Uçot dərəcəsi niyə artırıldı və bunun həddi varmı? – TƏHLİL

Uçot dərəcəsi niyə artırıldı və bunun həddi varmı? – TƏHLİL
  15 Sentyabr 2016    Oxunub:5905
Sentyabrın 14-dən ölkəmizdə uçot dərəcəsi 15% təşkil edir. Belə ki, Mərkəzi Bankın (AMB) qərarı ilə qeyd olunan tarixdən uçot dərəcəsi 9,5%-dən 15%-dək, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddi 15%-dən 18%-dək, aşağı həddi 4%-dən 12%-dək artırılıb.

Sonuncu dəfə uçot dərəcəsi 2016-cı ilin avqust ayında nəzərdən keçirilmiş və 8 avqust tarixindən 7%-dən 9,5%-dək artırılmışdı.

Məlumdur ki, son vaxtlar ölkə daxilində kəskin məzənnə tərəddüdlərini tənzimləmək, valyuta bazarında tarazlığa nail olmaq məqsədilə Dövlət Neft Fondu və AMB tərəfindən valyuta hərraclarında xarici valyuta təklifi əhəmiyyətli dərəcədə artırılıb. Həmçinin, makroiqtisadi proqnozlar, tədiyə balansında və valyuta bazarında meyillər nəzərə alınaraq AMB pul siyasəti alətlərinin kəmiyyət parametrlərini də dəyişib. Elə qeyd olunduğu kimi 14 sentyabr 2016-cı il tarixdən likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddinin 12, yuxarı həddinin 18, uçot dərəcəsinin isə 15% səviyyəsinə qaldırılması qərarı da bu məqsədlə qəbul etmişdi.

AMB-nin uçot dərəcəsinin 7%-dən 9,5%-ə qaldırmaq haqda əvvəlki qərarına münasibətdə yazmışdım ki, bu, milli valyutamızın ABŞ dolları qarşısında cüzi də olsa, dayanıqlıq əldə etməsinə yardım edəcək. Odur ki, bu siyasət ilin sonunadək davam etdirilməlidir.

Sual oluna bilər ki, ümumiyyətlə, uçot dərəcəsi üçün bir maksimal və yaxud minimal hədd varmı?

Sonuncu dəfə uçot dərəcəsi 15%-lik səviyyədə 2008-ci ilin iyun ayının 8-də təsbit edilmişdi. AMB-nin faiz dərəcəsi mərkəzi kreditlərin "tarifidir" - qiymətidir. Onun hökumət üçün konkret olaraq hansı həddə olmasını və yaxud da limitini isə ölkə iqtisadiyyatında biznesin aktivlik səviyyəsi müəyyən edir.

Uçot dərəcəsi pul-kredit siyasətinin normal fəaliyyət göstərdiyi ölkələrdə sonuncu faiz dərəcələrinə (kommersiya banklarının təklif etdikləri kreditlərə) şübhəsiz ki, təsiredici əhəmiyyət daşıyır. Bu isə öz növbəsində inflyasiya səviyyəsini müəyyən edir. Düzdür, normal iqtisadi sistem şəraitində uçot dərəcəsi heç vaxt 2 rəqəmli həddə kəsb etmir. Ancaq fakt bundan ibarətdir ki, bizdə AMB-nin uçot dərəcəsi göstəricisi ilə kommersiya banklarının təklif etdikləri kredit faizləri arasında əlaqə hələ də bərpa edilməyib.

Yeri gəlmişkən, bəziləri qeyd edirlər ki, uçot dərəcəsinin 15%-dək artırılması ölkə iqtisadiyyatının kreditləşdirilməsinə mənfi təsir göstərəcək. Bu, həqiqətə uyğundurmu? Şübhəsiz ki, yox...

AMB-nin uçot dərəcəsini 15%-dək qaldırmasını müsbət qiymətləndirir və zəruri hesab edirdim. Bizdə, Mərkəzi Bank uçot dərəcəsini ona görə qaldırır ki, banklar manatla aldıqları mərkəzi vəsaitləri xarici valyutaya dəyişməsinlər, iqtisadiyyata yönəltsinlər. AMB-in uçot dərəcəsini qaldırması bu mənada kredit təklifini əsla məhdudlaşdırmaq məqsədi daşımır. İqtisadiyyatda biznes kreditlərinə tələb onsuz da yox dərəcəsindədir. Çünki iqtisadi aktivlik səviyyəsi sıfır vəziyyətdədir.

Bəli, nəzəri baxımdan, bu, pul-kredit siyasətinin sərtləşdirilməsi deməkdir. Lakin, praktiki baxımdan, bizdə, həm qeyd etdiyim amillər, həm də ümumiyyətlə, uçot dərəcəsinin kreditlərin sonuncu faiz dərəcələrinə təsirsiz xarakter kəsb etməsi cəhətdən, 15%-ə qaldırım sırf dollarizasiya əleyhinə tədbir sayılır.

Lakin, AMB-in uçot dərəcəsini 15%-ə qaldırmasının ardınca digər addımlar da atılmalıdır. Bunlardan birincisi, istehlak kreditlərinin faiz dərəcələri üçün qoyulan məhdudiyyət limitinin (29% və 25%) ləğv edilməsini, o cümlədən 2014-cü ildən bu kredit növünün verilməsi şərtlərinin sərtləşdirilməsinin aradan götürülməsini, ikincisi isə xüsusən manat üzrə depozitlərin gəlirlilik dərəcəsi üzrə sığortalanması şərtinin 12%-dən 18%-dək yüksəldilməsini vacib hesab edirəm.

Yəni, maliyyə sektorunda tədbirlər komleks halında həyata keçirilməlidir.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti