“Qarabağ” üçün qorxulu gün - TƏHLİL

“Qarabağ” üçün qorxulu gün - TƏHLİL
  08 Avqust 2013    Oxunub:2252
Bu gün UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin cavab qarşılaşmaları keçiriləcək və turnirdəki yeganə təmsilçimiz olan Ağdamın “Qarabağ” komandası İsveçdə “Gefle” qarşısına çıxacaq. Xatırladaq ki, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək və Sundsvalldakı "Norrporten Arena"da keçiriləcək qarşılaşmanı isveçrəli Stefan Klossner idarə edəcək.

8 avqust sindromu

Bu gün “Qarabağ” avrokuboklarda ikinci dəfə meydana çıxacaq. 1996-cı ilin 8 avqustunda Finalandiya MÜPA-sına səfərdə minimal hesabla uduzan ağdamlılar özü üçün uğursuz gündə uğur axtarışında olacaq.
Onu da xatırladaq ki, sözügedən tarix təkcə ağdamlılar üçün yox, müxtəlif vaxtlarda tarixin həmin günündə meydana çıxan digər komandalarımız üçün də uğursuz olub. Belə ki, indiyə kimi “Kəpəz” iki dəfə avqustun 8-də meydanı məğlub tərk edib.

1995-ci ilin 8-ci ayının 8-ci günündə doğma meydanda Avstriyanın “Austriya” komandasına 4 cavabsız qolla yenilən gəncəlilər bundan 5 il sonra isə yenə evdə Türkiyə “Antalyaspor”una 2:0 hesabı ilə yenilmişdi.

“Qarabağ”ın meydana çıxacağı tarixdə avrokuboklarda meydana çıxan və uduzmayan yeganə komandamız isə “Neftçi”dir. Belə ki, “xalq komandası” bundan bir il öncə məhz bugünkü tarixdə İsrailin “Hapoel” (Kiryat-Şmona) kollektivi ilə “sülh” bağlamışdı- 2:2.

40-cı oyuna 40-cı qol arzusuyla

Avropa Liqasının III təsnifat mərhələsinin “Gefle” ilə İsveçdəki cavab oyunu Ağdamın “Qarabağ” klubu üçün əlamətdar olacaq. Belə ki, təmsilçimiz bu gün avrokuboklar tarixində özünün 40-cı matçına çıxacaq. Əlavə vaxtın nəticələrini də nəzərə almaqla bu matçlarda 15 qələbəsi olan ağdamlılar 9 heç-heçə edib və 15 dəfə də uduzub.

İlk oyundakı qələbədən sonra (1:0) mərhələ keçmək üçün heç-heçənin də yetərli olduğu üçün 10-cu, yubiley bərabərliyi də təmsilçimizi qane edir. İndiyədək avrokuboklarda 39 qol vuran “Qarabağ” 40-cı oyununda 40-cı qolunu vura bilər. Komandamız bu müddətdə 61 top buraxıb. Geridə qalan 39 matçdan 4-nü Kuboklar kuboku, 4-nü İntertoto kubokunda keçirən “Qarabağ” əvvəllər UEFA kuboku adlanan Avropa Liqasında 32-ci qarşılaşmasına çıxacaq.

İlk oyundan hansı nəticələri çıxarmalıyıq?

Ötən həftə doğma meydanda “Gefle”ni minimal hesabla üstələyən “Qarabağ” ikinci matç ərəfəsində üstünlük qazansa da, ağdamlıların İsveçə rahat yollanmasına əsas yoxdur. Düzdür, Qurban Qurbanovun yetirmələri ilk qarşılaşmada ümumi oyun planında rəqibi üstələməsi “köhlən atlar”ın mərhələ adlamasına olan ümidləri artırır.

Amma bununla belə,“Gefle”nin evdə məğlubedilməz olması unudulmamalıdır. Üstəlik, İsveç təmsilçisinin ötən təsnifat mərhələsində ilk oyunda 3:0 hesabı ilə məğlub olduğu Kipir “Anortosis”ini doğma publika qarşısında 4 cavabsız qolla mübarizədən kənarlaşdırması sıradan fakt sayılmamalıdır. Deməli, “Qarabağ”ın minimal hesablı qələbəyə bel bağlayaraq praqmatik oyun üslubuna üstünlük verməsi yaxşı nəticə verməyə bilər.

Hər halda, əks-hücumların qurulmasının əsas iştirakçılarından olan Riçard Almeyda və Vüqar Nadirovun meydanda olmayacağı qarşılaşmada yalnız əks-həmlələrə ümid etmək yersiz olar. Digər tərəfdən, bölgə təmsilçisinin “Gefle” qarşısında “ikinci mərtəbə”dən oynaması düzgün taktiki gediş olmazdı. Nə də olsa, “köhlən atlar”ın həm ikinci təsnifat mərhələsindəki Polşa “Pyast”ı ilə qarşılaşmalarda, həm də “Gefle” ilə ilk matçda hava mübarizəsində atletik cəhətdən rəqibindən geri qaldığı aşkar görünürdü.

Komandamızın ucaboy hücumameyilli futbolçulardan qurulmadığını, rəqibin isə əksinə, hava toplarında yüksək səviyyədə çıxış edə biləcək müdafiəçilərə sahib olduğunu nəzərə alsaq, “Qarabağ”ın “ikinci mərtəbə”dən oynamaq istəyini dəryada balıq sevdası adlandıra bilərik. Rəqibin atletik cəhətdən bizdən xeyli üstün olmasını nəzərə alsaq, “Qarabağ”ın qarşı tərəfin cinah asmalarını neytrallaşdırılmalı olduğunu deyə bilərik. İlk görüşdə rəqibini texniki cəhətdən üstələyən “Qarabağ” bu dəfə də oxşar oyun üslubuna üstünlük verməlidir.

Amma “Gefle”nin oyunçularının komandamızın üzvlərini ilk matçla müqayisədə daha yaxşı tanıdığı da unudulmamalıdır. Məhz bu üzdən Qurban Qurbanov da bu məqamı diqqətdə saxlamalı, oyunu təkcə bir oyunçunun üzərində qurmamalı, başqa variantları da gözdən keçirməlidir. Elə Çumbinyo, Leroy Corc və Reynaldo kimi oyunçular da fantaziyalarını işə salmalı, manevr imkanlarını daha da genişləndirməlidir.

Əhval-ruhiyyə məsələsi və məşqçi qayğıları

Oyunöncəsi maraq doğuran əsas məsələlərdən biri də komandaların əhval-ruhiyyəsinin necə olmasıdır. İlk oyunda minimal hesablı məğlubiyyətlə üzləşən rəqib komandada bu nəticənin doğurduğu bədbinliyin olduğu şübhə doğurmur.

Digər tərəfdən, komandanın artıq 18 turu geridə qalan İsveç çempionatında 18 xalla 12-ci sırada olması da işlərin qaydasında getməməsi deməkdir ki, bu da Per Olssonnun “drujinası”ndakı gərginliyi bir qədər də artırır. “Qarabağ”a gəlincə, Topaz Premyer Liqasının ilk turunda çətin “İnter” səfərindən üç xalla dönən ağdamlılarda hər şey qaydasındasında olsa da, “Avropa fatehi” üçün narahatlıq doğuran məqamlar da yox deyil. Belə ki, ilk matçdan öncə zədələnən və Bakıdakı qarşılaşmanı buraxan Vüqar Nadirovun ardınca ötən həftə Topaz Premyer-Liqasının ilk turundakı “İnter” qarşılaşmasında zədələnən Riçard Almeydanın da forma geyməyəcəyinin dəqiqləşməsi komandanın bütün planlarını pozub.

İsveç mətbuatı “Gefle”nin oyun sxemini açıqladı

Oyunöncəsi maraq doğuran məsələlərdən biri də komandaların matça hansı “onbirlik”lə başlayacağıdır. Yuxarıda da qeyd etdiyimiz kimi, “köhlən atlar” əsasən eyni oyunçulara bel bağladığından bu dəfə də Qurban Qurbanovun “drujinası”nda ciddi dəyişiklik gözlənilmir.

“Çərçivə”də Miro Varvodiçin forma geyməsi şübhə doğurmur. Arxa xəttdə də ötən matçlarda olduğu kimi, Maksim Medvedev, Rəşad Sadıqov, Admir Teli və Ansi Aqoli çıxış etməlidir. Yarımmüdfiə xəttinə gəlincə, zədə səbəbindən ilk oyunu buraxan Vüqar Ndirov yenə matçı kənardan izləməli olacaq. Onu cavab matçında Leroy Corcun əvəzləməsi gözlənilir. Digər cinahda ilk görüşdəki qələbə topunun müəllifi Reynaldo Silvanın oynaması ehtimal olunur. Orta xəttdə dayaq yarımmüdafiəçisi Qara Qarayevlə yanaşı, Namiq Yusifov çıxış edəcək. Oyun qurucusu kimi isə zədəli olan Riçard Almeydanın əvəzinə Çumbinyonun çıxış etməsi gözləniləndir. Hücum xəttində isə Nikolas Geaşvilini görəcəyik.

Rəqibə gəlincə, Isveç mətbuatının yaydığı məlumata görə, “Gefle” bu gün meydana 4-3-3 sixemi ilə çıxacaq. Ehtimallar özünü doğrultsa, “Gefle”nin qapısını son çempionat matçında ehtiyatda qalan Mattias Hugosson qoruyacaq. Müdafiə xəttində Par Asp və Jens Portininlə yanaşı, ilk qarşılaşmada meydana çıxmayan Anders Vikström və David Fällman yer almalıdır. Orta xəttdə isə Marcus Hansson, Alexander Faltsetas və Simon Lundevallın ilk dəqiqələrdən meydanda olması ehtimal olunur. “Gefle”nin baş məşqçisi Pel Olssonun hücum xəttində isə ilk oyunda start heyətində meydana çıxan Jakob Orlov və Mikael Dahlbergla yanaşı Yohan Oremonun oynamsı gözlənilir.

Məşqçilər nə deyir?

Təbii ki, matçdan öncə həm meydan sahiblərinin çalışdırıcısı Per Olssonın, həm “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oyunla bağlı fikirləri maraqla gözlənilirdi. Bu baxımdan iki komandanın baş məşqçilərinin fikirləri ilə tanış olmaq yerinə düşər. Qarşılaşma ilə bağlı fikirlərini oyundan bir gün əvvəl açıqlayan Per Olsson matç haqqında aşağıdakıları deyib: “İlk oyunda 0:1 hesabı ilə uduzduğumuz “Qarabağ”la cavab oyununda nəticəni xeyrimizə dəyişmək üçün yaxşı şanslarımız car. Hazırda bizim üçün daha vacib olanı İsveç çempionatındakı vəziyyətimizdir. Lakin sübut edəcəyik ki, 2 cəbhədə eyni vaxtda da mübarizə apara bilərik”.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun isə bugünkü görüşə dair düşümcələri belə olub: “İlk oyunda göstərdi ki, “Gefle” sıradan bir komanda deyil. Bizimlə doğma meydanda başqa cür oynayacaqlar. 3-4 fərqli sxemli oyun üslübları var. Hər bir şeyə hazır olmalıyıq. 90 dəqiqə lazım olsa, daha çox oyun intizamını pozmamalıyıq. Tur üçün mübarizə aparacağıq. Amma sona qədər döyüşmək lazımdır”.

Tural Məmmədov
Xüsusi olaraq AzVision.az üçün


Teqlər:





Xəbər lenti