FES-in qərarı ölkəmizə necə təsir edəcək? - (VİDEOXƏBƏR)

FES-in qərarı ölkəmizə necə təsir edəcək? - (VİDEOXƏBƏR)
  15 Dekabr 2016    Oxunub:5933
ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) uçot dərəcəsinin 0,25 faiz artırılması barədə qərar qəbul edib.
AzVision.az xəbər verir ki, iqtisadçı Vüqar Bayramov FES-in qərarının Azərbaycana necə təsir edəcəyini şərh edib.

“FES-in qərarı elan edildikdən sonra qlobal valyuta və əmtəə bazarları bu addıma dərhal reaksiya verdi. Dollara nisbətən dəyərsizləşən Avropa pulu dünya bazarında 1 avro 1.048-dək ucuzlaşdı. İngilis pul vahidinin də dollara nisbətən dəyər itirməsi müşahidə edilməkdədir. Neft daxil olmaqla strateji əmtəə bazarı da qərara reaksiya verir. Artıq WTI markalı neftin 1 barelinin qiyməti 51 dollardan aşağı təklif edilir”-deyə ekspert vurğulayıb.

İqtisadçı hesab edir ki, əksər inkişaf etməkdə olan ölkələr, o cümlədən Azərbaycan üçün FES-in uçot dərəcəsini artırması arzuolunan deyil.

“FES-in qərarından sonra manata təzyiqin artacağı qaçılmazdır. Əslində, oxşar qərarlar əvvəllər manata psixoloji təzyiqlər formalaşdırırdısa, indi dollara olan tələbin yüksək olması səbəbindən iqtisadi təzyiqlər müşahidə edilməkdədir. Dekabr ayında dollara tələbin artması və bazar təklifinin azalması fonunda ABŞ-da uçot dərəcəsinin artırılması milli valyutamıza əlavə təzyiq yaradır. Azərbaycan Mərkəzi Bankı bütün ssenarilərə hazır olmalıdır. Təbii ki, Mərkəzi Bankın necə hazırlaşdığını yaxın günlərdə müşahidə edə biləcəyik.

Bütövlükdə, əgər Mərkəzi Bank daha çevik alətlərdən istifadə edib, valyuta bazarındakı psixoloji təzyiqləri aradan qaldırmazsa, manatın ucuzlaşması prosesi daha sürətlənə bilər”.



Ekspertin sözlərinə görə, qlobal neft bazarı da FES-in qərarına reaskiya verdiyi üçün bu, dövlət gəlirlərimizə təsirsiz ötüşmür. “Möhkəm dollar strateji məhsulların qiymətindəki artım faizinə mənfi təsir göstərir və artıq sözügedən bazardakı qiymət azalmaları bunan xəbər verir. Dolların bahalaşması fonundan ABŞ da neft ehtiyatlarını və eləcə də bazara çıxartdığı neftin həcmini artırarsa, o zaman “qara qızıl”ın qiymətində daha kəksin azalmalar istisna edilmir. Bu isə OPEK-in son cəhdləri fonunda neft ölkələrinin bazarda uyğun qiymət tarazlığı tapmasına imkan verməyəcək. Bütövlükdə, FES-in son qərarından sonra neftin qiymətinin necə dəyişməsi birbaşa Amerikanın mövqeyindən asılı olacaq. Söhbət sadəcə ABŞ-dan deyil, eyni zamanda Kanadanın hasilatından gedir.

FES gələn il də uçot dərəcəsini artıracağını bildirdi. Deməli, son qərar və bəyanatlar fonunda Azərbaycan Mərkəzi Bankının liberal məzənnə siyasətinə keçidi sürətləndirəcəyi gözlənilir. Artıq Mərkəzi Bankın manevr imkanları məhdudlaşmaqdadır və bu baxımdan baş bank sözün həqiqi mənasında meydanı valyuta bazarına təhvil verəcəyi gözləniləndir. Beləcə, FES-in uçot dərəcəsini artırması Azərbaycanda dollara tələbi daha da artırmaqla manata təzyiqi gücləndirəcək. Deməli, ilin son ayı Mərkəzi Bank üçün heç də asan olmayacaq”.



Qeyd edək ki, sonuncu dəfə FES uçot dərəcəsini ötən il artırmışdı. 2015-ci ilin dekabrında tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsinin illik 0-0,25 faiz artırılması barədə qərar qəbul edilmişdi. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməmişdi.

Ümumiyyətlə 2008-ci ildən indiyədək FES uçot dərəcəsini yalnız bir dəfə qaldırmışdı/

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti