Polad Bülbüloğluna heykəl qoyuldu - FOTOLAR

Polad Bülbüloğluna heykəl qoyuldu - FOTOLAR
  18 May 2016    Oxunub:9684
Rusiya Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində Azərbaycanın Rusiyadakı səfiri, Azərbaycanın xalq artisti Polad Bülbüloğlunun bürünc heykəlinin təntənəli təqdimat mərasimi keçirilib.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, heykəlin müəllifi Rusiya Rəssamlıq Akadamiyasının prezidenti, SSRİ Xalq Rəssamı Zurab Sereteli, xarici ölkələrin Rusiyada akkreditə olunmuş səfirləri, Rusiyanın tanınmış elm və incəsənət xadimləri iştirak ediblər.



Zurab Sereteli çıxışında Polad Bülbüloğlu ilə uzun illər möhkəm dostluq münasibətlərinin olduğunu qeyd edib. O, “Müasirlərim” silsiləsində təqdim etdiyi yeni əsəri vasitəsilə qəhrəmanın özünəməxsusluğunu, heç kimə bənzəməyən səhnə üslubunu ifadə etdiyini söyləyib:



“Bir çoxları məndən xahiş edir ki, onların heykəlini hazırlayım. Ancaq mən razılaşmıram, çünki heykəltəraşlıq əsərində obraz, xarakter olmalıdır. Polad Bülbüloğlu yaradıcı şəxsiyyətdir, məxsus olduğu böyük xalqın ənənələrini, atası, dahi Bülbülün yaradıcılıq yolunu davam etdirir. Bunu qiymətləndirmək lazımdır. Azərbaycan səfirinin heykəlinin qalereyada Rusiyanın və dünyanın bir çox məşhur şəxsiyyətlərinin bürünc əksləri ilə bir sırada yer alması Rusiya ilə Azərbaycan arasında, eləcə də Qafqaz respublikaları arasında mehriban qonşuluq və dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək".



Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Zurab Seretelinin təqdim etdiyi heykəli həm də Azərbaycan xalqının tarixinə və mədəniyyətinə böyük hörmət və ehtiram əlaməti olduğunu söyləyib: “Polad Bülbüloğlunu ürəkdən təbrik edirəm. Onun mahnılarını məmnuniyyətlə dinləyirəm, çünki bu mahnılar insanda xoş hisslər oyadır, həyat eşqi yaradır. Çox şadam ki, bu gün belə bir gecədə iştirak edirəm. Zurab Seretelinin yaratdığı heykəltəraşlıq əsəri Polad Bülbüloğlunun daxili aləmini, iç dünyasını çox dolğun ifadə edir”.

SSRİ Xalq Rəssamı Tahir Salahov Zurab Seretelinin bu əsərin bütövlükdə Azərbaycan xalqına və dövlətinə, Azərbaycanın yaradıcı insanlarına sevgi və ehtiram hissi ilə yaratdığını bildirib.



Polad Bülbüloğlu isə çıxışında hər bir yaradıcı şəxsiyyət üçün sənətinə yüksək qiymət verilməsinin möhtəşəm hadisə olduğunu söyləyib: “Zurab Seretelinin sərgi kompleksində tanınmış yaradıcı insanların portretləri və heykəllərindən ibarət böyük bir qalereya var. Orada görkəmli musiqiçilərin də heykəlləri nümayiş olunur. Qürur duyuram ki, indi o heykəllərin sırasında azərbaycanlının da heykəli qoyulacaq”.



Gecədə çıxış edən SSRİ xalq artisti İosif Kobzon, SSRİ Dövlət Mükafatı laureatı, şair Andrey Dementyev, Rusiya Rəssamlar İttifaqının sədri Andrey Kovalçuk və başqaları Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərindən danışaraq, Azərbaycanın tanınmış şəxsiyyətlərindən biri olan Polad Bülbüloğlunun heykəlinin Moskvanın məşhur qalereyasında yer almasını bu münasibətlərin bütün sahələrdə inkişafının nümunəsi kimi qiymətləndiriblər.

Təqdimat mərasimində Moskva Konservatoriyasının Konsert Simfonik Orkestri gənc musiqiçi Murtuza Bülbülün dirijorluğu ilə Polad Bülbüloğlunun sevilən mahnılarını ifa edib.



Qeyd edək ki, Rusiya Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksi Moskvanın mərkəzində, qədim memarlıq binasında yerləşir. Kompleksdə beynəlxalq sərgilər və ustad dərsləri keçirilir. Kompleksdə Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Seretelinin çoxşaxəli yaradıcılığı, o cümlədən “Müasirlərim” silsiləsindən indiyədək yaratdığı Mstislav Rostropoviç, Vladimir Vısotskiy, Marina Svetayeva, Andrey Voznesenskiy, Vladimir Putin, İosif Kobzon və başqalarının heykəlləri nümayiş olunur.(APA)

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti