Almaniyanın yeni səfiri Azərbaycana nə vəd edir? – DOSYE

Almaniyanın yeni səfiri Azərbaycana nə vəd edir? – DOSYE
  06 Sentyabr 2016    Oxunub:7766
Tarix boyu səfir, elçi təmsil etdiyi ölkənin siması, vizit kartı olub. Dövlətlərarası münasibətlərin inkişafında səfirlərin rolu müstəsna sayılıb. Bu baxımdan, Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfirindən çox gözləntilər var. Çünki ölkələrimiz arasında son vaxtlar bir neçə gərginlik dalğası müşahidə olunub.

Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Mixael Kindsqrabı qəbul edərkən Prezidenti İlham Əliyev iki ölkə arasında siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulamışdı. Bu, onu göstərir ki, Azərbaycan dövləti hər zaman Almaniya ilə əməkdaşlığa böyük önəm verib və buna hazır olub.

Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Mixael Kindsqrabın bioqrafiyasındakı bəzi nüanslar diqqət çəkir. Səfirin keçmişinə dair 3 istiqamət nəzərə çarpır:

- Birincisi, Rusiya ilə bağlı diplomatik fəaliyyəti və Rusiyanı diqqətlə tədqiq edən araşdırma mərkəzinin konfranslarına qatılması;

- İkincisi, Türkiyədəki xristian məbədlərini və oradakı katolik, eləcə də digər xrisitian məzhəblərinin dini ibadət şəraiti, sosial həyatı və s. öyrənən qrupların tərkibində çalışması

- Üçüncüsü, Almaniyanın xarici işlər nazirliyindəki fəaliyyəti.


Almaniyanın Drezden şəhərində Saksoniya Araşdırma İnstitutu tərəfindən maliyyələşdirilən Drezden Arxiv Mərkəzi yerləşir. Siyasi, tarixi və arxiv materialları ilə işləyən bu araşdırma mərkəzi ilə bağlı Azərbaycana səfir təyin olunmuş diplomatın da adı çəkilir.

Mərkəzin araşdırma sferasına bu istiqamətlər daxildir: Nasizm, II Dünya Müharibəsi öncəsi və sonrası müqavimət, SSRİ-nin repressiya tarixi, Sovet işğal bölgəsi və tarixi, Almaniya Demokratik Respublikası (ADR), II Dünya Müharibəsindən sonra sovet əsirlərinin həyatı, SSRİ hərbi məhkəmələri, Rusiya Federasiyasının qanunları ilə bağlı dosyelərin incələnməsi, Rusiya məhkəmə ittihamlarının dərindən analiz edilməsi və s.

Bütün bunlar onu göstərir ki, sözügedən mərkəz Rusiyanın analiz edilməsinə köklənib və o ölkəni dərindən öyrənmək məşğuldur. Mərkəzin əsas binası Almaniyada yerləşir, ancaq onlar Rusiya daxilindəki bəzi təşkilatlarla da intensiv əməkdaşlıq edirlər.

Qeyd olunan təşkilat 2010-cu ildə "Rusiya xalqı və siyasi zülm qurbanları"nın xatirəsinə həsr olunmuş konfrans təşkil edib və həmin konfransda Almaniyanın Rusiya səfirinin adından hüquq və konsul işləri üzrə şöbənin rəhbəri Mixael Kindsqrab iştirak edib.

Mixael Kindsqrabın 2013-cü ilin may ayında reallaşan İstanbul səfəri də diqqət çəkir. Nümayəndə heyətinin əsas üzvlərindən biri kimi Türkiyəyə gedən Kindsqrab Ankarada kilsə nümayəndələri, həmçinin xristian dini icmaları ilə əhəmiyyətli görüşlər keçirib.

Mixael Kindsqrabın Bundestaqdakı karyerası və Namibiya səfəri də ayrıca önəm kəsb edir. Belə ki, o, 2014-cü ildə xüsusi nümayəndə heyyətini tərkibində Almaniyanın xarici siyasətində vacib yer tutan Namibiyaya səfər edib. Qısaca olaraq qeyd edim ki, 1992-ci ildən bəri Namibiya müəyyən mənada Almaniyanın təsiri altında olan ölkədir və hər il Almaniya bu ölkəyə demokratiyanın inkişafı, siyasi institutuların yaradılması, vətəndaş cəmiyyətini formalaşması üçün, o cümlədən, iqtisadi layihələrdən ötrü külli miqdarda vəsait (2014-cü ilə qədər olan ümumi rəqəmlərə görə, 23 milyon avro) ayırır.

Bundan başqa, Mixael Kindesqrab Almaniya federal hökumətinin təyinatı üzrə vəzifəsi ictimaiyyətə açıq olan və açıq olmayan şəxslər proqramına da daxil edilib. O, həmin proqramda federal hökumət tərəfindən xarici işlər nazirliyinin rəsmisi olaraq təmsil olunub.

Yeni səfir Rusiyanı, postsovet ölkələrini, eləcə də SSRİ tarixini bilən, tanıyan və bu coğrafiyadakı proseslərə bələd olan diplomatdır. Almaniyanın indiki şəraitdə məhz belə bir kadrı Bakıya göndərməsi, əlbəttə ki, təsadüfi deyil.

Fərrux Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti