Çempion kim olacaq? – SORĞU

Çempion kim olacaq? – SORĞU
  05 Avqust 2013    Oxunub:2215
Ötən həftə start götürən Topaz premier-liqasının yenicə başlamasına baxmayaraq, indidən ölkə birinciliyinin favoritləri haqqında fikir mübadiləsi aparılmaqdadır. Sıravi azarkeşlər arasında “Neftçi”nin növbəti dəfə titulunu qoruyacağını düşünənlər də var, Avropa Liqasında uğurlu çıxış edən “Qarabağ”ın arzulanan hədəfə çatacağı qənaətində olanlar da. Elə “Xəzər Lənkəran”, “İnter” və “Bakı” kimi komandaları da qızıl medallara əsas namizəd sayanlar da az deyil.
İndiki halda futbol ictimaiyyətinin nümayəndələrinin də favoritin hansı komanda olması barədə nə düşündüyü az maraq doğurmur. Bu suala cavab tapmaq üçün müxtəlif vaxtlarda ölkəmizdə top qovmuş, eləcə də məşqçi kimi çalışmış əcnəbi futbol adamları arasında sorğu keçirdik.
Maraqlı olacağını nəzərə alıb, sözügedən respondentlərin fikirlərini diqqətinizə təqdim edirik.

Fatih Kavlak (“Qəbələ”nin sabiq baş məşqçisi):

- Cari mövsümdə “Qarabağ”, “Neftçi”, “Qəbələ” və “Bakı”nı çempionluğa əsas namizədlər sayıram. Amma “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazansa, komandanın iki cəbhədə mübarizə aparması çətinləşəcək. Başqa sözlə, komandanın çempionluq şansları həm də avrokuboklardakı nəticələrdən asılıdır. “Neftçi”də isə yeni baş məşqçinin kimliyi çempionluq yarışnda önəmli olacaq. Yeni çalışdırıcının oyun fəlsəfəsinin necə olmasından çox şey asılıdır. “Qəbələ”yə gəlincə, rəhbərliyin məşqçiyə yaxşı şərait yaratması və komandaya səviyyəli oyunçuların qoşulması bölgə təmsilçisinin əsas üstünlüyü sayılır. Çempionluq yarışındakı digər favoritim olan “Bakı”nın heyət baxımından ciddi problem olmadığından qızıl medallara əsas namizədlərdən sayılır, amma yeni baş məşqçinin ölkə futboluna yaxından bələd olmaması paytaxt klubunun əleyhinə olan məqamlardandır.

Ali Cansun (“Neftçi”nin keçmiş hücumçusu):

- Mənim fikirimcə, bu mövsüm çempionluq yarışı “Neftçi”, “Qarabağ”, “İnter” və “Bakı” arasında gedəcək”.

Silvino Joao de Carvalyo Jaba (“Bakı”nın sabiq hücumçusu):

- Mənim fikirimcə, çempionatla bağlı indidən proqnoz vermək asan məsələ deyil. Amma istənilən halda, “Neftçi” ilə “İnter”in zirvə mübarizəsi üçün daha şanslı olduğunu düşünürəm.

Cüneyt Biçər (“Xəzər Lənkəran” və “Bakı”nın sabiq baş məşqçisi):

- Premyer-Liqanın cari mövsümündə çempionluq yarışının əsasən “İnter” və “Neftçi” arasında gedəcəyi qənaətindəyəm. Amma bununla belə, baş məşqçi postuna tanınmış rusiyalı mütəxəssis Yuri Syomini gətirən “Qəbələ”dəb də sürpriz gözləməyə dəyər.

Artim Şakiri (“Qarabağ”ın keçmiş yarımmüdafiəçisi):

- Bu mövsüm sabiq komandam “Qarabağ”ın qızıl medalları qazana biləcəyini düşünürəm. Hər halda, sözügedən komandanın Avropa Liqasında sərgilədiyi baxımlı oyun belə deməyə əsas verir.

- Ender Günlü (AZAL və “Turan”ın eks-yarımmüdafiəçisi):

- Mənim cari mövsüm üçün favoritim “Qarabağ”dır. Amma “Qəbələ”dən də sürpriz gözləyirəm.

Muammer Erdoğdu (“Turan”, “Kəpəz” və “Qəbələ”nin keçmiş müdafiəçisi):

- Mövsüm yenicə start götürdüyündən hansı komandaların çempionluq yarışında olacağı barədə qəti fikir söyləmək asan deyil. Amma bununla belə, komandaların hazırkı səviyyəsinə görə müəyyən fikirlər söyləmək olar. Poqnozlarıma görə, “Neftçi”, “Qarabağ” və “Xəzər Lənkəran” çempionluq üçün daha şanslıdır.

Naci Şensoy (“Turan”ın eks-baş məşqçisi):

- Bu il çempionatın yeni sistemlə keçirilməsi komandaların mövsüm ərzində daha çox oyun keçirməsinə şərait yaradacaq ki, bu da sonda komandaların çıxışına müsbət təsir göstərəcək. Qızıl medallara iddialı komandalara gəlincə, “Neftçi”, “Xəzər Lənkəran”, “İnter” və “Qarabağ”ı daha şanslı sayıram. Amma “Qəbələ” və “Simurq” kollektivlərini də hesabdan silmək olmaz.

Sedat Saini (“Qarabağ”ın keçmiş yarımmüdafiəçisi):

- Keçmiş komandamın bu mövsüm Avroliqadakı çıxışını izlədikdən sonra çempionluq üçün əsas namizədin məhz “Qarabağ” olduğunu düşünürəm. Məncə, ağdamlıların əsas üstünlüyü uzun müddətdir eyni məşqçiyə güvənmələri və komandanın oturuşmuş heyətinin olmasıdır.

Suat Usta (“Neftçi”nin eks-müdafiəçisi):

- Azərbaycan premyer-liqasında cari mövsüm üçün qızıl medallara əsas namizədlər kimi “Neftçi” və “Xəzər Lənkəran”ı görürəm. Təbii ki, vaxtı ilə formasını geydiyim “Neftçi” əsas favoritimdir. Amma Lənkəran təmsilçisi də çempionluq hədəfini reallaşdıra bilər.

Mehmet Ak (“Qarabağ” və “Neftçi”nin sabiq məşqçisi):

- Çempionluq üçün əsas favoritlərim sabiq komandalarım “Qarabağ” və “Neftçi”dir. Flaqmanın səviyyəli futbolçulardan təşkil edilməsi və oturuşmuş heyətinin olması komandanın uğurunu şərtləndirə bilər. “Qarabağ”a gəlincə, Qurban Qurbanovun komandasının çempion olma vaxtının yetişdiyini düşünürəm. Amma fikirimcə, əgər “Qarabağ” bu mövsüm də qızıl medalları qazana bilməsə, bundan sonrakı mövsümlərdə daha çətin olacaq.

Tural Məmmədov




Teqlər:  





Xəbər lenti