“Hələ toy olmamışdan boşanmanı planlamışdım”- MÜSAHİBƏ

“Hələ toy olmamışdan boşanmanı planlamışdım”- MÜSAHİBƏ
  16 İyul 2013    Oxunub:26534
“Həyatdan bezdiyim vaxtlar olur, hətta intihar belə etmək istəmişəm”
“Azvision.az” saytının növbəti müsahibi jurnalist, “azadqadin.az” saytının yaradıcısı Aynur Qurbanqızıdır. Feminist düşüncələrilə məşhurlaşan bu xanım elə müsahibə boyu da fikirlərindən əl çəkməyib.


- Azadqadin.az saytını yaratmaqda əsas məqsədiniz nə idi?

- Azərbaycanda bir qadının yaşadığı bütün problemlər məndən də yan keçməyib. Təhsilimə, sərbəstliyimə qadağalar, daha sonra məcburu evlilik, uğursuz ailə həyatı, “ər evindən kəfənlə çıxacaqsan” kimi ifadələrlə boşanmama icazə olmaması... Buna görə həyatımın 7 ilini əzabla keçirmək və bir çox yaşadığım nüanslar bu cəmiyyətə içimdə bir nifrət hissi yaratmışdı. Azadqadin.az saytı bu hislərdən doğdu. Həyat şüarım belədir: “Özünü xilas edəcək yeganə insan sənsən”. Məqsədim qadınlara məhz bunu anlatmaqdır. Çünki, qadın kimi doğulmaq bizim günahımız deyil. O zaman niyə biz qadın olmağın çətinliklərini yaşamalıyıq?! Ailə uğursuz olub deyə bir qadın ömrünün sonuna kimi bədbəxt yaşama məhkum olunmalıdır?!

- Bəs dediyiniz kimi uğursuz ailəsi olan bir qadın özünü necə xilas edə bilər?

- Qadın köləliyinin, əsarətinin, problemlərin kökündə kişidən maddi asıllıq dayanır. Demək, qadının xilası bu asıllıqdan qurtulmaqdır. Təhsil, iş, hər hansı ixtisasa sahib olmaq, bir sözlə qadın öz ayaqları üstündə dayanmağı bacarırsa və psixoloji olaraq cəmiyyətin yaratdığı sterotipləri qıracaq qədər mənən güclüdürsə, bu onun qurtuluşudur. Yeri gəlmişkən, məhz buna görə saytımda iş elanları bölməsi də istifadəyə vermişəm.

- Sizin azadlıq kriteriyalarınız nədir? Necə bir qadını azad qadın hesab edirsiz?

- İki il öncə saytı istifadəyə verəndə azadqadın.az domen adına görə, böyük təzyiqlərlə üz-üzə qaldım. İnsanlar heç cür bu ifadəni qəbul edə bilmirdilər. Cəmiyyətimizdə azad qadın dedikdə yalnız fahişələr hesab olunur. Mənsə, hər zaman demişəm ki, fahişə azad deyil, çünki azad qadın mənliyini pula satmaz, kişilərə möhtac qalmaz. Mənə görə, qadın azadlığı öz hüququnu bilməsi, haqqını müdafiə etmək bacarığına və istəmədiyi hər bir şeyə YOX demə gücünə sahib olmasıdır. Qısacası, azadlıq insanın ruhunda olmalıdır. Bəzi qadınlar var ki, çadrada gəzir, amma mini yubka geyinib gəzənlərdən ruhən daha azaddırlar.

- Bəs saytınıza daha çox hansı problemlərlə müraciət edirlər?

- Azadqadin.az-da çoxsaylı maraqlı layilərimiz var. Onlardan ən məşhuru “Məktub var” layihəsidir ki, gündəlik bir qadının taleyini insanların müzakirəsinə veririk. Yəni məktub şəklində hər kəs öz problemini, yaşantılarını, həyatını bizə yazıb göndərir. Biz isə, ona həm mənəvi dəstək olur, məsləhətlər verir, eyni zamanda oxuculara təqdim etməklə istəyirik ki, başqalarının səhvlərindən özlərinə nəticə çıxartsınlar. Problemlər adətən kişilər tərəfindən təzyiq və aldanmalarla bağlıdır. Məktublar o qədər maraqlı olur ki, çoxları bunun real olduğunu qəbul edə bilmir, zənn edirlər ki, biz özümüzdən uydurub yazırıq. Amma, gerçəkdən bunlar real yaşantılardır. Hətta bəzən mən özüm oxuduqda şoka düşürəm ki, ilahi, Azərbaycanda nələr varmış, nələr yaşanır...

- Gələcəkdə bu işi genişlənidrib qadınların hüquqlarını müdafiə edən hər hansı bir QHT və ya qadın təşkilatı yaratmaq istərdinizmi?

- Demək olar ki, bir qadın təşkilatının gördüyü işləri görürük. Hətta bəzilərindən daha çox iş görürük. Azadqadin.az-da pulsuz hüquq, psixoloq bölmələri fəaliyyət göstərir. Fəaliyyətimiz genişdir, amma təəssüf ki, maddi dəstəyimiz olmadığına görə bir çox layihlər də yarımçıq qalır. O səbəbdən ki, jurnalistlərə qonarar vermək gücündə deyilik. Təkbaşına da bu qədər işi uğurla görmək çətin olur. Bu səbəbdən bir ara təşkilat açmaq haqda ciddi düşünmüşdüm. Təşkilat olduqda müəyyən qurumların layihələrə maddi dəstək göstərməsi daha rahat olur və bununla qadınlara daha çox yardımımız toxuna bilərdi. Amma, təşkilat sahəsində heç bir təcrübəm və ətrafımda da bu işi bilən bir komanda olmadığı üçün hələlik fikrimdın vaz keçdim. Bir işdə uğurlu olmaq üçün öncə onun incəliklərini bilmək lazımdır.

- Adınızın əvvəlinə feminist sözünü yazmaq olar? Yeni siz özünüzü feminist hesab edirsiniz?
- Mənə görə, feminizm qadın və kişi hüquq bərabərliyi uğurunda mübarizə aparan cərayandır. Bu yöndən özümü feminist hesab edirəm.

- Qadınları azadlığa səsləyən Aynur xanım bəs özünü necə azad qadın hesab edirmi?

- Facebook səhifəmdə bu sualla dostlarıma müraciət etdim və məlum oldu ki, mən azad qadın deyiləm (gülür). Bayaq qeyd etdiyim kimi, mənim azadlığımın ruhumdadır. Kimsə mənə nəsə məcburiyyət edə, yaxud hər hansı arzumun reallaşmasının qarşısını kəsə bilməz. Amma bəzi məsələlər var ki, orada azad deyiləm. Tutaq ki, mən bir kişiyə aşiq olsam “azad və yetkin qadınam, ürəyim nə istəyir onu da edərəm” deyib o şəxslə yaxın münasibət qurmaram. Yaxud, kefim istəyən vaxt istədiyim yerə gedə bilmərəm. Çünki, bir Azərbaycanlı ailəsində doğulmuşam, atamın-qardaşımın dəyərlərinə hörmət etməliyəm. O cümlədən, özüm üçün qoyduğum bəzi sərhədlər var ki, azadlığım orada çərçivələnir.

- Facebook demişkən, bu sosial şəbəkədən neçə vaxtdır istifadə edirsiniz? Ümumiyyətlə facebook sizə nə verir?

- Səhv etmirəmsə, 3 ilə yaxındır sosial şəbəkə qurbanıyam (gülür). Facebook mənə çox şey verir və verdiyi qədər də alır. Fikirlərimi minlərlə insana çatdırmaq şansı, tənhalıqdan uzaqlaşmaq, özümü ifadə etmək, yaxşı dostlar qazanmaq, bir çağırışıma qısa vaxtda yüzlərlə insandan dəstək gəlməsi, saytımın daha geniş çərçivədə tanınması və s. Məndən aldığı isə, qızıldan qiymətli olan vaxtdır. Saytımın facebook səhfəsi 50 min, adımı daşıyan şəxsi səhifəmin üzv sayı isə 24 minə çatır. Mən artıq səhifəmi bəyənənlərə görə, məsuliyyət daşıyıram. Onlar mənə bu cür dəyər verirsə, demək mən də onlara günlərini maraqlı keçirmələri üçün, eyni zamanda qarşıma qoyduğum missiyamı çatdırmaq üçün maraqlı yazılar təqdim etməliyəm. Bunun üçün axtarışlar edirəm, şəkillər hazırlayıram, o cümlədən xanımlar öz problemlərini mənə facebookdan yazdıqları üçün hər gün onlarla məktub alıram, onlara baxmaq, cavab yazmaq böyük vaxt itkisidir. Bəzən olur ki, səhərə qədər oyaq qalıram. Bir sözlə, şəxsi həyatımı işə qurban gedib.


- Bəs saytın maliyyə problemlərini necə həll edirsiniz? Sayta sponsorluq edən var ? Yoxsa reklam hesabına dolanırsınız?

- Saytın maliyyə problemlərini özüm təkbaşına həll edirəm. Təbii ki, bu mənim üçün çox çətindir. Əksər hallarda universitetdən aldığım maaşımı sayta xərcləyirəm. Reklam sahəsində də uğurlu deyilik. Baxmayaraq ki, sayta gündəlik 13-14 min İP adresindən giriş var. Aylıq 300-400 min arası insan daxil olur. Qadın saytları arasında reytinqə görə, birinci yerdəyik. Sadəcə, mən gücümü saytın inkişafına qoymuşam deyə reklamla maraqlanmağa vaxtım qalmır. Bir reklam şirkəti ilə müqaviləmiz var, o da aylıq o qədər az pul ödəyir ki, artıq müqaviləni pozmağı düşünürəm. Ümid edirəm ki, gələcəkdə bu problem həll olunacaq.

- Əgər yoldaşınızdan ayrılmasaydınız yenə belə feminist fikirləriniz olacaqdi?

- Mən sevmədən məcbur şəkildə ailə qurmuşam. Hətta, hələ toy olmamışdan artıq boşanmanı planlamışdım. Amma təbii ki, o mənim sevgimi qazansaydı, bir insan olaraq dəyər versəydi ayrılmağı əsla düşünməzdim, çünki hər bir qadın xoşbəxt bir ailəyə sahib olmaq istəyər. Ola bilər feminist düşüncələrimin bir az da alovlanmasına həyatımda düzgün bir kişinin olmamasından irəli gəlib. Kişi sevgisi, qayğı və nəvazişi ilə əhatə olunmuş xoşbəxt qadın necə kişilərə nifrətlə baxa bilər? Amma, hazırda işim qadın problemləri ilə bağlı olduğundan bu gündən sonra ailə qursam və şəxsi həyatımda hər şey əla olsa da, kişilərə mövqeyim dəyişməyəcək. O səbəbdən ki, illər öncə sadəcə özümü düşünürdümsə də, bu gün artıq bütün qadınların problemlərinin həlli üçün mübarizə aparıram.

- Bəs tək yaşamaq problem yaratmır ki..?
- Əksinə, evlilik həyatımı düşünəndə deyirəm ki, ilahi, mən 7 il necə dözmüşəm. Hər şey mənə yuxu kimi gəlir. O illəri həyatımdan itmiş hesab edirəm. Bir ildir boşanmışam və insan kimi yaşamaq nədir hələ indi hiss edirəm. Qulağım dincdir, öz qərarlarımı özüm verirəm, kimsə işimə qarışmır, qaynana problemləri yoxdur, yanımda da ən sevdiyim insanlar - Anam və qızım... Qadınların tək yaşamaq problemi adətən maddi imkansızlıqdan olur ki, mən də bu sahədə kiməsə möhtac deyiləm.

- Yəqin ki, bu cür mövqeyinizə görə, çoxları sizi qadınları boşanmağa səsləməkdə qınayır

- Bilirsiniz, hər kəs öz həyat təcrübəsindən çıxış edir. Əgər mən hər dəfə 7 ilimi boş yerə itirdiyimə bu qədər təəssüflənirəmsə, indi təsvir edin ki, bir qadın bir ömür boyu bədbəxt yaşayıb 60 yaşına çatdığında nələr hiss edər. Bir həyatı boşa itirməkdənsə, boşanıb insan kimi yaşamalarını məsləhət görürəm. Təbii ki, özlərini ayaq üstə saxlamaq gücünə sahibdirlərsə... Amma, hər xırda məsələdən ötrü də ayrılmağın əsla tərəfdarı deyiləm. Ona görə ki, hər bir qadının bir kişiyə ehtiyacı var. İstər mənəvi, istər maddi... Boşanmış qadının 2-ci dəfə ailə qurması çətindir. Bir ömür boyu kişi sevgisindən məhrum qalmaqdansa, maksimum güzəşt edib ailəni qorumaq lazımdır. Amma əgər bir ailədə bütün dəyərlər ölübsə, xoşbəxtlik bərpa olunmayacaq həddədirsə və geri yol yoxdursa, o zaman tək yaşamaq seçimini edə bilərlər.

- Yəqin ki, eşq təklifləri, sevgi etiraflari edənlər çox olur. Bəs evlilik təklifi necə? Edənlər olub?

- Evlilik mənim üçün çox ciddi məsələdir. Birinci səhvimi əsla təkrarlamaram. Ailə qurmaq xatirinə yox, məni xoşbəxt edəcək kişi ilə birlikdə həyatın gözəlliyini yaşamaq üçün bu qərarı verə bilərəm. Hazırda kişilərə güvənim o qədər aşağıdır ki, ümumiyyətlə hətta eşq elan edənə də məni yaxından tanıma şansını vermirəm. İki insan ünsiyyət qurub bir-birini yaxından tanımazsa, demək evlilik də olmaz. Güvənsizliyim Azərbaycanda boşanmış qadına münasibətin aşağı səviyyədə olmasından irəli gəlir. Biri qadından xoşlanırsa, ilk ağlından keçən onunla evlənmək yox, sadəcə qeyri-rəsmi yaşamaqdır. Hətta evlilik təklifi edəndə də, çox vaxt məqsəd bu yolla qadını əldə etməkdir. Yəni bəzi oğlanlar iyrənc məqsədlərinə çatmaq üçün bu yola əl atacaq qədər alçaqdırlar. Mənə aldanmış xanımlardan gələn məktublar və müşahidəm bunu deməyə əsas verir. Mənsə, xoşbəxt bir ailəm olsun istəyirəm və kimsənin məşuqəsi olmaq kimi hörmətsizliyi özümə etmərəm. Düşünürəm ki, qadına dəyər verən kişi onu məşuqəsi etməz, evinin xanımı, qəlbinin yarı edər.

- Bir gun o qapınıza çiçəklə gəlsə, hər şeyi unudaq yenidən başlayaq deyib üzr diləsə nələrsə deyişə bilərmi?

- Onu sevsəydim, nəyinsə dəyişəcəyinə ümid etmək olardı. Çünki, sevgi hər şeyə qadirdir. Amma indiki halda əsla! Çünki, mən xoşbəxt olmaq istəyirəm. Məni isə, yalnız və yalnız sevgi hisləri xoşbəxt edə bilər.

- Ötən dəfə tv verilişlərinin birində Aydın xan Əbilovla fikirləriniz arasında narazılıq yaşandı. Sizcə sizi qadınları bu qədər müdafiə etdiyiniz görə dəstəkləyənlər çoxdu yoxsa?

- Ən pis odur ki, hətta bir sıra qadınlar da mənim əleyhimə danışırlar. Qadın zorakılığına qarşı çıxanda “ərimdir, sevər də, döyər də”, “Yaxşı at özünə qamçı vurdurmaz” kimi ifadələri də məhz qadınlar işlədir. Bu məni təəssüfləndirir, hətta bəzən həvəsdən salır, düşünürəm ki, yəni belələrinə görəmi bu qədər əziyyət çəkirəm?! Amma, məni dəstəkləyən xanımlar da az deyil. Bəziləri var ki, hətta mənəvi baxımdan məndən güc aldıqlarını söyləyirlər. Bir haşiyəyə çıxım. Təbii ki, hər bir normal insan kimi mənim də həyatdan bezdiyim vaxtlar olur, hətta intahar belə etmək istəmişəm. O anda inanın ki, məni bundan saxlayan anam-qızım yox, məhz mənə güvənən qadınlar olub. Düşünmüşəm ki, onların güclü qadın inamlarını darmadağın etmək haqqım yoxdur.

- Gələcək üçün ən maraqlı planınız nədir?
- Qadın.az adlı böyük bir qadın portalı açmaq planım var. Azadqadin.az sırf sosial, qadın problemlərini işıqlandıran sayt olacaq, qadın.az-da isə, heç bir qadın saytında olmayan layihələrimiz olacaq. O cümlədən, ailəquraq.az domeni də məndədir, maddi çətinliyə görə bir ildir bu layihəni hazırlamaqda gecikirik. Azərbaycanda ciddi bir tanışlıq saytının olmasını istəyirəm. Daha bir planım isə, təlimçilik fəaliyyətidir. Pulu sürətlə artırmağın texnikası, varlanmağın sirləri mövzusunda seminarlar təşkil etmək və kitab yazmaq istəyirəm. Bu sahədə təcrübəm var və bu da ayrıca müsahibə mövzusudur.

- Tanışlıq saytı vasitəsilə ailə qurmağa inanırsınız?

- Azərbaycanda bir çox məşhurlar var ki, internet vasitəsilə ailə qurub. Hətta Azadqadin.az-da “Ailə qurmaq istəyirəm” kiçik tanışlıq bölməsi vasitəsilə 8 nəfər ailə qurub. Düşünürəm ki, bunu daha da genişləndirmək olar. Çünki, insanlar öz yarını internet vasitəsilə daha asan tapa və daha rahat ünsiyyət qura bilərlər. Bu layihədən danışanda saxtakarların problem yaradacağını söyləyirlər. Amma saxtakar insanlar real həyatda da var. Real həyatda da şirin yalanlarla qızları yoldan çıxaran oğlanlar minlərlədir. Yəni real yaxud virtual fərq etmir. Əsas olan aldanmamaqdır ki, bu da insanın özündən asılıdır.

Səbinə Məmmədova
AzVision.az üçün


Teqlər:  





Xəbər lenti