Bundestaqın `soyqırım` qətnaməsində ABŞ izi – ARAŞDIRMA

Bundestaqın `soyqırım` qətnaməsində ABŞ izi – ARAŞDIRMA
  06 İyun 2016    Oxunub:10321
Almaniyanın kansleri Angela Merkel 2015-ci ildən, yəni mühacir probleminin ciddi hal almasından bu yana AB-nin aparıcı lideri olaraq problemin həllini öz üzərinə götürdü və Türkiyə ilə danışıqlara başladı. Danışıqlarda Berlin və Ankara müəyyən məsələlərdə ciddi razılaşmalar əldə etmişdilər. Belə bir əsnada Bundestaqda erməni "soyqırım"ı ilə bağlı qəbul edilən qərar heç bir siyasi məntiqə sığmır.

Hazırkı situasiyada Almaniya "soyqırımı" tanımaqda maraqlı olmamalı idi, lakin buna getdi. Beləcə, Merkelin miqrant böhranını həll etməkdən ötrü Türkiyə ilə başlatdığı ağır, gərgin müzakirələr, son aylarda davamlı olaraq Ankaraya edilən rəsmi səfərlər bircə qətnamənin qəbulu ilə boşa çıxdı.

Qətnamənin qəbulu ilə əlaqədar Bundestaqda keçirilən müzakirələrdə Merkel iştirak etmədi. Bəlkə də bu, kanslerdən asılı olmayan səbəblərin varlığına dair mesaj idi. Bundestaqın və Kansler Administrasiyasının fərqli mövqeyi Almaniya daxilində ziddiyyətlərin cərəyan etdiyini göstərdi. Diqqət etdikdə burada kənar əlin izləri də görünür.

Bir vacib nüans da var. Tarixçilər erməni “soyqırımı”kimi qələmə verilən köçürülmə hadisəsində almanların da əlinin olduğunu qəbul edirlər. Erməni tədqiqatçı Dadriyana görə, prosesdə birbaşa iştirak edən alman hərbçiləri vardı. Məsələn, 1915-ci ilin mart ayında Zeytuna Osmanlı qoşunlarını getməsi əmrini alman zabiti verib. Həmin ilin avqust ayında Musa Dağındakı olaylara alman zabit rəhbərlik edib. 1915-ci ilin iyun ayında Urfada qırğınlar törədən ermənilərin cəzalandırılmasına da yüksək çinli alman zabit Eberhard Qraf Volfskeel fon Rayenberq birbaşa özü nəzarət edirdi. Bu cür tarixi faktları çox sadalamaq olar. Belə çıxır ki, almanlar özləri-özlərini ittiham edən qətnamə qəbul ediblər?

Almaniya-Türkiyə danışıqları, Türkiyənin AB ilə apardığı müzakirələr daha çox ABŞ-ın ürəyincə deyildi. Avropa İttifaqını zəiflədən mühacir problemi Vaşinqtonun maraqlarına daha uyğundur.
Problemi aradan qaldırmaq üçün başladılan Almaniya-Türkiyə danışıqları effektiv nəticə vermək üzrə idi. Bu eynilə, Rusiya-Türkiyə yaxınlaşmasına bənzəyir. Rusiya qırıcısının vurulması ilə həmin yaxınlaşmanın üstündən xətt çəkildi. Sanki, Almaniya-Türkiyə münasibətləri fonunda bu hal yenidən təkrarlandı, "soyqırım" qətnaməsi ilə Türkiyə-Almaniya yaxınlaşmasının üzərindən xətt çəkildi.

Bu, iki ölkə arasında 3-cü ziddiyyət idi ki, kənar qüvvələr reallaşdırdı. Birincisi İstanbulda terror zamanı alman turistlərin hədəfə alınması olmuşdu ki, sonda Almaniya-Türkiyə əlaqələrinə zərər dəydi. Həmçinin alman turistlərin Türkiyəyə axının qarşısı alındı. İkincisi, Ərdoğan şəxsiyyətinin təhqir olunduğu "Böhmermann böhranı" idi ki, bu da Berlin-Ankara diplomatik krizisinə qədər gətirib çıxardı. Üçüncüsü, hələ ki sonuncu zərbə qətnamənin qəbuludur ki, bununla da hər mənada bağlar qoparıldı.

Bu olayın ardından Türkiyə rəsmiləri adekvat cavablardan danışmağa başladılar. Düzdür, konkret olaraq hansısa addım qeyd edilməsə də, güman etmək olar ki, Türkiyə belə cavab verə bilər:

1) II miqrant dalğası - mühacirlərin Avropaya üz tutması və Türkiyənin mane olmaması və viza danışıqlarının saxlanması. Belə olduğu halda Almaniyanın AB daxilində digər üzv dövlətlərlə münasibətlərində yeni ziddiyyətlər ortaya çıxardacaq.

2) İncirlik bazası - İŞİD-ə hava zərbələri endirmək üçün Türkiyədə olan alman hərbi təyyarələrinin geri göndərilməsi gündəmə gələ bilər. Beləcə, 2016-cı ilin aprel ayında Türkiyə ilə əldə olunmuş razılığa görə, Almaniya İncirlik ərazisində ümumilikdə 65 milyon avro xərc tələb edən hərbi bazanın tikintisinə başlayıb ki, bu da 2017-ci ildə yekunlaşmalı idi.

3) Adekvat həmlə - Türkiyə I Dünya Müharibəsi ərəfəsində Almaniyanın Afrikada (Namibiya) herero, nama tayfalarına qarşı törətdiyi genosidi TBMM-ə müzakirəyə çıxara bilər.



Qətnamənin `memarı` Cem Özdəmirin Amerika keçmişi

Almaniya Yaşıllar partiyasının sədri Cem Özdəmir əslən türk-çərkəzdir. O, ermənilərə yaxınlığı ilə də tanınır. Qondarma erməni “soyqırımı”nın tanınmasında böyük canfəşanlıq göstərmiş bir şəxsdir. Onun "soqyırım"ın 100 illiyi ilə bağlı Bundestaqdakı çıxışı, Ermənistana səfərləri və "soyqırım"ın xatirəsinə ucaldılmış abidəni ziyarət etməsi hər kəsə bəlli olan faktlardandır.

2005-ci ildən etibarən uydurma soyqırımın tanıdılması istiqamətində çalışan Cem Özdəmirin daha çox ABŞ-la bağlı olan bioqrafiyası diqqət çəkir. O, Avropa-ABŞ əlaqələrinin möhkəmlənməsinə xidmət edən layihələrdə ciddi işlər görüb. Bununla yanaşı, ABŞ-ın Viskonsin universietində məhz "Türkiyənin Avropadakı rolu" mövzusunda dərslər verib. Cem Özdəmirinin üzv olduğu digər bir Amerika təşkilatı isə Almaniyada yerləşən "Atlantikbrücke"dir. Tərcüməsi "Atlantik körpüləri" anlamına gələn bu təşkilat 1952-ci ildə qurulub.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən idarə onun bu xüsusi təşkilatın çox önəmli "gənc liderlər" proqramı var. Cem Özdəmir məhz həmin proqramın yetirməsidir. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) və Pentaqonun uzun illərdir ki, Almaniyada yerləşən "Atlantikbrücke" təşkilatına ciddi maliyyə ayırdığı barədə Avropa mənbələrində informasiyalar var. "Manager-Magazin" dərgisi bildirir ki, "Atlantikbrücke" təşkilatının "Young-Leaders" proqram xətti Almaniyada gələcəkdə Amerikanın maraqları üçün çalışan kadrlar yetişdirməyə hesablanıb".

Ümumiyyətlə, iqtisadi, maliyyə, təhsil və hərbi-siyasi sferada ABŞ-ın gücünü Almaniyada tərrənüm edən "Atlantikbrücke" təşkilatının bu zamana qədər hazırladığı kadrların təxminən 500 nəfəri bank, maliyyə, siyasət, özəl sektor, media və siyasi instutlarda təmsil olunmaqdadır. Təşkilatın çox önəmli 493 tanınmış üzvü var. Onların 252 nəfəri Almaniya iqtisadiyyatının, 82 nəfəri siyasətin, 40 nəfəri medianın, 27 nəfəri elm sahəsinin, 14 nəfəri müəyyən ittifaqların, 78 nəfəri əmək və maliyyə fondlarının tanınmış simalarıdır.

"Atlantikbrücke" təşkilatının üzvləri Almaniyanın siyasi elitasında, iqtisadiyyat, siyasət və media sektorlarında möhkəmləniblər. Və bu təşkilatın üzvləri Birləşmiş Ştatların Almaniyanın daxilində siyasi instrumenti rolunu oynayırlar. Təşkilat üzvlərinin fəaliyyəti birbaşa ABŞ-ın xarici siyasət və xüsusi xidmət orqanları ilə sinxronlaşdırılıb.

Alman jurnalist Uda Ulfkotte "Satılmış Jurnalistlər" adlı kitabında yazır ki, "Atlantikbrücke"nin üzvləri cəmiyyətdə Amerikapərəstliyi təbliğ etmək üçün əllərindən gələni edirlər". Daha sonra bildirir ki, "Atlantikbrücke"ni qurucusu ABŞ-ın keçmiş Prezidenti ata Corc Buşdur və təşkilat birbaşa ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin qanadının altındadır.

Önəmli nüanslardan biri də Cem Özdəmiri "Yaşıllar" başqanı edən, Almaniyanın keçmiş xarici işlər naziri Yoşka Fişerin də "Atlantikbrücke"nin xüsusi toplantılarında iştirak etməsidir.

Cem Özdəmir "Atlantikbrücke" təşkilatından çox böyük iqtisadi və media dəstəyi alır. Onun 2002-ci ildə Dünya İqtisadi Forumunda "sabahın qlobal lideri" seçilməsi heç də özbaşına reallaşmayıb.

Bir faktı mütləq qeyd etmək lazımdır ki, 2015-ci ildə Almaniya siyasi elitası, eləcə də dövlət rəsmiləri arasında ABŞ-a casusluq etməkdə ittiham olunan şəxslərdən biri də Cem Özdəmirdir. Onun adı iqtisadi casusluq məsələsində hallanıb, ancaq bəlli dairələr məsələnin daha da geniş məcraya keçməsinə izn vermədilər.

Bütün bu faktları nəzərə alaraq, belə bir yekun fikirə gəlmək olur ki, Bundestaqda qondarma "soyqırım"ın tanınması ABŞ-ın ciddi təsiri nəticəsinə baş tutub.

Fərrux Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti