Teleaparıcı: “Mənim kişilərə yazığım gəlir” - MÜSAHİBƏ

Teleaparıcı: “Mənim kişilərə yazığım gəlir” - MÜSAHİBƏ
  24 İyul 2013    Oxunub:28077
Teleaparıcı Zəhra Rüstəm-Osmanova: “Qayınanamla rəfiqə kimiyik”
“Azvision.az”un bu dəfəki qonağı tele-aparıcı Zəhra Rüstəm-Osmanovadır. Zəhra xanımla az qala bütün mövzularda danışmışıq.

- İşləriniz necə gedir?
- Yaxşıyam, ancaq işlərimi dayandırmışam. Hələlik istirahətdəyəm və ana olmağa hazırlaşıram.

- Bəs evlilik həyatı?
- Evlilik həyatım da çox şükürlər olsun ki, əla keçir.

- Deməli ailə həyatına artıq adaptə olmusunuz...
- Bəli, artıq olmuşam.

- Qayınana narazılığı yoxdur ki?
- Yox niyə olsun ki?! Qayınanamla sözün həqiqi mənasında rəfiqə kimiyik. O ailədə narazılıq olur ki, kişinin sözü o evdə keçmir. Bizdə isə əksinədir, tfu-tfu göz dəyməsin, hər şey yaxşıdır, əl-ələ verib mürəbbə bişirməyə qədər bir yerdə edirik.

- Mürəbbə bişirmək demişkən mətbəxlə aranız necədir?
- Əla! Mətbəxdə olmaqdan çox böyük zövq alıram, amma 18 yaşıma qədər heç nə bişirə bilmirdim. Həmişə evdə anam qulluğumuzda olub. O, istəyirdi ki, biz oxuyaq ona görə mətbəxə yaxın buraxmırdı, amma Bakıya universitetə daxil olandan sonra özüm bişirməyə başladım. Hətta ilk yeməyimə 1 lirt yağ boşaltmışdım ki, niyə yemək yağa düşmür?! Həmin andaca ev sahibi köməyimə çatdı, amma indi hər işi özüm edirəm. Bir də ki, mətbəxdən kənar qalan qadınlar mənə çatmır. Qadın evinin həm xanımı, həm də pis çıxmasın qulluqçusu olmalıdır, amma bir sirri də açım: soğan doğramağı qaynanamdan öyrənmişəm (gülür).

- Ən son bişirdiyiniz yemək nə olub?
- Badımcan, bibər, pomidor dolması.

- Əlinizin duzu var?
- Yəqin ki, var, onu ancaq yeməklərimi dadanlar bilər. Müsahibəni bizdə etsəydik, görərdiniz necədi əlimin duzu.

- Dediniz ki, anam təhsilimizə çox diqqət ayırırdı. Hansı ali məktəbi bitirmisiniz?
- Təkcə anam yox, elə atam da. Ailədə oxumağımızı çox istəyirdilər. Mən bu il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universietinin rejissorluq fakültəsini, amma ondan öncə 2 il Bakı Mədəni Maarif Texnikumunun Kulturologiya fakultəsini fərqlənmə ilə bitirmişəm.

- Deməli, ixtisasca jurnalist deyilsiniz.
- Xeyr, deyiləm, amma 9-cu sinifdən “İnternews”un jurnalistika seminarlarına qatılmışam. Gəncədə olanda “Gəncəbasar” qəzetinə 1-2 məqalə də vermişdim, amma sonra bildilər ki, 9-cu sinifdə oxuyuram, dedilər balaca get universitetə hazırlaş.

- Bəs jurnalistikaya gəlmək qərarını necə verdiniz?
- Uşaqlıq arzum olub, yəni məqsədli şəkildə addımlamışam.

- Həyat yoldaşınızla eyni peşəni paylaşırsız. (Zəhra Rüstəm -Osmanovanın həyat yoldaşı da tele – radio aparıcı Cavid Osmanovdur-red.) Hətta eyni iş yerini. Bu çətinlik yaratmır ki?

- Heç də yox, əslində kömək edir. O, radiodadır, mən televiziyada. Otaqlarımız da ayrıdır. Həm də ruslar demişkən, “drujba-drujboy, slujba-slujboy”. İşin öz yeri var, şəxsi həyatın öz yeri var. Bunları bir-birinə qatmaq olmaz.

- İlk efir gününü xatırlayırsınız?
- Xatırlayıram, onu unutmaq olar?! Efir boyu çaşmamışdım. Əsas yadımda qalan budur.

- Bəs ilk maaş? Və ya qonorarınız nə qədər olub?
- Bu, sirr olaraq qalsın.

- Qısqancsız?
- Bəli, qısqancam. Mənə aid olan yalnız mənim olmalıdır.

- Bu, munasibətlərə və işinizə mane olmur ki?
- Hərdən mane olur, hərdən isə olmur. Ən zəif cəhətim hisslərimi gizlədə bilməməyimdir. Nə fikirləşirəmsə, o dəqiqə həmin insanın üzünə deyirəm.

- Bəs Cavid bəy? O da qısqancdır?
- Cavid də qısqancdır, amma calışır ki, biruzə verməsin.

- Həm də açıqsözlüsünüz demək.
- Bəli, ancaq çox adamın da bundan xoşu gəlmir. Ona görə də ətrafımda say- seçmə insanlar var.

- Tanışlığınız necə baş tutub?
- Tanışlığımız işdə baş tutub. Yəni hamı kimi telefon danışıqları, nə bilim, xüsusi gorüşlərimiz olmayıb. Bizdə hər şey birbaşa evlilik təklifindən başlayıb.

- Bəs “6” nömrəli avtobusda nələr baş verib?

- (Gülür) 6 nömrəli avtobusda evlilik təklifi olunub.

- Kreativ təklif demək olar buna?
- Hə, özü də necə evlilik təklifi… Bütün avtobus əhli mənim cavabımı gözləyirdi.


- Bəs sonra tanımaq üçün zaman istəmədiniz?
- Əslində 4-5 ay idi tanıyırdım, ancaq iş yoldaşı kimi. Müşahidə qabiliyyətim var. İnsanlarla üzbəüz bir saat ünsiyyətdə olum, artıq bilirəm necə insandır.

- Evdəkilərə necə açıqladız? İlk olaraq kimə dediniz?
- Heç kəsə demədim ki… Vaxt olmadı deməyə, bir də gördüm elçi gəliblər artıq.

- Saç rənginizi kim seçir?
- Heç kim, mənim doğma anamdan, atamdan gəlmə saçlarımdı. Rəng qoymuram. Açığı, heç fikrində də deyiləm, çünki təbiiliyə üstünlük verirəm.

- Gözəllik salonuna tez-tez gedirsiniz?
- Əlbəttə, gözəllik salonuna gedirəm, amma daha çox manikür və pedikür üçün. Ümumiyyətlə, təbiiliyi qorumaq şərti ilə hər bir xanım baxımlı olmalıdır, amma salon xidmətlərində çox kaprizliyəm. Bəzi salonda işləyənlər o qədər standarta öyrəşiblər ki, streotipləri sındırmaq istəmirlər. Elə fikirləşirlər ki, qaşlar tatuaj olanda, ya da dırnaq qaynaq olanda, nə bilim dodaqlar sillikon olanda əsl gözəl olurlar. Guya bunlar gözəlliyin göstəricisidir və belə sifətdə olan xanımlar dəb nümunəsi sayılırlar. Bakıda artıq klonlaşma, yəni bir- birinə bənzəmə gedir.

- Bəs özünüz necə streotipləri sındırmısınız?
- Bəli, demək olar ki, sındırmışam. Mənim bu baxımdan kişilərə də yazığım gəlir. (Gülür)

- Niyə?
- Ona görə ki, beziblər eyni qadın sifəti görməkdən. Bu yayın istisində saçları qaynaqda görəndə, həftələrlə saçlarını yumayan görəndə, elə bil mənə söyürlər. Yazıq kişilər neynəsin?! Necə sığal çəksin çirkli saçlara, silikon dodaqları necə öpsun?!

- Şopinqi hardan edirsiniz?
- Sözün düzü şopinq xəstəsi deyiləm, ola bilər ki, 20 manata da kofta alım, amma hamı elə fikirləşəcək ki, 200 manatdan bahadır. Fikirləşirəm ki, paltar insanı yox, insan paltarı bəzəməlidir. Geyimə çox pul vermək ağılsızlıqdır əslində. Cavidlə çalışırıq ki, mümkün qədər qənaət edək, çünki şəraitimizi düzəltməliyik.

- Cavid bəy geyiminizə qarışır? Xüsusi qadağalar var?
- Yox, xüsusi qadağalar yoxdur, heç şərait də yaratmaram ki, mənə söz gəlsin. Mənə nə yaraşıb-yaraşmadığını yaxşı bilirəm. Ona görə də, qarışma halları olmur, amma fikrini həmişə öyrənirəm. Çünki qarşılıqlı hörmət yaxşı şeydi.

- Bir az da o səs-küyə səbəb olan sərgidən danışaq… Niyə belə rezonans doğurdu sizcə?
- Hə, yaxşı yerdə axşamladıq. Sözün düzü, məhsulu necə təqdim edirsənsə, o cür də qarşılanır. Mən buna hazır idim, cəmiyyətimiz isə hazır deyil belə şeylərə. Bir az açıq-saçıqlıq görən kimi deyirlər pornodur ya da erotikadır. Halbuki, əsas məqsədim qadın gözəlliyini göstərmək idi. Gözümü açandan evimizdə "nyu" janrında olan heykəlləri rəsm əsərlərini görmüşəm. Atam heykəltəraş olduğuna görə incəsənət bizim ailə üçün oksigendir.

- O şəkilləri siz çəkmişdiniz?
- Bəli, şəkilləri mən çəkmişdim, amma mən deyiləm. Bəzi saytlar reytinq xatirinə xəbərin oxunması üçün “ANS-in aparıcısının erotik şəkilləri yayıldı” başlığı ilə xəbər yaydı. Hər bir sayta da ayrı-ayrılıqda iradlarımı bildirmişəm.

- Bu xəbər işdə və ya ailədə problem yaratmadı ki?
- Yox, niyə yaratmalıdır axı?! Ailəm həmişə məni dəstəkləyib. İş orasıdır ki, o sərgi bizim ailəvi sərgimiz idi - atamın, bacımın və mənim, amma savadsız jurnalistlər məhsulu düzgün təqdim etmədilər.
Bir də ki, Məhəmməd Peyğəmbərin belə bir rəvayəti var: Küçədə it leşindən kəskin qoxu gəlir, gələn-keçən burnunu tutur, deyir bu, nə üfunət iyidir? Məhəmməd Peyğəmbər isə küçədən keçəndə və bu halı görəndə deyir ki, siz görün o it leşinin nə gözəl dişləri var?
Deməli, qəlbi gözəl insan hər şeyi gözəl görür, stəkanı yarı boş deyil də, yarı dolu görmək məsələsi kimi. Əlavə edim ki, birinci il deyil ki, fotoqraflıqla məşğul oluram, artıq 4-5 ildir. Belə partlayışlar etməyi sevirəm.

- Ana olmağa hazırlaşırsız,həyəcan var?
Yox, yoxdu. Bu, həyatın qanunudur, hər bir qadına da bu missiya düşür. Yəni, hər şey qaydasındadır.

- Yeni doğulacaq körpəyə ad fikirləşmisiniz?
- Hələ ki, bir neçə variantımız var. Sağlam olsun, açıqlama verərik. Əvvəlcədən heç nə demək istəmirəm.


Səbinə Məmmədova
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti