Hay, Hitler: Erməni-faşist birliyinin gizli tarixi (ARAŞDIRMA)

Hay, Hitler: Erməni-faşist birliyinin gizli tarixi (ARAŞDIRMA)
  03 İyun 2016    Oxunub:20022
Amerikalı tədqiqatçı Samuel Veems yazır ki, Ermənistanın sovetləşməsi ərəfəsində Böyük Britaniyanın xarici işlər naziriliyinin ermənilər haqqında hazırladığı hesabatda xeyli alcaldıcı ifadələr yer almışdı. Ermənilərin etibarsız, saxtakar olduqları, uydurma faktlar yaratdıqları, hətta iki tərəfə işlədikləri vurğulanır. (Samuel E. Weems - "Ermənistan: Terrorist Xristian Dövlətinin Sirləri", s, 294)

Daşnakların III Reyxlə əlaqələri təxminən 1930-cu illərdən başlayıb. Nasional Sosialistlərin öndə gələn ideoloqlarından olan Alfred Rozenberq 1926-36-ci illər arasında Şarkiyat İnstitutuna rəhbərlik edən Dr.Artaşes Abeqyana ermənilərin tarixini və antropologiyasını tədqiq etmək məqsədilə xüsusi bir komitə qurmağı tapşırmışdı. Komitənin 1934-cü ildə yaradılmasından düz 5 ay sonra Rozenberq Adolf Hitlerə ermənilərin ari irqdən gələn bir xalq olmasına dair hesabat qədim etmişdi (Abramyan, 2006 səhifə: 31-32).

Bununla yanaşı, həmin dönəmdə Dro və Njdet kimi Daşnaq liderləri də almanlara ermənilərin ari irq olduqlarını sübut etmək üçün dəridən-qabıqdan çıxıblar (Ovsepyan, 2007, s, 109, 142, 148, 153, 267, Calabiyan, 2009, s, 243).

Daşnakların fəaliyyəti təkcə bununla bitmir. İtalyanlar da ermənilərlə əməkdaşlıq etməyə səy göstərirdilər. Faşist İtaliyasının rəhbəri Benito Mussolinin Qafqaz üzrə eksperlərindən biri Lauro Mainardi 1937-ci ildə Daşnaqlarla əməkdaşlıq etməyi təklif etmişdi. Əsas arqument kimi isə Daşnak ideolgoiyasının İtaliya faşist partiyasının ideoloji baxışlarına yaxın olduğu göstərilmişdi (Mamoulia, 2007, s. 57).

Hələ o zaman Fransa kommunist partiyasının erməni üzvləri də Hitler Almaniyasına çalışan ermənilərə ideoloji dəstək verməklə kifayətlənməmiş, üstəlik maddi yardımlar da əsirgəməmişdilər (Drambyan, 1966, s.42-51).

Bu yöndə Almaniyada bir xeyli iş görən ermənilər antik tarixlər, ari irqə aid nə vardısa öyrənmiş və müxtəlif kitablar nəşr etdirmişlər. Məsələn, "Ermənilik-Arilik", "Zeytun", "Ermənilər və Almanların tarixi dostluğu", "Arilər sənə baxır" və "Könülülərimizin tarixi tolu" kimi kitablar bu silsilədəndir (Abramyan, 2006, s, 32, Ovsepyan, 2007, s 153).

Ermənilərin nasistlərlə əməkdaşlıq dövrü ərzində tarixçilər tərəfindən "Hitlerjugend" təşkilatı kimi xarakterizə olunan "Tsegakron" (ermənicə: tseg-irq, kron-din) erməni nasist təşkilatının Berlin, Münxen, Sofiya və digər bir neçə şəhərdə mərkəzləri fəaliyyətdə olub. Qeyd etmək lazımdır ki, bütün dünyadakı erməniləri nasistlərlə əməkdaşlığa çağıran, həmçinin dünyada qeyri-alman təşkilatı olaraq Hitler uğurunda ölməyə hazır olan erməni gənclərini toplayan və onları yetişdirən yeganə təşkilatdır (Abramyan, 2006, s, 32-33).



Təşkilatın iş prinsipi sırf irqçiliyə əsaslanırdı. "Tsegakron" təşkilatı irqi ayrı-seçkilikdən çıxış edərək qeyri-erməni, yəni qeyri-ari irqdən olan (nasistlərlə əməkdaşlıq edən daşnaqlar da özlərini ari irq sayırdılar) insanlarla evlənməyi qəti qadağan etmişdir (Lalayan, 2004, s, 28, 37).

Fransada yüksək vəzifə tutmuş Ovanes Akopoviç Deveciyan Parisdə olduğu müddətdə Almaniya ilə sıx əməkdaşlıq edib. Bunu sonradan bilən Sovet kəşfiyyat xidməti "Smerş", onu həbs edərək SSRİ-də məhkəməsini qurub. O, ifadəsində bildirmişdi ki, "Tsegakron" təşkilatı ari irqinin saflığının qorunmasına xidmət edib. Nasizmlə eyni dəyərlərə sahibdir.

Erməni nasizminin təbliğatını həyata keçirən Qareqin Njde SSRİ tərəfindən ələ keçirləndə bütün bu faktların hamısı onun məhkəmə dosyesində əks olundu. Əlavə olaraq məhkəmə sənədində qeyd edilir ki, şəxsən Qareqin Njdenin rəhbərliyilə Tsegarkon II Dünya Müharibəsi ərəfəsində ABŞ daxilində təbliğat mərkəzləri yaradaraq, Almaniyanın ABŞ-a hücum edəcəyi təqdirdə "Vermaxt"ın silahlı güclərilə birləşərək Birləşmiş Ştatları daxildən sarsıtmağı hədəfləyib. Bu işdən ötrü Njdenin müəllifi olduğu irqçi kitab və məqalələr ABŞ-da işıq üzü görüb. Onun fəaliyyəti nəticəsində, hətta Amerika erməniləri arasında ikiyə bölünmə də müşahidə olunub (Ovsepyan, 2007, s,178).

1942-ci ildə daşnaq, fəlsəfə doktoru Malayan almanlar tərəfində savaşmaq üçün erməni könüllüləri torplamaqdan ötrü Berlindən İsveçrəyə yola düşür. 1943-cü ildə Bolqarıstana gələn Njde yenidən irqçi erməni təşkilatları qurmağa başlayıb. Erməni kəşfiyyatının İrəvandakı arxivində (Ermənistan Milli Təhlükəsizlik orqanının arxivi) 1943-cü ildə Berlində qələmə alınmış bir tarixi sənəd saxlanmaqdadır. Həmin tarixi sənəddə Almaniyanın Şərq Bölgələri Komitəsinin nəzdində yaradılmış Erməni Milli Komitəsi ilə bağlı əməkdaşlığın bütün maddələri, şərtləri dəqiq bir şəkildə təsvir olunub.

Martin Bormann və General Dro dostluğu

Martin Bormann Adolf Hitlerin şəxsi katibi idi, həm də Almaniya Nasional Sosialist partiyasında yüksək vəzifə tuturdu. Dronun nasist liderlə birbaşa möhkəm əlaqələri vardı. Dronun münasibət saxladığı şəxslər sırasına Hitlerin şəxsi katibi Martin Bormann, SS-rəhbəri Haynrix Himmler və nasist Almaniyasının görkəmli siyasətçilərindən biri Alfred Rozenberq daxil idi.

Bormannın katibi öz xatirlələrində Dronu çox səmimi qarşıladıqlarını yazır. Dro və əlavə olaraq 5 nəfər əsas təmsilçi erməni daşnaklar alman hökumətindən savayı italyan hökuməti ilə də bir sıra görüşlər keçirdiblər (Abramyan, 2006, s, 44, Ovsepyan, 2007, s.157-158).

1943-cü ildə sırf ermənilərdən təşkil edilmiş "Abwehrgruppe-AG (114) "Dromedar" casus təşkilatı yaradılıb. Plana görə, həmin qrupun üzvləri təyyarə vasitəsilə Ermənistana atılmalı və orada diversiya fəaliyyətini reallaşdırmalı idilər, lakin cəbhədəki dəyişikliklərdən asılı olaraq strateji plan dəyişdirilir.

Bu casus qrupun üzvləri 1918-1920-ci illərdə fəaliyyətdə olmuş daşnaq ermənilərdən təşkil edilmişdi. Təşkilatın idarə edici heyyəti Dro, Nikolay Tarhanyan (Kuro), Tiqran Baqdasaryan və Misak Torlakyandan ibarət idi. Sonradan Sovetlər tərəfindən ələ keçirilən Dromedarçılar ifadələrindən bildiriblər ki, Almaniyada Dronun rəhbərliyi ilə eyni vaxtda 150 adamın hazırlandığı xüsusi kəşfiyyat məktəbi də qurulub. 1944-cü ildə Belqradda isə almanlara çalışan başqa bir erməni casus qrupu "Einheit Sturm" (Aynhayt Şturm) yaradılmışdır (Çuyev, 2004, s.521-522).

(Ardı var)

Fərrux Həsənov
AzVision.az

Ermənilərin Alman faşistlərilə əməkdaşlığı haqda bu yazını da oxuyun:
GİZLİ TARİX | Ermənilər Hitlerdən Qarabağı istəmişdilər - FOTOLAR+SƏNƏDLƏR



Teqlər:  





Xəbər lenti