`Rənglərin səyahəti: Bakı-Budapeşt` təqdim olundu

`Rənglərin səyahəti: Bakı-Budapeşt` təqdim olundu
  23 İyun 2016    Oxunub:4712
İyunun 20-dən Macarıstanın paytaxtı Budapeştin mərkəzindəki “Helia” otelinin foyesində Azərbaycanın gənc rəssamları Nərminə Vəliyeva, Şəhla Qəhrəmanlı və Günay Həsənovanın əsərlərindən ibarət sərgi açılıb.

Sərgi “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin təşkil etdiyi “Rənglərin səyahəti: Bakı-Budapeşt” adlı layihə çərçivəsində həyata keçirilir. Layihənin reallaşması üçün maliyyə yardımını Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ayırıb.

Sərginin rəsmi təqdimat mərasimində Azərbaycan Respublikasının Macarıstandakı Fövqəladə və Səlahiyyətli səfiri Vilayət Quliyev, Türkiyə Cumhuriyyətinin bu ölkədəki böyük elçisi Şakir Fakılı, eləcə də ABŞ-ın və Pakistanın Macarıstandakı səfirliyinin nümayəndələri, Budapeştdə yaşayan soydaşlarımız, bu ölkənin incəsənət xadimləri və sadə vətəndaşları, eləcə də dünyanın müxtəlif ölkələrindən “Helia” otelində qonaq olan insanlar iştirak edib.

Bu mədəniyyət tədbirinin Budapeştdə keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayan səfir Vilayət Quliyev Azərbaycan-Macarıstan əlaqələrinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən söhbət açıb, belə tədbirlərin xalqlarımız arasında anlaşmaya xüsusi töhvə verdiyini xatırladıb.

Macar-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayeva nümayiş olunan rəsmlərin məziyyətlərindən danışıb, ayrı-ayrı əsərlər, o cümlədən Qarabağ mövzusunda işlənmiş rəsmlər və onların tarixçəsi barədə qonaqlara ətraflı məlumat verib.

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva layihənin məramı haqqında söhbət açaraq, qonaqları Azərbaycan mədəniyyəti və incəsənəti ilə, eləcə də sərgidə təqdim olunan kitab və broşürlar vasitəsi ilə bütövlükdə ölkəmizlə yaxından tanış olmağa çağırıb.

Gənc rəssam Şəhla Qəhrəmanlı, eləcə də gənc rəssam Nərminə Vəliyevanın anası Yeganə Vəliyeva çıxış edərək qonaqları salamlayıblar.

Sonda Macarıstanda təhsil alan soydaşımız Əziz Əbilzadə gitaranın müşaiyəti ilə “Sarı gəlin”i və bir neçə vətənəpvərlik mahnısını ifa edib.

Tədbir iştirakçıları Heydər Əliyev Fondunun müxtəlif Avropa dillərində nəşr etdirdiyi kitablarla, o cümlədən tariximiz, mədəniyyətimiz və musiqimiz barədə, eləcə də Xocalı faciəsi ilə bağlı kitab və foto-albomlarla maraqla tanış olublar. Qonaqlara Bakıdan aparılan milli şirniyyat nümunələrimiz də təqdim olunub.

Sərginin açılış mərasimi barədə Macarıstan mətbuatı, eləcə də Budapeştdə fəaliyyət göstərən I.TV kanalı xəbərlər yayıb.
Gənc rəssamlarımızın əsərlərindən ibarət sərgi iyunun 26-na qədər davam edəcək. Qeyd edək ki, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə belə mədəniyyət tədbirlərini bundan əvvəl Vaşinqton, Melburn, Roma, Berlin və Lüksemburq kimi şəhərlərdə də təşkil edib.


Teqlər:





Xəbər lenti