`Abxaziya əhalisinin böyük hissəsi ermənilərə çevriləcək...` - TƏHLİL

`Abxaziya əhalisinin böyük hissəsi ermənilərə çevriləcək...` - TƏHLİL
  29 İyun 2016    Oxunub:9426
Abxaziyada müharibənin başa çatmasından sonra erməni diaspor təşkilatları yenə əvvəl kimi “mədəni-xeyriyyə” cəmiyyəti adı altında fəaliyyətə başladı. Müharibənin əvvəlində cinayətkar şəbəkə formalaşdıraraq, yüzlərlə mülki gürcü sakininin həyatına son qoyan Krunk və Maştots kimi təşkilatlar görəsən nədən birdən-birə öz hərbi sturkturlarından “xeyriyyə” naminə imtina etdilər?

2004-cü il aprelin 15-də Abxaziya bölgəsində erməni diasporunun əsasını təşkil edən üç təşkilat - Krunk, Maştots və Mədəniyyət Mərkəzinin buraxılması elan edildi. Keçirilən toplantıda hər üç təşkilat birləşərək “Abxaziya Erməni İcması”nı formalaşdırdı. Təşkilatın nizamnaməsi təstiq edildikdən sonra, Qalust Trapizonyan, Mariettu Topçyan, Xaçik Minosyandan ibarət üç həmsədr seçildi.

Maraqlıdır, müharibə və ondan sonrakı müddət ərzində daim bir-birləri ilə mübarizə aparan Krunk və Maştots kimi təşkilatlar indi vahid çətir altında biləşirdi. Təbii ki, təşkilatların Ümumerməni diasporu və Ermənistan tərəfindən idarə olunduğunu nəzərə alarsaq, o zaman onların liderlik üçün apardığı mübarizənin də səthi olduğunu görərik. Məqsəd və aparacağı fəaliyyətlərindən asılı olmayaraq hər bir erməni təşkilatı son anda eyni mövqedə - “Böyük Ermənistanın” yaradılması və onun xarici strategiyasının səmərəli işləməsini təmin etmək üçün birləşir.



Sovet dövründə ermənilər hər zaman Abxaziyada yüksək vəzifələrə qaldırılıb. Məsələn, həm müharibədən öncə, həm də müharibədən sonra Nazirlər Sovetinin (o cümlədən seperatçı parlamentin) sədr müavini postunu yüksək vəzifəli erməni rəsmiləri tutub. Ermənilərin Abxaziya müharibəsi zamanı fəal iştirakı isə, onları xüsusən irəli çəkib. Hazırda, deputat və vilayət rəhbəri kimi yüksək vəzifə postlarının ermənilər tərəfindən ələ keçirilməsi onların rəsmi, o cümlədən biznes mövqelərində imkanlarını daha da genişləndirib.

Nəticədə, müharibədən öncə Abxaziya bölgəsində abxaz və gürcülərdən sonra üçüncü icmanı təşkil edən ermənilər aparılan etnik təmizləmə ilə gürcüləri sıxışdıraraq bölgədə ikinci pilləyə yüksələ bilib. Baqramyan batalyonunun 1998-ci il, 2001-ci il və 2008-ci ildə gürcülərə qarşı yenidən döyüşməsi və hazırda ehtiyyat hərbi hissə kimi bu gün də saxlanılması “Abxaziya Erməni İcması”nın heç də tamamən hərbi strukturdan imtina etdiyini göstərmir.

Buradan belə bir sual yaranır. Nədən hazırda erməni diasporu “mədəni- xeyriyyə” cəmiyyəti şəklində pərdələnir?



Xatırladım ki, 90-cı illərdə Ermənistan həm Qarabağda Azərbaycanla, həm də ikinci cəbhə kimi Cavaxetiyada Gürcüstana qarşı döyüşə bilməyəcəyini yaxşı anladığından gürcülərə qarşı fərqli istiqamətdən həmlə etdi. Gürcüstanın aşağıdan (Cavxetiya) yuxarıya (Abxaziya) deyil, yuxarıdan aşağıya parçalanmasını planlaşdıran Ermənistan rəhbərliyi dolayı yolla ikinci cəbhəni açmış oldu. Bu cəbhə gələcəkdə Cavaxetiya ermənilərinin Ermənistana birləşməsi üçün zəmin hazırlamalı idi.

Abxaziyada yaşayan ermənilərin fonunda gürcü erməni münasibətlərinin pisləşməsi, nəticədə Cavaxetiyada da erməni həmrəyliyini gücləndirəcəkdi. Planın birinci mərhələsini Krunk və Maştost kimi təşkilatlarla başa çatdıran ermənilər, onun ikinci mərhələsini, hazırda “Abxaziya Erməni İcması” ilə inkişaf etdirməkdədir. Vaxtilə gürcülərə qarşı aparılan məqsədli plan indi, nəinki abxazlara, hətta Şimali Qafqaz xalqlarına qarşı da istiqamətlənib.

Belə ki, “Abxaziya Erməni İcması” artıq bir neçə ildir ki, seperetçı parlamentə bölgədə Rusiya vətəndaşlarına daşınmaz əmlakın alınmasına icazə verilməsilə bağlı qanun layihəsi təqdim edir. Yazar Valeri Qraşenko məsələnin əsas mahiyyətini açaraq daşınmaz əmlakın heç də ruslar tərəfindən alınmayacağını qeyd edir:

“Erməni mafiyası burada yerləşən etnik rusları belə mənzillərindən qovur. Ona görə də rusların Abxaziyada daşınmaz əmlak sahibi olması üçün xüsusi şansları yoxdur. Daha dəqiq desək şansları var. Amma bu şans çox az müddət davam edəcək. Əvəzində Krasnodar, Stavropol və Moskvadan olan ermənilər sadəcə Abxaziyada daşınmaz əmlakın nə zaman satılacağının elan edilməsi gözləyirlər ki, isti dənizin sahilinə yan ala bilsinlər. Çox güman ki, tezliklə, bu an reallaşacaq”.



2010-cu il Rusiyada əhalinin sıyahıya alınmasına əsasən, Krasnodardan 281,680, Stavropoldan 161, 324 və Rostovdan 110,727 nəfər qeydiyyatda olan erməninin Abxaziyaya köçürüləcəyini düşünərsək abxazların milli azlığa çevriləcəyi real görsənir. Hazırda Abxaziyada yeddi rayonun beşində ermənilər yaşayır. İkisində isə ermənilər əksəriyyət təşkil edir. Abxaziyada son siyahıya almaya əsasən, 44,870 nəfər (23.75 %) erməni qeydə alınıb. Əsasən Qaqra və Gülpriş rayonlarında yaşayan ermənilərin Suxumi bölgəsinin də 61 %-ni təşkil etməsi onların bölgədə abxazları sıxışdıraraq hansı strategiyanı daşıdığını tam şəkildə göstərir.

Qraşenko Abxaziyadan 300 min gürcü əsilli vətəndaşın qovulması nəticəsində gürcülərə aid sahibsiz qalan evlərdə Rusiya vətəndaşlığı olan ermənilərin küçürülməsi haqqında bu şəkildə məlumat verir: “...Trapizonyan ölkədəki mənzillərin rusiyalılara satılmasını tələb edir. Bununla da abxaz xalqı məhkum ediləcək. Qanun layihəsi qəbul edilən kimi Abxaziya əhalisinin böyük hissəsi ermənilərə çevriləcək. Hazırda ölkədə olan 80-90 min abxaziyalı ermənilərə (qeyri-rəsmi mənbələrə görə - Q.Ş.) tezliklə 200-300 min nəfərlik Rusiya erməniləri də qoşulacaq. Bununla da abxazlar Abxaziyada milli azlığa çevriləcək.

Abxazların ermənilərin öz ərazilərində yerləşdirilməsinə etiraz etməsi ilə bağlı artıq Qalust Trapizonyanın planı da var. O və onun döyüşçüləri gürcülərin Abxaziyadan necə çıxarılması metodlarını hələ unutmayıblar. Abxazları da məhz belə tale gözləyə bilər. Bu dəfə onlar heç yerə qaça bilməyəcəklər”.



Araşdırmalara görə, vaxtilə gürcülərə qraşı xüsusi qəddarlığı ilə tanınan Qalust Trapizonyan hazırda Abxaziyada Erməni diasporunun köçürülmə işinə rəhbərlik edir. Müharibədən sonra tutduğu yüksək vəzifə postları sayəsində bölgənin ən varlı biznesmenlərdən birinə çevrilib. Hazırda o, Qaqra şəhərində yerləşən “Qaqripş” istirahət kompleksinin sahibidir. Bununla yanaşı, Trapizonyan özünü pərdələmək üçün Qaqrada Xaçadur Abovyan adına 3 № li erməni məktəbinin direktoru olaraq işləyir. Buna baxmayaraq o, Abxaziya Erməni İcmasının sədr müavini kimi erməni maraqlarının aktiv müdafiəçisi kimi tanınır. Məhz Trapizonyanın sayəsində bu gün Qaqra erməni biznes və kriminalının əsl məkanına çevrilərək artıq tam şəkildə ermənilərə məxsusdur.
“Biz Ermənistandakı ermənilərdən fərqliyik, çünki bizim iki vətənimiz var: biri qanla əldə edilən, digəri isə mirasdır” - deyə Qalust Trapizonyan bildirir.

Artıq, çox vektorlu siyasi gedişlərin aparılmasında mədəni fəaliyyətlər ölkələrin idarə edilməsi və ya ələ keçilməsi üçün hərbi və iqtisadi hücumları üstələyib. Həqiqətən də, aparılan “xeyriyyə fəaliyyətləri” və bu fəaliyyətlər fonunda hansısa bir təşkilatın nüfuzunun artması, apardığı fəaliyyətlər onun hərbi və ya iqtisadi hücumlarından daha güclü hesab edilməlidir. Abxaziyada ermənilərin mədəni, ideoloji, o cümlədən rəhbər şəxs qismində aparıdığı bütün manevrlər isə yerli abxaz xalqının sıxışdırılmasına istiqamətlənib. Abxazlar, vaxtilə Gürcü çarı İrakliyə əbədi “qardaşlıq” əli uzadan ermənilərin o zamankı təxribatlarını bu zamana görə dəyərləndirməli və “mədəni-xeyriyyə” hücumlarına son qoymalıdır. Əks təqdirdə artıq etnik baxımdan parçalanan bölgədə ikinci bir erməni seperetizmi yaranacaq, Abxaziyadan Cavaxetiyaya doğru etnik zolaq dəyişəcək.

Şahin QOCAYEV
AzVision.az üçün


Teqlər:  





Xəbər lenti