Marneulidə azərbaycanlı qadın öldürülüb? - Açıqlama

Marneulidə azərbaycanlı qadın öldürülüb? - Açıqlama
  03 Noyabr 2016    Oxunub:8913
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində ölüm hadisəsi baş verib. Məlumata görə, Marneulinin mərkəzi bazarında azərbaycanlı qadın Məlahət Məmmədova vəfat edib. Onun döyülərək öldürüldüyü iddia edilir.
Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov AzVision.az-a açıqlamasında bildirib ki, dünyasını dəyişən qadın bazarda satıcı işləyirmiş.

Deputatın sözlərinə görə, azərbaycanlı xanım mübahisə zamanı dünyasını dəyişib:“Bazarda alıcı ilə satıcı arasında mübahisə olub. Mübahisəyə görə səhhətində problem olan xanım dünyasını dəyişib. Xanımın bədənində heç bir xəsarət izi aşkarlanmayıb. Ehtimal edilir ki, o, ürək tutmasından dünyasını dəyişib”.

Azər Süleymanov hadisənin mətbuat tərəfindən şişirdildiyini vurğulayıb: “Gürcüstan və azərbaycanlılar arasında heç bir problem yoxdur. Xırda insidenti təxribat kimi qələmə vermək düzgün deyil. Burada qadının öldürülməsindən söhbət gedə bilməz. Kiçik bir insident zamanı xanımın ürəyi tutub. Xahiş edərdim ki, hər kəs milli məsələlərdə diqqətli olsun. Biz istəmirik iki xalq arasında milli zəmində problem yaşansın”.

Deputat məlum olayla bağlı cinayət işinin açıldığını, faktın araşdırıldığını qeyd edib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti