Türkiyə kimin hədəfindədir? – ŞƏRH

Türkiyə kimin hədəfindədir? – ŞƏRH
  14 Mart 2016    Oxunub:21978
Bir ay ərzində bir ölkənin paytaxtında iki dəhşətli terror aksiyasının baş verməsi nə deməkdir? O deməkdir ki, ölkənin təhlükəsizlik sistemi ya normal fəaliyyət göstərə bilmir, ya da sabotajla məşğuldur. Əks halda, birinci faciədən sonra Ankaraya nəinki trotillə dolu maşın keçə, heç quş da uça bilməzdi.

Üstəlik, partlayışdan 2 gün əvvəl ABŞ-ın Türkiyədəki səfirliyinin saytında amerikalılara xəbərdarlıq edilmişdi ki, Ankarada terror ola bilər. Düzdür, xəbərdarlıqda şəhərin başqa səmti – Bahçelievlər göstərilmişdi, amma hər halda, bu xəbər ciddi şəkildə işlənməyə götürülməli idi. MİT-in məlumatı isə Amerika səfirliyindən daha çox və dəqiq olmalı idi axı... normal halda.

Vəziyyət isə, təəssüf ki, qətiyyən normal deyil. Türkiyə qeyri-sabit bir ölkəyə çevrilmək trendindədir. Düzdür, ötən ilin noyabrında Parisdəki terror aktı göstərmişdi ki, heç kim belə faciələrdən sığortalanmayıb, amma paytaxtda bir ayda iki, beş ayda üç terrorn baş verməsi (10 oktyabr, 17 fevral) hətta Türkiyə üçün də çoxdur.

Fevralın 17-dəki terror Baş Qərargahın yaxınlığında törədilmişdi, bu dəfə isə Baş Nazirliyə gedən yolda, Güvən Parkının (!) böyründə. Mesaj aydındır: “Türkiyədə güvən yoxdur, hədəf isə dövlətdir”. Amma hədəfə alan kimdir?

Bütün kartlar burada qarışır. Çünki Türkiyə kimi bir dövlətin paytaxtında belə böyük terror hadisələrini törətmək asan iş olmamaldır. PKK-dan danışırıqsa, dağda-dərədə Türk əsgəri ilə atışıb, mağarada gizlənmək bir məsələdir, hər tərəfin təhlükləsizlik kameraları, detektorlar ilə dolu olduğu, ciddi qorunan paytaxtda terror aktı təşkil etmək isə tamam başqa məsələ. Maşındakı terrorçu özünü də partladıbsa, deməli, fanatik olub, amma bu cür aksiya təkcə fanatizm hesabına düzənlənə bilməz. Çox peşəkar diversiya əməliyyatından söhbət gedir burada, PKK-nı aşan bir əməliyyatdan.

Aydındır ki, əgər terror aktını PKK törədibsə belə, ona bu işdə çox ciddi kömək ediblər. Həm də təxribatlar törətmək işində zəngin təcrübəsi olan peşəkar bir qurumun – hansısa xüsusi xidmət orqanının köməyindən söhbət gedir. Halbuki, tərsinə olmalı idi: müasir dünyada terror da qloballaşdığı üçün dövlətlərin xüsusi xidmət orqanları onun qarşısını almaqda bir-birlərinə kömək etməlidirlər. Çünki məsələn, Ankarada törədilən terrorun toxumu tamam başqa bir ölkədə əkilmiş ola bilər.

Rusiyanın, İranın, lap elə Suriyanın, digər ərəb ölkələrinin təhlükəsizlik xidmətlərinin hər hansı bir məlumatı Türkiyəyə bu faciəni önləməkdə əvəzsiz kömək edə bilərdi. Regionun ən güclü kəşfiyyat orqanlarına malik İsraillə işbirliyi çox gözəl effekt yaradardı. Amma nərədə?... Bu ölkələrin hamısı ilə münasibətlər elə pozulub ki, çətin ki, hansısa Türkiyəyə terrola mübarizədə real kömək etsin. Hətta tam əksi olsa, yəni üzə çıxsa ki, terrorun təşkilində bu ölkələrin hansınınsa kəşfiyyatının barmağı olub, təəccüblənmərik...

Yaxşı, Türkiyənin bölgədə bu cür küncə sıxılmağında təsiri az olmayan Amerikanın kəşfiyyatı bəs nə edir? Öz vətəndaşlarına xəbərdarlıqdan başqa, təbii ki...

Terror aktlarının məqsədlərini də birmənalı müəyyən etmək mümkün deyil: bu, qisas aksiyası da ola bilər, geosiyasi məqsədlərə hesablanmış addımlar da. Vər iki halda versiyalar olduqca çox şaxələnir. Türkiyə özünü həddindən artıq mürəkkəb vəziyyətə salıb çünki.

İndi Ərdoğan hökumətinin ciddi təftişə ehtiyacı var. Əvvəla, daxili təhlükəsizlik sistemində, kəşfiyyat orqanlarının işində hansı boşluqlar varsa, onları aşkarlayıb, aradan qaldırmaq lazımdır. İkincisi, regional siyasətə ciddi şəkildə yenidən baxılması vacibdir. Bu ikisi qısa müddətdə edilməsə, Türkiyəni daha pis sınaqlar gözləyə bilər. Bəli, Türkiyə güclü dövlətdir, amma ətrafda hamı ilə düşmən olacaq səviyyədə yox.

Vüsal Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti