya səfirinin öldürülməsi birmənalı şəkildə siyasi təxribatdır: “ABŞ adətən yaxın və uzaq perspektivdə həyata keçirəcəyi siyasəti Strtafor Araşdırmalar Mərkəzi vasitəsilə gündəmə gətirir. Corc Fridmanın son 5 ildə iki - “Yaxın 100 ildə dünya siyasəti”, “Yaxın 10 ildə dünya siyasəti” adlı kitabı çıxıb. Hər iki kitabda birmənalı şəkildə ABŞ-ın Rusiyaya qarşı siyasətində Polşa və Türkiyənin önəmli yer daşıyacağı vurğulanırdı. Hazırda Polşada da vəziyyət qarışıb. Türkiyə isə uzun müddətdir terrorla mübarizə aparır.

Türkiyə bunu başa düşdükdən sonra müəyyən addımlar atmağa başladı. Ancaq yalnışılıqları düzəltmək həddən artıq çətin idi. Rusiya səfirinin öldürülməsi isə birmənalı şəkildə provakasiyadır. Lakin, bu olay Türkiyənin hüquq-mühafizə orqanlarına həddən çox girmiş xarici kəşfiyyatın, PKK-nın, İŞİD-in və digərlərinin olması məsələsini gündəmə gətirir. Əgər səfirin yanında duran adam ona atəş açırsa, deməli Türkiyə bir dövlət kimi güvənsiz vəziyyətə düşüb. Bu isə daxili təhlükəsizliyin təmin edilməməsindən xəbər verir”.

Politoloq vurğulayıb ki, Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması, Suriya məsələsində Türkiyənin Rusiya ilə eyni yükün altına girməsi nə Qərbin, nə ABŞ-ın, nə də Səudiyyə Ərəbistanın xoşuna gəlirdi: “Narazı olanlar İŞİD-i maliyyələşdirənlərdir. Bütün hallarda bu adam səfiri vurduqdan sonra əvvəl ərəbcə, sonra isə türkcə Suriya, Hələbin məsələsini gündəmə gətirdi. Bu, o deməkdir ki, provakasiya birmənalı şəkildə Rusiya-Türkiyə münasibətlərinin korlanmasına yönəlib. Bunu hər iki dövlət başa düşür. Amma Türkiyə bir daha öz daxilində təftiş, daha doğrusu təhlükəsizlik orqanlarının auditini aparmalıdır”.



Politoloq Zərdüşt Əlizadənin fikrincə, hər bir terror aktı dövlətçiliyə, beynəlxalq sülhə qarşı təxribatdır: “Rusiya səfirinin öldürülməsi sıradan bir təxribat aktıdır. Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşmasını istəməyənlər, Ərdoğan hakimiyyətini zəiflətmək istəyənlər, Rusiyanın Suriyadakı siyasətinə etiraz edənlərin hər biri öz narazılığını bu terror aktı ilə ifadə etdi. Bir səfirin ölümü ilə Rusiyanın Suriya siyasəti dəyişməyəcək. Hesab edirəm ki, Rusiyanın Suriya siyasəti olduğu kimi qalacaq. Eyni zamanda bu terror aktı Rusiya-Türkiyə münasibətlərinə təsir etməyəcək. Həri iki ölkə prezidenti anlayır ki, bu həm Türkiyə, həm də Rusiyaya qarşı yönəlmiş addımdır. Burada Türkiyənin hər hansı bir marağı yoxdur və ola da bilməz. Ona görə də münasibətlərə təsir göstərməyəcək”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti